Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!
Demokratiyaya müqavimət üslubu
“Turan” informasiya agentliyi Ilham Əliyevin səfirlər müşavirəsindəki çıxışını yayıb və bunu Uqo Çavesin üslubuna bənzədib. Uqo Çavesin ideologiyası var, Ilham Əliyev isə yalnız pula söykənərək danışıb. Onun çıxışını diqqətlə oxuyun, burada heç bir siyasi və ideoloji dayanıq yoxdur, hər fikrin sonunda deyilir ki, bizim pulumuz var.
Yox, bu, Uqo Çavesin üslubundan çox Putinin üslubuna bənzəyir. Fikir verin: “Biz özümüz bilirik necə yaşamalıyıq, özümüz bilirik özümüzü necə idarə etməliyik.”
Bunlar Putinin “müstəqil, suveren demokratiya” xəttindən gəlir. Daha bir cümləyə fikir verin: “Heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanın daxili işinə qarışsın, bizə məsləhət versin, bizə mühazirə oxusun. Biz bu haqqı heç kimə verməmişik və heç bir ölkənin qarşısında öhdəlik götürməmişik.”
Bu, Putinin üslubudur. O Putinin ki, özünü Rusiyanın ümummilli lideri elan etməklə kifayətlənmir və indi bütün MDB-nin ağsaqqalı olmaq istəyir. Ölkəsində demokratiyanın bütün cücərtilərini kəsib və demokratiyaya açıq müqavimət göstərmək üçün xüsusi üslub yaradıb.
Məsələnin başqa bir tərəfi var. Gerçəkdə Ilham Əliyev hər kəsə meydan oxuyan sözlərinə uyğun gələn bir siyasət yeridə bilməz. Bunu ağlınıza belə gətirməyin, Ilham Əliyevə mövcud təntənəni yaşadan səbəb Azərbaycanın hələ də Qərblə Rusiyanın ortaq bir layihəsində yer almasıdır. Sözdə ona-buna meydan oxumaq olar, amma əməldə bizim hakimiyyət hər iki tərəfin sıxışdırdığı çərçivələrdə hərəkət edir və mövcudluğunu saxlayır. Bu rəzil layihə dəyişən kimi indiki təntənədən əsər-əlamət qalmayacaq. Həm də bunlar yalnız Azərbaycan xalqına meydan oxumağı bacarırlar. Qalanı sadəcə sözlərdir. Gerçəkdə Azərbaycan özü dünya güclərinin əlində girinc qalıb, öz gələcəyini itirir. Azərbaycanın əlindən hər şeyi alıb ona ərkəsöyünlük verirlər.
Bəlkə yalandır? Hərə bizim üstümüzdə bir layihə qurur, Azərbaycan isə bunların heç birinə “yox” deyə bilmir. Hamıya “bəli” deyirik.
Ilham Əliyevin demək istədiyi budur ki, biz hər şeyi həll edirik, hər kəsi razı salırıq, bəs niyə bizdən demokratiya tələb edirsiniz? Həm də bu sözləri mənasız, nüfuzunu itirmiş, doğrudan da ikiüzlü Avropa Şurasına deməyə nə var, o da ABŞ Konqresi deyil ki?! Səməd Seyidov AŞ-dakı deputatların çoxunu ələ alıb. Başqa bir tərəfdən, üslub Uqo Çavesin, yaxud Putinin üslubuna bənzəyə bilər, əslində isə Ilham Əliyev Azərbaycan diplomatlarını demokratiya tələblərinə qarşı müqavimətə səsləyib, başqa bir şey yoxdur. Çünki qurumlar ələ alınsa da, neft-qaz maraqları diplomatiyada önə çıxsa da, demokratiya tələbləri tamamilə arxa plana keçmir və keçməyəcək.
Bu tələblərin ən xırdasını yerinə yetirmək isə hakimiyyət üçün böyük təhlükəyə çevrilir. Çünki xalqın narazılığı böyükdür. Çünki bütün Avropada bu qədər talan edilən bir ölkə yoxdur. Heç MDB-də də korrupsiyanın bu qədər böyük tikələr udduğu ölkə yoxdur.
Üstəlik, geosiyasi dəngələrin hər an dəyişəcəyi mümkündür - mürəkkəb dövrdür. Bu da çıxışları gərginləşdirir. Qarşıda prezident seçkilərinin necə qiymətləndirilməsi var. Çünki Azərbaycan heç vaxt bu qədər məhdud imkanlar və şərait daxilində keçirilən seçki yaşamayıb.
Ilham Əliyev bu qəzəbli çıxışları ilə sadəcə demokratiya tələblərini susdurmaq istəyir. O, Avropaya qarşı deyil, Qərbin əleyhinə deyil. Hər cür əməkdaşlığa, hər cür layihəyə hazırdır və indiyəcən də belə olub. Yalnız demokratiya tələbləri olmasın! Onun üslubunun kökündə dayanan budur. Onun narazılığı bunadır.
Lakin heç kim və heç bir üslub demokratiya ruzigarına axıracan müqavimət göstərə bilməz. Demokratiya bir gün bizim ölkəyə də gələcək, həm də
Tanrının əmri kimi gələcək.
Açar sözlər:
