YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Natiq Cavadlının müsahibi "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir

 "Hökumət jurnalistikanı parçaladı"



Arif Əliyev: "Əcəb edirəm, qrant "yeyirəm", hökumətə qulluq edirəm və döyülənlərin arxasınca getmirəm"

 

"Jurnalistika parçalandı, çünki milyonların qarşısında dayanmaq çətindir…"

 

 

- Arif bəy, bu gün qurultayı keçiriləcək MŞ ətrafında yaşanan qalmaqalların mərkəzində olduğunuzdan sual yaranır: Arif Əliyev nə istəyir?

- Mən heç nə istəmirəm. Mən istəyirəm ki, nizamnamə I qurultayda nə cür qəbul olunub, elə də qalsın. Xatırlayırsınızsa, həmin tədbir tariximizdə ən canlı və demokratik qurultay idi. Nə isə istəyənlər başqalarıdır.

- Kimlərdir?

- Mətbuat Şurasının sədri, onun nizamnaməni dəyişmək həvəsinə gedən və arqumentlərinə inanan adamlardır. Onların istədiyi budur ki, MŞ-nın nizamnaməsi dəyişdirilsin. Amma bu, idarəçiliyin, səlahiyyət bölgülərinin təkmilləşdirilməsi istiqamətində yox, sadəcə, təşkilatın başında oturan adamın səlahiyyət müddətinin uzadılması və onun sədr kabinetində istədiyi qədər oturması yönündə dəyişiklik olmalıdır.

- Sizə elə gəlmir ki, nizamnamə mübahisələri məişət səviyyəsinə enib? Yəni biri-birinizi məişət səviyyəsində ittiham edirsiniz...

- Mən razıyam. Bu, arqumentin yoxluğundan irəli gəlir. Əsaslandırmalısan ki, nəyə görə nizamnaməni dəyişməliyik? Nə baş verib? Axı biz bu nizamnaməni qəbul edəndə və bu müddəti seçəndə iki  şeyi nəzərə almışdıq: birincisi Avstraliya, İngiltərə, Almaniya, Türkiyə və başqa Qərb ölkələrinin təcrübəsini öyrənib ortaq üsul seçmişdik. O zaman həmin ölkələrin mətbuat şuralarını gəzən qrup var idi. Hələ çoxlarının MŞ-dan xəbəri olmayanda xatırlatdığım ölkələrin press-klublarının və şuralarının təcrübəsini öyrənirdik.

- Bu məsələlərə qayıdacağıq. Arif bəy, qarşı tərəf Amaşovun sədr qalmasını həm də MŞ-nın formalaşması mərhələsi ilə əlaqələndirir. Bu arqumentə cavabınız nədir?

- Bəlkə formalaşma prosesi 30 il çəkdi. MŞ-nın formalaşması onun başında Mehman Əliyevin, yoxsa Əflatun Amaşovun oturmasından asılı deyil. Bunu deyən adamlar, sadəcə, prosesi və Şuranın nə demək olduğunu bilmirlər. Şuranın formalaşması prosesi rəhbərlikdən yox, medianın durumundan asılıdır. Bunu başa düşmək lazımdır və bu gün MŞ-dan dağlar tələb etmək və o cümlədən, «bu, hələ formalaşır» demək də səhvdir. MŞ-nın hazırki imkanları məhduddur, amma bu, o demək deyil ki, biz Orta Asiya diktatorlarının təcrübəsindən bəhrələnib Azərbaycanda birinci zümrə olmalıyıq ki, öz nizamnaməmizi dəyişərək padşahımızın ömrünü uzadaq. Sabah başqa ənənələr də təkrarlananda hansı üzlə deyəcəyik ki, olmaz!

- Amaşovun sədr müddətinin uzadılmasına etiraz edirsiniz. Bəs niyə «Yeni Nəsil» (YN) yarandığı gündən Arif Əliyev onun sədridir?

- Bəs niyə Amaşov «RUH»un yaranışından onun sədridir? Bəs niyə başqaları yarandığı gündən təşkilatların sədrləridir? «Yeni Nəsil», «RUH», Azərbaycan Jurnalistlər Birliyi və MŞ ayrı-ayrı şeylərdir.

- Siz «Yeni Nəsil»lə bağlı suala cavab verə bilməzsinizmi?

- «YN»-nin kollegiyası var və bu qurumun iclasları keçirilir.

- Kollegiya üzvləri kimlərdən ibarətdir?

- Qurumun təsisçiləri var və mən bu barədə hesabat verməyə hazırlaşmıram və verməyəcəm də.

- Niyə?

- Çünki Ədliyyə Nazirliyinə hesabat verirəm. Mən Azərbaycan jurnalistlərinin hamısının marağını təmsil edən bir təşkilatın rəhbəri deyiləm. Həmin təşkilat MŞ-dır.

- Bəs Siz hansı marağı ifadə edirsiniz?

- Bir qrup jurnalisti və öz düşüncəmi.

- Kimlərdir onlar?

- Azərbaycanda neçə jurnalist təşkilatı var?

- Çoxdur.

- Neçə MŞ var?

- Bir.

- Hansı təşkilatı jurnalistlərin qurultayı seçir?

- «Yeni Nəsil»in qurultayı olmurmu və olmursa, niyə olmur?

- «Yeni Nəsil»in illik toplantısı keçirilir.

- Kimlərdən ibarətdir kollegiya üzvləri?

- Rafiq İsmayılov, Zaur Abdullayev var. Amma mən bu mövzuda danışmaq istəmirəm. Ya qayıdırıq MŞ məsələsinə, ya da müsahibəni qurtarırıq.

- Yaxşı. Siz qurultay qarşısında jurnalistlərə nə vəd edirsiniz?

- Heç nə vəd etmirəm. Sadəcə, Sizdən soruşuram ki, gəlib hamınızın seçdiyi təşkilatın rəhbərliyində oturmuşuam, sabah deyirəm ki, az oturmuşam, bir az da xəstəyəm, icazə verin nizamnaməni dəyişək, iki dəfə yox, dörd dəfə oturum.

- Arif bəy, bu yenə də qarşı tərəfi ittiham hədəfinə çevirir. Siz bizə nə vəd edirsiniz?

- Mən heç nə vəd etmirəm. Vicdanınız, demokratik prinsiplər qarşısında seçim təklif edirəm. Nə cür istəyirsiniz, elə də seçin. Seçin və dəyişin. Amma sabah Azərbaycan prezidenti özünü ömürlük elan edəndə ayağa qalxmayın. Deməyin ki, belə şey olmaz. Onda bildirin ki, bu yolu biz açdıq.

- Hakimiyyətdən söz düşmüşkən, bəs 2003-cü ildə Artur Rəsizadəni iki günlük vəzifəsindən azad edib monarxiya quranda niyə etiraz etmədiniz?

- Mən jurnalistəm. Siyasi proseslərin hər birində istədiyim şəkildə iştirak edə bilərəm, amma buna görə jurnalistlərə hesabat verməli deyiləm. Ancaq həmkarlarıma jurnalistika ilə bağlı hesabat verməyə məcburam. Bilirsiniz, bizim Avropadan fərqimiz nədir? Yalandan başımızı Avropa qapısından içəri salmaq istəyirik. Avropa qaydalar fikirləşir və insanlar bu qaydalara tabe olur. Biz nə edirik? Əvvəl insanları gətirib otuzdururuq, sonra qaydaları istədiyimiz şəkildə dəyişdiririk.

- Avropa qaydalarını xatırlatdınız, Azərbaycanda baş redaktor öldürüldü, bir baş redaktoru maşınla tapdaladılar, iki baş redaktor da həbsdədir. Amma bütün bunlara Avropa təşkilatları etiraz edərək ölkə başçısını «qara» siyahıya saldılar. Bəs «Yeni Nəsil» və başqa təşkilatlardan niyə bu cür bəyanatlar eşitmədik?

- Birincisi, beynəlxalq təşkilatların həmin bəyanatları verməsinin ən azı 20 %-i «YN»in xidmətidir.

- Hüquq müdafiəçiləri də bunu öz xidmətləri sayır...

- «YN» Avropa Şurasının və ATƏT-nin tərəfdaşıdır, bəlkə də bu ölkədə Haraşti ilə mənim qədər heç kim görüşməyib. Onların dəvət siyahılarına baxsanız, aydın olar. İkinci, «YN»in bəyanatlarının sayı heç də Avropa təşkilatlarının sayından az deyil. Əgər ölkə rəsmilərinin qarşısına qoyulan tələblərdən söhbət gedirsə, eyni sözləri də deyə bilərəm. «Azadlıq» və «Turan»ın ofislərini aldılar, aləm biri-birinə dəydi. «Press-Klub»da daxil olmaqla «YN» son üç ildə dörd ofisini itirib. Bu zərbələrə hansı təşkilat tab gətirdi?

