YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Zamin HACI

“Çanax başa girəndə, bil ki, hamam vaxtıdır”
(Azərbaycan atalar sözü)
 
Hakimiyyətin atadan oğula ötürülməsindən ya azca öncə idi, ya da artıq proses başlamışdı. O zaman “yeni”, “islahatçı komandanın” baş ideoloqlarından olan şən deputat Anar Məmmədxanov yoldaş (son çağlar qeybə çəkilib, danışmır, deyəsən, islahatların istiliyindən ağzı yanıb) Azərbaycan mətbuatının, media müstəvisinin gələcəyini necə görmək istədikləri haqda fikirlər söyləmişdi.


“Qoy ölkədə qəzetlərin manşeti şou-biznes, idman xəbərləri olsun”. Anar əkənin öz arzusuna müəyyən qədər çatdığını söyləyə bilərik. Elektron KİV-lərdə gündəmin baş mövzuları şou və idmandır. Bir-iki redaktor da tutulsun, üç-beş jurnalistin ağzı əzilsin, yəqin qəzetlər də tam bu siyasətə keçər. Nəyə gərək nəqliyyat naziri Ziya Məmmədovun kilometri 22 milyon dollara yol çəkməyini araşdırmaq? Ondansa “Suli Ruhəngizə nə dedi”, “Röyanın maşını neçəyədir”, “Tolik kişidir, ya yox” tipli xəbərlər maraqlıdır. Qoy cəmiyyət il uzunu belə sarsaq mövzuları gəvəzələsin, Məmmədxanovun “islahat komandası” da ölkəni basıb yesin.
Keçəndəfəki köşəmdə cəbhə xəttində adsız yüksəkliklərimizin olmasından yazmışdım. “Niyə onlara ad tapılmır” narahatçılığını qələmə almışdım. İndi səbəbini tapmışam: bir ölkədə alçaqlıqlar ad qazanırsa, adlı alçaqlıqlar gözə girirsə, yüksəkliklər adsız qalmalıdır. Təbii prosesdir.
Heydər Əliyevin hakimiyyəti dönəmində biz bəzi müğənni və aktrisaların deputat qoyulmağına gülərdik. İndi o müğənnilər, manıslar nəinki cəmiyyət üçün qanun qayırır, həmçinin onu həyata da keçirirlər. Qadınlar Röyaya, kişilər, məsələn, Tolikə baxıb “düzlənir”. Müğənnilər televizorda veriliş açır, qonaq müğənni, studiyaya zəng edən müğənni... YAP hər seçkidə camaat üçün çıxış etməyə də ərinir, onun platformasını müğənnilər açıqlayır. Belə rəy var ki, Aygün Kazımovanın “platforması” pis deyil.
Hazırda gündəmi narahat edən nədir? Rəqsanə neçə uşaq doğub və harda doğub?! Qarabağ problemi, korrupsiya, məmurların harınlaması qədər vacib problemdir.
Öncə Rəqsanədən Moskvada əkiz qız doğması xəbəri gəldi. Sonra uşağın atası axtarıldı. Moskvada bir restoran yiyəsi tapdılar, amma adam inkar elədi. Ardıyca Bakının bir doğum evindən tibb bacıları-filan intervü verdi: “Rəqsanə bizdə doğub, özü də bir qız doğub”. Dünən isə jurnalist araşdırması pik nöqtəyə çatıb. Aygün Kazımovanın “Xeyir ola” verilişinə canlı bağlantı ilə qoşulan, adının çəkilməsini istəməyən qadın - ailəlidir, adı bilinsə problem çıxarmış - deyib ki, iyunun 28-də Bakıdakı doğum evində özü oğlan doğub, Rəqsanə isə qız. Qadından sitat: “Rəqsanənin bu həddə çatması dəhşətdir”. Görünür, bu arvadın dəhşət haqda anlayışları yoxdur.
Yəqin tezliklə uşaqlardan (ya uşaqdan) intervü alınması, pampers satanın şok açıqlamaları gələcəkdir.
Məncə, bu işi ATƏT-in faktaraşdırıcı missiyasına tapşırmaq, diplomatik korpusumuzdan yararlanmaq lazımdır. Qoy Polad Bülbüloğlu - Moskvadakı səfir - Rusiya Səhiyyə Nazirliyinə sorğu göndərsin: “Rəqsanə gerçəkdən Moskvada doğubmu? Və neçəsini doğub?”
Bilmirəm Nuşirəvan əkənin Milli Teleradio Şurası hansı cəhənnəmə baxır... Adə, bəyəm vaxtında tədbir görüb Rəqsanənin doğmasını canlı yayımla, “Lider” kanalıyla xalqa nümayiş etdirmək, aşkarlığı təmin etmək olmazdı?! Nə üçün uca millətimizi nigaran qoyursunuz?
Keçən həftə Azərbaycan Dövlət Neft Fondunun xərclər və gəlirləri də doğubdur. Heyif ki, doğulan neçə milyard manatın şahidi yoxdur - canlı bağlantıyla studiyaya zəng edən olmayacaq. Tibb bacıları, doğum evinin baş həkimi də susacaq...
“Xeyir ola” verilişinə zəng edən arvad deyirmiş ki, Rəqsanənin harda və neçə uşaq doğması haqda yalan danışmağı günahdır.
Gördünüzmü, bu ölkədə indi nəyi günah sayırlar?! Təbriklər, yoldaş Məmmədxanov, gözlədiyiniz kol bitib, buyurun...


Açar sözlər:

Yazar: ramindeco | Tarix: İyul 20, 2008 7:40 | Media | Şərhlər(0) | Baxış sayı: 55

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha