"Yeni RUH"lu insanlarını suallarını AXCP GT-nin sədri Seymur Həziyev cavablandırır
"Mənim üçün jurnalistika Elmarı qəhrəman, Əflatun Amaşovu məmur edən peşədir"
Vüsal: Seymur bəy, indiyi kimi AXCP-də qalmağınızı nə ilə əsaslandırardınız?
-Məncə, bu sualın əksini də vermək olardı- “Siz gənclərin AXCP-yə kütləvi qoşulmamasını nə ilə əsaslandırırsınız?” kimi. Mənim AXCP-də olmamağım üçün heç bir səbəb yoxdur. Olmağım üçünsə xeyli səbəblər var. Əvvəla, mən siyasətə marağımın ilk dövrlərindən bu təşkilatda olmuşam. Qeyri rəsmi olsa da. Yeniyetməlik yaşlarımdan indi xarabalığa çevrilmiş “Azadlıq qalası” adlanan Xəqani-33 də böyümüşəm. Cəbhədə mənə hər kəs ailə üzvü kimi doğmadır. Cəbhədən bir satqın çıxanda mən onu ilk növbədə siyasi itki kimi qiymətləndirmirəm. Bu başlıca olaraq ailə itkisi olur, mənim üçün. Üstəlik, İlham Əliyevin ümumilikdə Əliyevlərin Azərbaycanda yeritdikləri siyasət hər bir vicdanlı və cəsarətli gənci ən prinsipial cəbhəyə keçməyə vadar edir. Dünən də bu cəbhə Xalq Cəbhəsi olub, bu gün də bu reallıq dəyişməyib. Başqa tərəfdən AXCP bir starteji proqramı olan təşkilat kimi də mənim düşüncələrimi ifadə edir. Bu dindən vicdanı, millətçilikdən qüruru, bəşəriyyətdən demokratiyanı əxz edən bir məramdır. Siz Azərbaycan xalqı üçün daha yaxşısını təqdim edin müzakirə edək. Bu gün AXCP-nin daha prinsipial mövqeyi bəziləri tərəfindən maksimalist aqressivlik kimi şərh olunur. Mən sadəcə, onu deyirəm ki, bu günün siyasi reallığı prinsipallıq nümaiş etdirib, bu hakimiyyətin bütün oyunlarını pozmağı tələb edir. Əmin olun ki, daha liberal cəmiyyət quruculuğu üçün və bundan sonrakı inkişaf mərhələləri üçün AXCP-nin daima yenilənən konsepsiyası var.
Babək: Siz deyirsiniz ki, seçkiyə getmək lazım deyil. Fikrinizi tam əsaslandıra bilərsinizmi?
-Mən ixtisasca sosial fəlsəfə mütəxəssisiyəm. Cəmiyyətin nə düşündüyü və hansı problemin həllində hansı imkana malik olduğunu bilmək ilk növbədə mənim akademik borcumdu. İkincisi də mən siyasi partiyalardan birində mühüm post tuturam və bu kanal vasitəsi ilə də bizim araşdırmalarımız olur. Aydındır ki, xalq indiki şəraitdə dəyişikliyə ümid etmir. Ümid etmirsə deməli cəhd də etməyəcək. Biz iki ixtiyari Azərbaycanlını götürək. Onlardan biri kəndlidir. Bu adam məhsuldarlığına şübhə etdiyi əraziyə toxum səpməz. Şəhərli vətəndaşın başını kəs, inanmadığı biznesə baş vurmaz. Yəni bizim vətəndaş kifayət qədər anlayır nə baş verdiyini. Sadəcə özünü bu proseslərdən kənarda düşünür. Bu kütlə üçündür. Bizim konkret partiya mənsublarımız isə bilgin ayıq və fədakar adamlardır. Onlar da bilirlər ki, hakimiyyət artıq seçkini saxtalaşdırmır, saxtakarlığı qanuna salır. Seçki məcəlləsi vətəndaşı məcbur edir ki, bülletenə ünvanını yazsın. Bu konstitusiyada seçkinin gizliliyi barədə olan müddəanı pozmurmu? İqtidar nümayəndələri hakimiyyətin ömrünü uzatmaq üçün hər şeyə əl atırlar, bu o deməkdir ki, ya adamlar şantaj yolu ilə hakimiyyətə səs verəcəklər ki, repressiya olunmasınlar, ya da repressiya riski altında səs verəcəklər. Bu da konstitusiyada səsvermənin sərbəstliyi barədə olan müddəanı pozur. Mənim düşüncəmə görə konstitusiyanın tələbləri təmin olunmadan seçkiyə getmək bütün bu saxtakarlığa imza atmaq deməkdir. Yəni hamı bu seçkidə bütün hallarda İlham Əliyevin təyin olunacağını bilə-bilə alternativlik edib seçki oyunu düzəltməyin əleyhinəyəm.
Xalid: Bir müddət əvvəl yazılarınızda “hörmətli” kəlməsini işlədənləri tənqid atəşinə tutmuşdunuz. Bu qədər aqressiya haradan qaynaqlanır?
-Hörmətli Xalid bəy, sizi inandırım ki, mən daima siyasətdə qarşılıqlı etik normaların təmin olunmasının tərəfdarı olmuşam. Bu mövqeyim indi də dəyişməyib. Mən sadəcə, sözün qarşılıqlı gücünə ianıram. Mən heç də müxalifətin iqtidara hörmət etməməsinin tərəfdarı deyiləm. Nə də mənim bu hakimiyyətə münasibətim hakimiyyətin mənə şəxsən münasibəytinə əsaslanmır. Mənim iqtidarda heç bir düşmənim yoxdur. Bu hakimiyyətin Qarabağa, Azərbaycan xalqına münasibətinə adekvat da mənim onlara münasibətim formalaşıb. Sizcə, bu siyasətin qarşısında bu hakimiyyətə hörmət eləməyə dəyərmi? Qarabağ əlilinin protezini çıxarıb yarasına döydürən məmura, prezidentə mən necə “hörmətli” deyim? Desəm, mən özümə və bu mübarizəyə çağırdığım adamlara hörmətsizlik etmərəmmi?
Ayka: Bildiyimiz kimi siz təkcə AXCP Gənclər Təşkilatının rəhbəri deyilsiniz, həm də Azadlıq”ın şərhçisisiniz. Bu iki iş sizi ümumi iş prinsipinizə mane olmur ki?
-Mən yazılarımı daha çox “Azadlıq” qəzetinin şərhçisi kimi yazmağa çalışıram. Buna nə qədər nail oluram başqa məsələdi. Amma heç vaxt çalışmıram ki, şərhi əvvəlcədən məlum olan nəticəyə uyğunlaşdırım, çalışıram ki, nəticələr təhlildən doğsun. Cəbhəçi kimi mövqe bildirəndə mütləq yazıda bunu yazıram ki, bu mənim partiya mövqeyimdi. O ki qaldı texniki cəhətdən bu işlərin bir birinə mane olmağına xeyir. Məncə, hər bir siyasətçi fikirlərini ardıcıl sistemli yazmağı bacarmalıdır. Bu insanın inkişafı üçün mühüm faktordur.
Vüsalə: Jurnalistika da ideal saydığınız yazar kimdir?
-Mən yazılara xüsusi qiymət verirəm, nəinki müəlliflərə. İdeal adamlar olmur. İdeal əsrlər ola bilər. Jurnalistika mənim üçün yalnız publisistika janrında çəkicidir. Daha doğrusu deyirlər bu sahədə müəyyən cəhdlərim olub.
Natiq Cavadlı: Seymur bəy, Əliyevçi gəncləri görəndə onların simasında hansı hissləri sezirsən və özün o hissləri keçirirsən? Sarsılmırsan ki, Azərbaycan gəncliyinin durumundan?
- Mən Əliyevçi gənc tanımıram. Bu adla tanınan və təqdim olunan adamların hamısı pulun və mahiyyəti pula bağlı olan perspektivin ucbatından bu dona girirlər. Bu isə daha sarsıdıcıdır. Bu tip cəmiyyətlərdə yeganə ümid gəncliyin idealist olmasınadır. Bu isə o deməkdir ki, bizim gənclik o qədər də ümidverici deyil. Amma ayrı ayrı elə gənclər də var ki, onları qiymətləndirərkən kütləvi ikiüzlülük və merkantilizm bir qədər yaddan çıxır. Mən bir dəfə mötəbər bir məclisdə onların öz tribunasından dedim ki, siz alver edirsiz və düz edirsiz, üzlərindəki razılıqla dillərindəki narazılıq onları çox pis göstərdi. Mən çox sarsıldım və peşman oldum.
Fərid: İsa Qəmbər deyir ki, seçkiyə getmək üçün 101, boykot üçün 99 səbəb var. AXCP sözçüsü kimi sizin seçkiyə getmək və seçkini boykot etmək üçün neçə səbəbiniz var?
- Mən publisist kimi mövqeyimi bildirmişəm. Və qeyd etmişəm ki, say bu məsələdə bədii əhəmiyyətlidir nəinki siyasi. Amma siyasətçi kimi mən İsa Qəmbərlə polemikanı özüm üçün uyğun saymıram. İsa bəyin bu sözünə onun ranqında olan cəbhə funksionerləri cavab veriblər.
Sulduz: Ramiz Mehdiyevin məqalələri haqda nə deyə bilərsiniz? Ümumiyyətlə PA rəhbərinin belə yazılar yazması nə dərəcədə realdır?
-Mən Ramiz Mehdiyevin elmi yaradıcılığına sözün tam mənası ilə şübhə edirəm. Xüsusilə onun mühüm dövlət postunda işlədiyi müddətdə adından yayımlanan əsərləri nəzərdə tuturam. Ramiz Mehdiyev haqqında bəzən elə mifik fantastik danışırlar ki, mən bəzən məşğul olduğum fəlsəfə elminin çox sadə bir elm olduğunu düşünürəm. Amma son yazılarının birində Fuluyamadan sitat gətirib, Cənub-Şərqi Asiya ölkələri modelini dəstəkləməsi onu göstərdi ki, bu situasiyada fəlsəfə və sosialogiyadan, ümumiyyətlə isə elmi yaradıcılıqdan danışmağa dəyməz.
Xanım: Biz gənclərə sözünüz?
-Özünüzü, yəni özümüzü hər an dəyişdirməli və bütün müsbət dəyişikliklərə açıq olmalıyıq. Azərbaycanın yalnız inkişaf mənasında dəyişikliyə adaptasiya olmaq gücündə olan gənclərə ehtiyacı var. Əgər bir gün keçmişə baxıb peşman olmaq istəmiriksə dünyada baş verən hadisələrə nəinki indiki körpələr, hətta doğulmamış nəsillərin mənafeyinə görə müdaxilə etməliyik.
Sahib: Əgər prezident olsanız ilk fərmanınız nədən ibarət olacaq?
-Qeyd edim ki, sizin sualınıza nəzəri cəhətdən cavab verdiyimi nəzərə almağınız vacibdir. Bu asılıdır məndən əvvəlki prezidentin hansı işləri görməsindən. O mənə hansı problemi saxlasa mən də o problemin həlli istiqamətində fərman verərəm. Amma ilk növbədə xalqı prezident seçməyə hazırlamaq lazımdır.
Natiq: Siz Elçibəyi ideoloq sayırsınızmı?
-Mən Əbülfəz Elçibəyi ideloq saysam da, saymasam da o ideoloqdur.
Turxan: Seymur Həziyev niyə özündən razıdır? Buna səbəb nədir?- Mənim nə ciddi maliyyəm, nə də fəal xalqım var. İlham Əliyevlə mübarizədə yegənə varidatım başımı dik tutmağıma səbəbiyyət verən əqidəmdir. Mən dostlarıma və millətə hər cür xidmət göstərməyə hazıram. Məncə, bunu 2006-cı ilin yanvarındakı kütləvi aclıq zamanı Turxan da görüb. Amma bu hakimiyyətə qarşı ritorikamda, xitabımda mən özümdən razıyam, bunu da əqidəmin gərəyi sayıram. Mən fotoqraf Elxanın qarşısına qaçıb onunla salamlaşmağa, əhvalını soruşmağa necə hazıramsa, harınlamış bir məmuru adam yerinə qoymamağa da eləcə hazıram.
Natiq Cavadlı: AXCP GT-nin sənə qədər çoxlu sədrləri olub, indi onlar orta yaşa çatıblar və siyasət onları da məhv edib. Sən növbədə deyilsən ki?
-Mən razıyam ki, siyasət xeyli gənclərin saçını ağartdı. Bu bir tərəfdən də məcazi ifadədir. Fermerin də, ticarətçinin də saçı ağarır. Əsas odur ki, nə qədər ki, bu mübarizə nəticə vermir, keçən günlər vaxt itkisi sayılır. Siz inanın ki, mən özümdən əvvəlki GT sədrlərinin taleyini yaşamayacam. Bunub əsaslandıran isə mənim öz taleyimin olmasıdır.
Leyla: Sizin “Yeni RUH“da çap olunan “Zibil müharibəsi“ni Ana müxalifətin müharibəsi saymaq olarmı?
- Amma bu məsəldə bir qədər dar yanaşmısız. Ana Müxalifətin də müharibəsi daxil olmaqla bu savaş cəmiyyətin optimum axtarışı yolundakı savaşıdır. İcazəli xoşbəxtlik olmur.
Turxan: Seymur Həziyev üçün jurnalistika nədir?
-Mənim üçün Jurnalistika Elmarı qəhrəman, Əflatun Amaşovu məmur edən peşədir. Yəni əsas peşənin nə olması deyil, bu peşəni kimlərin necə qavraması, onu necə tanıtmasıdır.
Adaş: Azərbaycan gəncliyini hansı əsər qəhrəmanına bənzədərdiniz? Yoxsa elə bir əsər yazılmayıb Azərbaycan gəncinin ümumi obrazını özündə ehtiva etsin?
- Mən bu yaxınlarda „ Qanlı boğaz“ adlı bir filmə baxdım. Filmin qəhrəmanları Kommunist Çinindən xilas olmaq istəyən bir kəndin əhalisidir. Onlar qəbul etmədikləri rejimdən qurtarmaq üçün bir bərə ilə təhlükəli dəniz yoluyla Honkonqa qaçırlar. Yolda savaşırlar, ölənləri də olur, amma istəklərinə çatırlar. Çox təəssüf ki, Azərbaycan gəncliyi indiki durumda qəhramanlarla müqayisə olunmağa layiq deyil. Sabah üçün isə mütləq çalışmaq lazımdır. Bir qədər populist alına bilər, amma biz ölməyə hazır olmadıqca hər gün öləcəyik, və heç vaxt yaşamaq haqqımız özümüzdə olamayacaq. Biz ölümümüzü seçə bilmiriksə deməli həyatımızda əlimizdə deyil. Şərəflə yaşamadan şərəflə ölmək mümkün deyil. Azərbaycanda bu gün, demokratiya-bu xalqın özünə sayğısı deməkdir, Qarabağ- bu özünə sayğısı olan bir millətin şərəfi deməkdir, kimi problemlər olduğu halda mən hansı qəhrəmanı özümüzlə müqayisə edib təhqir edim?
-Pərviz Paşa: Deyilənlərə görə Ruslan Bəşirli olayından sonar siz içkiyə son veribsiz, bu doğrudur?
Mən bir müddət sipirli içkilərin ən sərtinə ara vermişdim. Yəni arağa. Bu 2005-ci ilin seçkiləri ərəfəsində olub, amma Ruslan Bəşirli olayları ilə bir əlaqəsi olmayıb. Ümumilikdə gözləmədiyim vaxtlarda rəhbərlikdən ezamiyyət və digər tapşırıqlar aldığım üçün sipirtli içkiyə ara verdim. Amma indi bir türkə yaraşan şəkildə, təbii ki, öküz buynuzunda və tuluqda yox, içirəm.
Natiq Güləhmədoğlu: Fazil Qəzənfəroğlunu, Qüdrət Həsənquliyevi, Musa Quliyevi, Sabir Rüstəmxanlını bir cümlə xarakterizə edin
- Nə yaxşı ki, onlar var yoxsa, həqiqi mübarizləri necə qiymətləndirmək olardı?
Pərviz Cəbrayıl: Bir siyasətçi olaraq, bu boyda eridusiya, ədəbi duyum və zövq, Yunis Oğuza aidiyyatı olmayan Ədəbiyyata dərindən bələdlik, polad kimi bədənin içində incə ürək, kövrək hisslər səndə hardandı - yəni sən Azərbaycanlı deyilsən, ya Azərbaycan siyasət dünyasında inqilab baş verib də, xəbərimiz olmayıb?
- Mən bu sualda Yunis Oğuzun adının hallanmasını gözləmirdim. Amma onu deyə bilərəm ki, bütün bu saydıqlarınızdan xəbərim yoxdu. Yəni polad vücud, incə ürək haradan qaynaqlanır? Sadəcə, onu deyə bilərəm ki, bu millətin siyasi şüurundan öncə ədəbi zövqü inkişaf etməlidir. Burada kəşf də yoxdur. Sadəcə ədəbiyyatı anlamayan bir elita siyasətdə heç nə edə bilməz. İncə ürək omasa insan bütün böyük vicdansızlıqlara baş əyər. Qəribə də olsa cəsarətli və dönməz siyasət üçün polad vücuddan daha lazımlı olan şey incə ürəkdir. Zövqə gəlincə, biz bunu oxuduğumuz müəlliflərə borcluyuq. Yəni zövqün bu yolla formalaşdığına inanıram.Açar sözlər:
Şərhlər
Hörmətli Pərviz bəy sadəcə bəzi texniki qüsurlar üzündən sizin sualınızı Seymura gec ünvanladıq. İştə sualınız və ona cavab bloqdadır. Buyurun baxın
İyul 14, 2008 0:18

Mən Səninlə fəxr edirəm, Seymur bəy!
İyul 12, 2008 8:04Sağ əlin bütün siyasətçilərin başına.
Bəs mənim sualıma cavab harda qaldı?
Yəqin özümə deyəcəksən.
Səni bağrıma basıram.