Yeyib - içən oğlan, yaman olmaz
Dərdlərdən, qəlblərdən, gözlərdən uzaq məkan - CİMİ
“Burada toy yeddi gün - yeddi gecə olur, lap nağıllardakı kimi...”
Düzü, Bayram Kürdəxanlını o qədər də ciddi adam saymamışam. Və bu qafiyəni - meyxananı söz yığını sayırdım. Amma Qubanın Cimi kədində olduğum üçcə gün, mənim bu qafiyəyə olan məfi münasibətim alt - üst olundu. Qubaya səfərimiz elə də özəl məqsəd daşımırdı.
Sadəcə universiteti bitirib hərbiyə hazırlaşdığımız bir ərəfədə "istirahət etmək pis olmazdı" deyib yollanmışdıq Cimiyə - dostlarımızdan birinin evinə - Vüsalgilin ocağına. Yol boyu bir - birini əvəzləyən əsrarəngiz mənzərələr, dağlar, dərələr, meşələr adamın ruhuna oxşayırdı. Bakıdan Qubaya olan iki saatlıq yol, sürücünün qeyri - peşəkarlığı, yolların bərbad olması üzündən yolumuzu iki saat yubatdı, yəni Qubanın mərkəzinə nə az, nə də çox, düz 4 saata çatdıq.
“Kef elə...”
Vüsalgilin ocağına - Cimi kəndinə getmək üçün Qubanın mərkəzində yerləşən bazardan Uaza minmək lazımdır. Bizdə elə elədik. Çünki dağlı - meşəli kəndə ancaq Uaz gedə bilərdi. 5 - 10 manatlıq necə deyərlər, azuqə alandan sonra yola düşməli oluruq. Uzunluğu bəlkə də heç metrə yarım olmayan Uaza birdən - birə 10 nəfər sığışır, daha doğrusu sıxışdırılır. Sürücü Kamil dayı deyir ki, mərkəzdən Cimi kədinə saat yarımlıq yoldur. Amma biz bu yolu da vaxtında qət edə bilmədik. Bizimlə bir maşında əyləşən kəndin bələdiyyə sədri (hər kəs ona "Bələdiyyə” deyərək müraciət edir, amma əsl adı - Qabil Məmmədovdur - R.D.) hər addımbaşı öz qonaqpərvərliyini göstərmək üçün "bəlkə burada saxlayıb bir əlli vuraq" deyərək, hamımızın zəhləsini tökmüşdü. Bələdiyyə öz arzusuna çatmışdı. Təsəvvür edin, saat yarımlıq yolda o üç dəfə"vurur". "Təngəaltıda" isə işin lap zibilini çıxarır. Düz bir saat yeyib - içəndən, necə deyərlər, onun nazıyla oynayıb qurtarandan sonra yenidən yola düzəlirik. Bu dəfə "padpolnı kayfda" idi. Onu tanıyanlar deyir ki, "Bələdiyyə ilə yola çıxmaq düzgün deyil. Səhər, günorta, axşam - harda gəldi, oturub vurur. Sanki məşhur qafiyə bələdiyyə sədrinə ithaf olunub...
Ümidvarıq ki, içməkdən başı ayılmayan bələdiyyə sədri, imkan tapan kimi kəndinə (sözün hər iki mənasında), öz kəndlilərinə tərəf boylanacaq, onların problemlərini həll etməyə çalışacaq.
Gözəl qoxu, gözəl ünsiyyət
Saat 7-də çatırıq kəndə. Hər tərəfdən dağlarla əhatə olunan Cimi kəndi adamı başqa bir dünyaya aparır. Gözümüzə inanmırıq. Bakının hisli - paslı küçələrindən sıyrışıb Cimiyə getmək bizə "əzab" verirdi. Evin sahibləri - Vüsalın atası, anası, qardaşı bizimlə elə mehribancasına görüşdülər ki, sanki biz bu evin əlli illik qonağıymışıq. Çox nadir hallarda belə ünsiyyət görən - mən və dayı oğlu Ramil bir neçə dəqiqə yerimizdə donub qalmışdıq. Nəhayət özümüzə gələ bilirik. Bizim üçün ayrılan xüsusi otağa daxil oluruq. Vüsalgilin ocağı tamam başqa bir aləm idi. Evin qoxusu bizi necə məsti - xumar edibsə bu yazını qələmə alanda belə burnumdan çəkilmirdi (Belə getsə qoxu burnumun ucundan hələ çox qalacaq). Bir neçə dəqiqədən sonra başımıza Vüsalın dostlarından üçü, dördü yığışır. Saysız - hesabsız dağlardan birinin ətəyinə çəkilmək qərarına gəlirik. Dostlar deyir ki, bu kəndin adamları yeyib içənlərdir: "Mümkün deyil ki, bu kəndə qonaq gəlsin, amma bizimlə rumka - rumkaya vurmasın. Biz heç kəsi məcbur eləmirik. Sadəcə insanları buranın təmiz havası meyləndirir içkiyə.”
Düz sözümdü, onların dediyində həqiqət vardı. Cimi də olasan və içməyəsən. CİMİ və İÇMƏMƏK sözləri bir - birinə yad ifadələrdir. Ancaq bu o demək deyil ki, buranın insanları arağa qurşanıb, alkaşdılar. Xeyr, sadəcə olaraq şəhər mühiti bu insanlara yaddır. Təmiz hava, sadə qəlbi təmiz, gülərüz insanların yığınağı olan bu kəndə ancaq bir şey ayaq basa bilib, o da ARAQdır. Sanki "mənim heç bir problemim yoxdur" ifadələri cimililərin sifət cizgisinə hörülüb.
“Çalış özüvə dost qazan...”
İkinci gün bizim üçün daha da əlamətdar olur. Belə ki, Cimi də özümüzə xeyli dost qazanırıq. Malik, Sabit, Oqtay, Vüsal, Cəsarət adlarını yadıma sala bilmədiyim, neçə - neçə dostlar. Vüsalın qardaşı Samir deyir ki, var – dövlət boş şeydir. İnsana həyatda yaxşılıq, gördüyü iş qalacaq: “Çalış ki, həyatda ömrü boyu pislik eləməyəsən. Bura qonaq gələn heç bircə nəfər də deyə bilməz ki, bu kəndin hansısa bir adamında pislik görüb. Belə şey mümkün deyil. Çünki mənim qonağım həm də bu kəndin qonağıdır.” Sonra Samir əlavə edir, “ən varlı adam odur ki, onun hər kənddə evi olsun. Yəni hər kənddə ən azından bir dostun olsun, çünki dost ev deməkdir. Əgər dostun varsa demək onun evi sənin evindir.”
Səhv düşəndə yerimiz
O biri kəndlər kimi Cimililərin də problemi var. Problem qazın olmamasındadır. Cimililər bütün qışı meşələrdən odun gətirməklə keçirir. Soruşanda ki, bələdiyyə sizə bir söz demir, hamısı bir ağızdan deyir ki, “Bələdiyyənin ayıq vaxtı olur ki, bizim nə işlə məşğul olduğumuzla maraqlansın.” Həqiqətən də belə idi. Cimi də olduğumuz müddət ərzində nə bələdiyyə sədrini, nə də bələdiyyə üzvlərindən bir kimsəni gördük. “Bura Cimi Bələdiyyəsidir” üstündə yekə hərflərlə yazılmış qapı bağlıdır. Kənd əhli deyir ki, bu qapı ilin bütün günləri bağlı olur. Ancaq yoxlamadan – yoxlamaya bir neçə saatlıq açılır. Sonradan onu da öyrəndik ki, bələdiyyə sədri günlərini Qubanın mərkəzi bazarında keçirir. Bu yerdə şair Qabilin “Səhv düşəndə yerimiz” şeirini necə yada salmayasan?..
Qıfıllı kitabxana
Vüsalgilin evi lap mərkəzdə yerləşir. Oradan kəndin istənilən nöqtəsinə getmək daha rahatdır. Heç bir problem yaranmadığında kəndin kitabxanasına gedirik. Məlum olur ki, buranın qapıları ilin bütün fəsli bağlı olur. Ancaq kitabxan rəhbərliyinə haqq qazandırmaq olar. Çünki oxucu olmadığından kitabxananın açıq olması heç bir məntiqə sığmır. Dostlar deyir ki, kitabxanalardan ancaq müəllimlər istifadə edir. Kənddə kitaba maraq yoxdur. Təsadüfü deyil ki, Ciminin sonuncu ali təhsillisi bizim dostumuz Vüsaldır ki, o da bu il universiteti bitirdi. Demək, son dörd ildə (ən azından) bu kəndən yalnız universitetə ancaq Vüsal daxil olub. Belə baxanda Cimililəri qınamğa haqqımız yoxdur. İş olmadığından əhali maldarlıqla məşğul olur. Və onların dörd oxuyub təhsil almasını Cimililərin dili ilə desək heç bir mənası yoxdur.
Yaşı bilinməyən kənd
Bayaqdan Cimi deyirik, amma kəndin adının niyə belə olduğunu soruşmuruq. Vüsal deyir ki, Cimi sözü “Cümə məscidi” sözündən əmələ gəlib: “Kəndin “Cümə məscidi”nə Cümə deyiblər. Sonradan Cümə sözü Cimi sözü ilə əvəzlənib.”Cimililərin sözlərinə görə kəndin qədim tarixi var: “Dəfələrlə bura arxeloqlar, araşdırmaçılar gəlsə də kəndin tarixini müəyyənləşdirə bilməyiblər. Hər dəfə tapılan qədim əşya alimlərin fikirlərini alt - üst edib. Sonucda kəndin dəqiq tarixini öyrənə bilməyiblər.”
Nə yaxşı ki...
Bizim üç günümüz Cimidə yeyib - içməklə keçir. Buranın hər günü bir tarixdir. Dostlarımızdan biri deyir. Sonra onu da əlavə edirlər ki, siz bura toy olan vaxt gəlsəniz yaxşıdır. Lap nağıllardakı kimi Cimi də toy yeddi gün, yeddi gecə olur...
Onlardan ayrılıb Uaza minərkən sürücüdən xahiş edirik ki, bələdiyyə sədri bizimlə olmasın. Yoxsa bu dəfə də yolu 4 saata qət edəcəyik. Kamil dayı “baş üstə” deyib “xammer”ini xodlayır.Beləcə Cimidən və cimililərdən ayrılırıq. Ancaq məni bir şey düşündürür. Nəyə görə bu cür əsrarəngiz təbiəti olan kəndə hansısa məmur ayaq basmayıb, buranı öz oylağına, istirahət mərkəzinə çevirməyib?Nə yaxşı ki, ölkədə yaşanan tikinti bumu Cimidən uzaqdır, nə yaxşı ki, Cimiyə gedən yollar xarabalıqdır oranı təmizləmirlər.Bəlkə də cimililər məhz buna görə hökumətə MİNNƏTDAR olmalıdır ki, ora məmurları “buraxmır”. Axı Ciminin aurası pozular, Cimililərin sifət cizgisinə xələl gələ bilər.
Qoy belə qalsın, CİMİ...
Bakı - Quba - Cimi - Bakı
Açar sözlər:
Şərhlər
Heddinden artiq emosiyayala yazilib
İyul 6, 2008 3:28Neden bele iensen ay oqlan?
Avqust 8, 2008 5:08

Deko əla yazmısan sənə yaradıcılıq uğurları arzulayıram
İyul 5, 2008 22:49Beləcə qal
Amma çox içmə!!!