- Anladım. Prezident xarici jurnalistləri qəbul edəndə Azərbaycan mətbuatını qeyri-peşəkarlıqda ittiham etdi. Onda həmin tədbirdə bu dediklərinizlə bərabər məmurların qeyri-peşəkarlığını niyə xatırlatmadınız?

- Çünki bu, prezidentlə Arif Əliyevin görüşü deyildi.

- Amma prezident Azərbaycan jurnalistlərini ittiham etdi.

- Mən öz sözümü başqa görüşlərdə demişəm (Səsini  yüksəldir). Bir daha deyirəm, məqsədiniz nədir? Əgər məqsədiniz bu dəqiqə Arif Əliyevin və «YN»-in kim olduğunu müəyyənləşdirməkdirsə, xahiş edirəm, mənim vaxtımı almayın. Yox, MŞ-dan danışmaq istəyirsinizsə, gəlin, bununla da qurtaraq. Arif Əliyevin kim və necə olduğunu sonra müzakirə edərsiniz. Əgər hansısa məqsədlə mənim məsələmi müzakirə etməyə gəlmisinizsə, mənim buna vaxtım yoxdur.

- Mənə Sizi müzakirə etmək lazım deyil...(sözümü kəsir)

- Belə də yazın: axı hanı Sizin ağlınız? Söhbət ondan gedir ki, yaşadığımız qaydanı dəyişib istənilən adamı istənilən şəkildə sədlrlikdə otuzdura bilərlər, yoxsa yox? Nə dəxli var ki, Arif Əliyev prezidentlə söhbət etdi, «YN» qrant «yeyir», üzvü yoxdur. Axı bunun nə dəxli?

- Bunu mən yox, Mehman Əliyev deyir.

- Yaxşı niyə onun sözünə fikir verirsiniz, mənim ağıllı sözümə yox?

- Mən qəzetdə yazılanla bağlı sual verirəm...

- («Azadlıq» qəzetini əlinə götürərək) Atın, bunu kənara, əcəb edirəm. Bax, «YN» əcəb edib qrant «yeyir», hökumətə qulluq edir, əcəb edir döyülənlərin arxasınca getmir. Hərçənd ki, mən Bakıya gələndən iki saat sonra Emin Hüseynovun yanında olmuşam. Biz Avropa Şurası ilə Azərbaycanın təhsil jurnalistlərinin hazırlanma proqramını işləyirdik.

- Amma bunlar həbsdəki jurnalistləri azad etmir və yenə də döyülürük...

- Nə edək? Bayaq dedim ki, biz qurultayı udsaq da, jurnalistikanı uduzmuşuq. Nə edək, gücümüz çatmır.

- Ona görə Əli Həsənov qurultay haqqında ironiya ilə danışıb bizimlə məzələndi?

- Bəli.

- Bax, bu vəziyyəti sizlər yaratmadınızmı?

- Mən gətirmişəm. Hamısını mən gətirmişəm. İndi gedin Amaşovu seçin. Söhbət Azərbaycanı bu günkü iqtisadi duruma kimlərin gətirməsindən gedir.

- Əlbəttə, hökumət gətirib.

- Necə olur, iqtisadiyyatı hökumət bu günə salır, amma jurnalistikanı bizlər?

- Çünki öndə həmişə Sizlər olub...

- Siyasətdə və iqtisadiyyatda öndə dayananlar yoxdur? Bu, düzgün mövqe deyil. Azərbaycan jurnalistikasını parçalaya-parçalaya getdilər.

- Kimlər parçaladı?

- Əlbəttə, bu, hökumətin siyasəti idi.

- Məgər hökumətin bu siyasətinə kömək etmədinizmi?

- Nə ilə?

- Deyirsiniz ki, jurnalistləri oyuncağa çevirməyə imkan verməyəcəyik. İnldiyə qədər «Press-klub», «Gün-Səhər» layihələriniz olub və heç biri də uğur qazanmayıb. Bundan sonra Sizə inana bilərikmi?

- Mənə inanmaq lazım deyil və heç nə vəd etmirəm. Gedin, nə istəyirsiniz, edin. Əgər etməsəniz, deyərəm ki, düşüncəsiniz. Gedin, qurultayda səs verin, seçin.

- Mən heç qurultay nümayəndəsi də deyiləm. Söhbət Sizə qarşı ittihamlardan gedir. Baxın, Mehman Əliyev deyir ki, Arif ƏIliyev dəyişib...

