Məzuniyyətdən öncəki iş
İlham Əliyev son günlər inkişafdan, iş yerlərinin açılmasından və puldan xeyli danışıb yenidən məzuniyyətə getdi. Özlüyündə normaldır, bütün ölkədə prezidentin tez-tez istirahətə və səfərlərə getməsindən, xizək sürməsindən pıçıltı və maraqla danışsalar da, şəxsən mən burada bir qəbahət görmürəm. Problem bunlarda deyil. Ölkədə bizi qane edən bir idarəçilik olsaydı, xalq Ilham Əliyevin işindən və özünün yaşayışından məmnun qalsaydı, onun xizək sürməsindən ikrahla yox, fəxrlə danışardılar.
Məzuniyyətə getmək lazımdır ki, sonra daha yaxşı işləyəsən. Həm də məzuniyyətə çox yaxşı və məhsuldar işdən sonra yorğunluğu çıxmaq üçün gedirlər. Amma bunlar olmayıb.
Ölkəni didib-dağıdan yırtıcı korrupsiya məzuniyyətə çıxmadan, bir an dayanmadan işləyir. Məhkəmə sistemində dəyişiklik yoxdur, insan haqlarının pozulması halları daha da artır. Ifadə azadlığı təhlükədədir və tamamilə yox çıxa bilər. Görülməli işlər, həll ediləsi problemlər nəinki azalır, əksinə artmaqdadır. Digər tərəfdən, totalitar idarəçilik üçün isə fərqi yoxdur, prezident ölkədədir, ya yox. Yatmayan nəzarət və basqı sistemi maşın kimi işləyir. Ona görə də heç əndişələnməyə dəyməz. Ölkə yenə həmin möhkəm əllərdədir. Buna isə yalnız təəssüf edə bilərik.
Bir də onu düşünün ki, biz özümüz məzuniyyətə gedə bilirikmi? Məzuniyyət dövründə haradasa normal istirahət edə bilərikmi? 20 yaşından işləməyə başlamışam. Bu yaxınlarda 20 il olacaq. Hələ də məzuniyyətə çıxmamışam. Ya məzuniyyət dövrü gəlməmiş iş bağlanıb, ya məni işdən çıxarıblar. Çox hallarda isə məzuniyyətə göndərmək imkanı olmayan qəzetlərdə işləmişəm. Daha çox hallarda isə işsiz olmuşam.
Odur ki, mən istirahət və məzuniyyət haqqında düşünməkdənsə, həmişə iş barədə düşünmüşəm. Harada işləmək olar? (Baxmayaraq ki, ilk olaraq qarşımda bir şərt olur: filan-filan yerlərdə işləmək olmaz.)
İş yerlərinin açılması ilə bağlı təbliğatı aparanlar özləri də bilir ki, bu ölkədə vətəndaş üçün istirahət məsələsi arxa planda dayanır. Iş tapmaq problemi bundan öncə gəlir. Dərd isə təkcə iş tapa bilməməkdə deyil! Bu haqda bir dəfə yazmışam. Işləyənlərin böyük əksəriyyəti o qədər az maaş alır ki, buna işləmək deməyə adamın dili gəlmir.
Avropa Birliyinin Statistika Idarəsi maraqlı bir hesablama aparıb. Ərzaq zənbilinə daxil olan məhsulları almaq üçün hansı ölkədə nə qədər (neçə gün, neçə saat) işləmək lazımdır? Bunun üçün yerli qiymətlər və əhalinin gəlirləri nəzərə alınıb. Bütün Avropa və postsovet məkanında ən pis göstərici Bakı, Tiflis və Kiyevdə müəyyənləşib. Azərbaycanda qiymətlər elə yüksək, maaşlar elə azdır ki, qarnını doyurmaq üçün bizdən kasıb Özbəkistanda olduğundan da, bizdən varlı Rusiyada olduğundan da daha çox işləməlisən. Bu siyahıda Rusiya MBD ölkələri arasında favoritdir, biz isə ən axırdayıq. Amma maraqlıdır, bir moskvalı London sakinindən 5 dəfə çox işləməlidir ki, ac qalmasın.
Ona görə də indiki qiymətlər şəraitində bizdə işləyənlərin böyük əksəriyyəti istismara məruz qalır və ən çətin həyatla üz-üzədir. Yəni işləməyin sadəcə adı var.
Lakin bu, o demək deyil ki, bizdə varlılar yoxdur. İmtiyazlı iş adamlarının və rüşvət şəbəkəsinə bağlı məmurların heç bir problemi yoxdur. Onlar qiymətlərin qalxmasını nəinki hiss etmir, onlar üçün bu daha sərfəlidir. Gəlirləri artır. Onlar üçün məzuniyyət problemi yoxdur. Istənilən yerə, istənilən vaxt uça bilirlər. Onlara elə burada da pis deyil.
Açar sözlər:

cəmiyyətdə kəskin təbəqələşmə getdiyindən, öz maaşı ilə dolanan adamın məzuniyyətə getməsi Aya uçmaq kimi bir şey. Ora yalnız acgöz məmurlarımız uça bilər (Ayda torpaq sahələri satılsa, elə bizim məmurlar alaşaq
)
İyul 20, 2008 6:22Əslində, aldığımız maaş sərf etdiyimiz əməyə acı bir istehza...