"Yeni RUH"un suallarını Aqil XƏLİL cavablandırır
"Azərbaycanda jurnalistika kolxoz bazarıdır"
Vüsal: Aqil Xəlil son olaydan sonra niyə az yazır. Qorxur, yoxsa başqa səbəb var?
- Az yazmağım faktdır ki, müşahidə etmisiniz. Bunu tək siz yox, işdə də mənə söyləyənlər var. Bircə səbəbi var. Yalnız, nədənsə və ya kimdənsə qorxmaq deyil. Qətiyyən belə düşünməyin. Allaha acıq getməsin, heç Allahdan da qorxmuram. Yəni Allahın yanında nə gizli və pis əməlim var ki, ondan qorxam. Allahdan qorxmaq yox, onu sevmək lazımdı. Düzü, başım məhkəmələrə və bu olaylara qarışdığından yazmağa vaxt və bunun fonunda da həvəs olmur. Yeganə səbəb bəlkə də budur. Bu son olay mənim üçün bir həyat sınağı idi ki, onun da nəticəsini gördüm. Kimin kişi olduğunu, kimlərinsə şərəfsizlik ödülünə layiq olduğunu da gördüm. Bu olaydan sonra bəzən elə olur ki, ətrafdakı bütün insanlara nifrət edirəm. Səbəbini heç cürə izah edə bilmirəm. Və bilirəm ki, bu çox anormal haldı...

Günay: Jurnalistika sizin üçün nə deməkdir?
- Jurnalistika mənim üçün nə deməkdir? Sözün düzü bilmirəm necə izah edim. Sadalamağa başlasam... Jurnalistika mənim üçün ləyaqətdir, şərəfdir, əqidədir, məsləkdir... ən önəmlisi isə vicdan peşəsidir. Belə düşünürəm ki, hamı jurnalist ola bilərsə də, hamı normal insan ola bilmədiyi kimi, hamı da normal jurnalist ola bilməz. Azərbaycana gəldikdə, jurnalistika kolxoz bazarıdır. Kim gəldi, bu kolxoz bazarına baş vurur.
Vaqif: Xahiş edirəm ənənəvi sualımdan inciməyin. Yenidən doğulsaydanız, bu peşəni seçərdinizmi. Nəzərə alın ki, yenə də eyni aqibətlə üzləşəcəksiniz...
- Heç nədən incimirəm. Sualdan belə başa düşülür ki, siz jurnalistika fakultəsini bitirməmisiniz. Ya da Zeynal müəllimin tələbəsi olmamısınız. Sualınıza gəlincə tam səmimi deyirəm, bəli, yenə bu peşəni seçərdim. Nəzərə alıram ki, yenə də zeytunluğa reportaj hazırlamağa gedirəm, yenə orada MTN zabitləri Akif Çovdarov və Dağbəyi Allahverdiyev məni vəhşicəsinə döyür. Sonra məni izlətdirib bıçaqlatdırırlar... Bütün baş verən proseslərlə üzləşirəm... Amma bir şeyi etməzdim. İstintaqda mənə nə qədər işgəncə versəydilər də, tanımadığım adamı tanıdığımı deməzdim. Bunu hələ özümə bağışlaya bilmirəm. Bəlkə də başadüşüləndir, nə bilim... Bir özünüz fikirləşin...
Nadir: Nəyə görə, Aqil Xəlil Strekalinin üzünə tüpürmür?
- Kimlərinsə üzünə tüpürmək nəyisə həll etmir. Amma belə başa düşürəm ki, tüpürüləsi o qədər STREKALİNLƏR var ki, bu strekalin onların yanında abırlı-başlı, toya getməli adamdı və mənə elə gəlir ki, mübarizəmlə artıq ONLARIN üzünə tüpürmüşəm. Yoxsa bu qədər şüvən qoparmazdılar.
Gülşən: Siz bu hökumətin hər hansı bir müsbət addım atacağını gözləyirsizmi?
- Məgər bu hökumət var ki, ondan nəsə, gözləyim? Siz dediyiniz anlayışı yalnız anarxiya kimi başa düşürəm. Ona görə də, sual ortaya çıxır. Məgər başıma gətirilən müsibətləri sizin hökumət görmür? Məgər İlham Əliyevə Akif Çovdarovlar və Dağbəyi Allahverdiyevlər o qədər önəmli idilər ki, beynəlxalq aləmdə özünə bu qədər mənfi - yırtıcı imici yaratdı?! Azərbaycanda normal hökumət olsaydı, suallara normal cavab da verərdim.

Gülər: Artıq hamı sizi tanıyır, nə əcəb prezidentliyə namizədliyinizi vermirsiniz?
- Lətifəsi sizdən uzaq, bu sual lap "Lider" TV təlxəklərinin sualına bənzədi. Elə ona görə də bu suala bir balaca ironik cavab vermək istəyirəm. Allah sizə kömək olsun, bu qədər tanınmışlar var. Yəni nə çoxdu adını eləcə namizədlik siyahısında görməkdən ötrü sino gedənlər?
Aydın: Sizin yaradıcılığınızın pik nöqtəsi hansı reportajınızı saymaq olar?
- Çətinlik çəkirəm.
Ramin: Aqil Xəlil üçün pul nə deməkdir (xahiş edirəm pula əl çirki deməyin)?
- Gülməlidir! Pulu özüm üçün əl çirki də saymıram. Çünki pula o qədər ehtiyacım var ki, bilmirəm bunu necə izah edim. Pul var-dövlət, "sədaqətli" dost deməkdi bu gün. Amma bunlar məndən uzaqdır. Yəni pulum da yoxdur, sədaqətli dostum da. Elə başa düşməyin ki, ağlayıram. Ən azından "Azadlıq"da azad işləməyimi nəzərə alıb və mənə verilən çirkli pul təkliflərini rədd etməyimdən nəsə başa düşə bilərsiz. Tam açıqlamağa da ehtiyac yoxdur.
Kənan: İdeal saydığınız jurnalist kimdir?
- Ümumiyyətlə bu həyatda ideal heç nə olmadığı üçün ideal saydığım jurnalist də yoxdur. Amma məni jurnalist edən, bəli, jurnalist edən Pərviz Cəbrayıl olub. Jurnalistikada mənə bəlkə də yeganə düzgün yol göstərən o insan olub ki, heç vaxt da onun zəhmətini yerə vurmaram. Kim necə başa düşürsə, düşsün, tam səmimi sözümdür, bu belədir.
Vüsal: Aqil bəy, zəhmət olmasa, bir reportyor, jurnalistika fakültəsinin məzunu kimi xəbərə tərif verin?
- Xəbər bağlarından reportaj hazırlamamışam, onunçün də sənin sualını dəqiq cavablandırammayacam.
Babək: Niyə "Azadlıq" qəzetində sizin projeləriniz yoxdur?
-"Azadlıq" qəzetində işləmək özü bir azadlıq projesidir. Bunun cövhərində isə hardasa bir məsuliyətsizlik də gizlənir. Ola bilsin ki, bu layihələri həyata keçirməmək bu azadlıqdan - məsuliyyətsizlik payından irəli gəlir.
Bayram: "Azadlıq" qəzetini sizin üçün bir məktəb saymaq olar?
- Əlbəttə. "Azadlıq" qəzeti elə bir məktəbdir ki, fikirimcə, o məktəbi heç kəs bitirə bilmir. Yəni məzunsuz bir məktəbdir. Həcəf Həcəfov kimi direktoru olmuş bir məktəbin hələ məzunu yoxdur. Sadəcə yuxarı və aşağı sinif şagirdləri var. Bu məktəbdən sinifdə qalan var, bitirən yoxdur. Mən isə hələ lap aşağı sinif şagirdiyəm. Azadlıq isə bir ömürlə bitiriləsi məktəb deyil...
Açar sözlər:
Şərhlər
Aqil Xelil! sen bizim fexrimizsen! Butun diya seni desdekleyir... Vaxt gelecek haqq edalet oz yerini tapacaq...
İyul 14, 2008 21:09
Aqil, bacar Parisde qal... Hec buralara baxma...
Baxdiqca adam iyrenir bu murdarlarin sifetinden... Mohkem ol... Unutma ki, xalq seni sevir...


Aqil Xəlil, sanki şagird kimi Yeni RUHa imtahan verir. Çox sağol ki, bu həyat və Yeni RUHlu imtahandan üz ağa çıxa bildin...
İyul 14, 2008 0:20