- Sözü yoxdur, sözü olsaydı, deyərdi. Amma 6 ay əvvəl Əflatun Amaşov dedi ki, Mehman Əliyev mənim haqqımda çox abırsız sözlər danışır, deyir ki, mən burdan getməliyəm. Xahiş edirəm mənimlə işi olmasın. Mən Mehmanı da, Əflatunu da çağırıb üçlükdə söhbət etdik. Dedim ki, Mehman, tənqidlərinlə razıyam, amma tənqidi məhv etmək dərəcəsinə çatdırmaq olmaz. Nə oldu bəs? Üstündən heç 6 ay ötməyib. Şahidlər lazımdırsa, deyək. Həmin Mehman Əliyev idi ki, iclasda Amaşovun torpaq probleminə kömək etməyimizi təklif edirdi. Bunlar faktlardır. Amma Arif Əliyev mövqeyini dəyişib... Yaxşı, nədə dəyişmişəm?

- Bu qarşılıqlı ittihamlar qurultayın pozulması ilə nəticələnməzmi?

- Əlbəttə. Bəs elə məqsədlərdən biri nədir?!

- Bu məqsədin başında dayanan kimdir?

- MŞ rəhbərliyi.

- Konkretləşdirək...

- Əflatun Amaşov. Bu vəziyyəti  kim yaradıb? Görün, heç bir dəfə  sədrlik müddəti barədə danışmışammı? Yenə deyirəm, mən heç bir vəd etmirəm və yaxın vaxtlarda vəziyyətin dəyişəcəyinə gümanım da yoxdur. Bizim vəziyyəti dəyişməyə gücümüz çatmır. Çünki jurnalistika parçalandı. Bir qism MŞ-nın, bir qism qeyri şuranın, başqa bir qism də… Milyonların qarşısında dayanmaq çətindir. Satılmaqdan danışmıram.

- Bəs Arif Əliyev bu qismlərin hansına aiddir?

- Əgər bu dövrdə hansısa prinsiplərdən geri çəkilmək istəyi olsaydı, nə ofislərimi itirərdim, nə nüfuzum bu qədər azalardı.  1998, 2003-cü ildə mətbuat konfransları harda keçirilirdi? «Press-klub»da. Bu gün həmin gücümüz yoxdur. İndi də zəifləyən redaktorlar, qəzetlər və tək qalmış jurnalistlər ətrafa baxıb «kimdən yapışaq», gəl «YN»dən yapışaq» deyir. «YN» və «Press-klub»un gücü kimdəydi? Təsisçilərində.

- Hanı təsisçilər?

- Zəifləyiblər.

- Bəs niyə onlar Sizdən uzaqlaşdılar?

- 1998-ci ildə «Press-klub»da xarici pul yox idi, hamısı təsisçilərin hesabıydı. Sonra icarə haqqını verə bilmədilər.

- Amma icarə haqqının dörd il müddətinin əvvəlcədən verildiyi bildirilirdi...

- Min cür söz deyilir. Elə şey olar? Sənədlər hələ qalır, klub «YN», «Xalq qəzeti», «525-ci qəzet», «Ayna-Zerkalo», «Yeni Müsavat»ın pullarına quruldu. Amma 4-5 min verməyə qadir redaksiyalar 100 dollar verə bilmədilər. 1998-ci ildə müstəqil mətbuat 55% idisə, indi cəmi 6%-dir.

- Vəziyyəti bu həddə hansı səbəblər gətirdi və özünüz məsuliyyət daşıyırsınızmı?

- Əlbəttə. Bilirsiniz, söhbət zəifləməyə gəlirsə, hər birimizin məsuliyyəti var. Əgər məsuliyyəti kimin üzərinə qoymağı axtarsaq, problemi həll edə bilmərik. Yalnız mətbuat güclü olanda, jurnalist təşkilatları güclü olacaq. Balaca ayaqları,  yekə başı olan bir şey mümkün deyil. 

 


Açar sözlər:

Yazar: ramindeco | Tarix: İyun 26, 2008 4:06 | Yeni Ruhlu layihə | Şərhlər(1) | Baxış sayı: 397

Şərhlər

1
Vusal yazıb:

Ela musahibedir. Buradan nese oyrenmeye deyer. Ele bil Natiq Cavadli lap mustentiqdir

İyun 27, 2008 21:28

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha