
- Vaqif bəy, qarşıdan Əbülfəz Elçibəyin 70 illik yubileyi gəlir. Elçibəylə ilk görüşünüz necə xatırlayırsız?
- İlk görüşümüz yadımda qalmayıb, amma onu bilirəm ki, ruhən biz Bəylə anadan olmamışdan tanış idik. Elə ilk söhbətimizdə onu çoxdan tanıdığımı duydum. Çünki ruhum ancaq gözəl şeylə - ruhi üz, ruhi göz, ruhi sözlər düşünür, duyur. Onların da hamısını mən həm də Elçibəydə gördüm. O, mənə bütün doğmalarımdan əvvəlki - o dünyadakı doğmalarımı xatırlatdı.
- Elçibəy özünün tarixə düşməsini deyil, millətin tarixə düşməsini arzulayıb. Müsahibələrinin birində obrazlı şəkildə deyib ki, özüm fərd olaraq tarixə düşsəm, zərrə olacam, əgər millətim tarixə düşsə, həm də hesab edəcəyəm ki, dəryanın üzvüyəm. Sizcə, Elçibəy buna nə qədər nail oldu? Onun tarixdə rolunu necə qiymətləndirirsiniz?
- Əslində, bu dünyada doğma şey heç kəsdən fərqlənməməkdir. Hətta hamını özündən yuxarı qaldırmaqdır, hamının ayağına enməkdir - Vətən torpağı tək! Elçibəyi bax belə gördüm. Onun şəxsi heç nəyi yoxdur, dünya tarixində yeganə prezidentdir ki, borclu getdi. Əslində, elə getdi ki, biz ona borclu qaldıq. Əgər Güney Azərbaycanı azadlığa qovuşdurmasaq, bütün Türk Dünyasını bir yerdə görməsək, Ona borclu qalacağıq. Mən çıxışların birində demişdim: Allahın dünyanı düzəltməyə son cəhdlərindən biri idi ki, Elçibəyi dünyaya gətirmişdi. Bu dəqiqə duyuram ki, bu cəhdinə görə Ilahi də ürəyində sevgisini saxlamaqdadır. Bir qız Bəyi xilas etmək üçün nişan üzüyünü verdi
- Yəqin ki, prezident dövründə onunla əlaqələriniz olub. Sizin tanıdığınız Elçibəylə, prezident Elçibəy arasında fərq var idimi?
- Heç bir fərq yox idi. Mən 60-cı illərin sonlarından başlayaraq Bəyin yaratdığı antisovet təşkilatının aparıcılarından olmuşam. Bunu O, çıxışlarında da, xatirələrində də dəfələrlə vurğulayıb. Biz o dövrdə Azərbaycanın istiqlalı üçün müxtəlif yerlərdə böyük işlər görmüşük. 1975-ci ilin əvvəllərində həbs olunarkən, özü danışdı ki, mənə görə onun işini istintaqa verə bilmirdilər. Çünki DTK məni axtarsa da, tapmırdı. Hətta məni tapa bilmədiklərinə görə iki gün məhkəmə gec başlamışdı. Bəy deyibmiş ki, “hardan bilim Vaqif haradadır? Evsiz-eşiksiz adamdır, indi yəqin mətbəədə qəzetlərin üstündə yatıb, gedin axtarın tapın!” Bu sözlərdən məlum olur ki, hətta gecə də onu istintaqa çağırırmışlar. Məhkəmədə belə bir fakt olmuşdu. Bir qız nişan üzüyünü verib demişdi ki, mənim nişan üzüyümdən başqa heç nəyim yoxdur. Əbülfəz bəyi xilas etmək üçün üzüyümü onun yolunda bağışalayıram. Əbülfəz bəy bunu eşidəndə daha da gücə gəldi. Dedi ki, əgər xalq mənim yolumda son üzüyünü qoyursa, ölüm nədi, ölümdən də o yana getmək olar! Bir maraqlı faktı da deyim. O vaxtı ona ittiham irəli sürən prokuror (prokurorun oğlu indi məşhur hüquqçulardan birinin dostudur) Əbülfəz bəyə qarşı ittiham irəli sürür. Həmin prokurorun oğlu dostuma demişdi ki, atası evə gələndə ona: “Mən bu gün Əbülfəz Elçibəyə ittiham irəli sürdüm, ancaq arzu edərdim ki, oğlum onun kimi olsun!” Bu, əslində rus imperiyasına olan nifrətin nümunəsi, həm də bütün insanların azadlıq istəyi idi. Yəni indi düşünüldüyü kimi, hamı qul deyildi. Ölkənin prokuroru dövlətin əleyhinə düşünürdüsə, o dövlət mütləq yıxılmalı idi. KQB-yə verilən informasiyaları idarə edirdik. Bəyin mənə böyük məhəbbəti vardı. Işsiz idim. Hətta ayaqqabım olmadığımdan, küçələrdə ayaqyalın gəzirdim. Bir dəfə bulvarda Bəy bir neçə adama məni göstərib nəsə dedi. Mən ona yaxınlaşdım, görüşdük. Bəy məndən soruşdu ki, necəsən? Mən də cavab verdim ki, əladan da əla! Bəy yanındakılara dedi ki, “gördünüz, bu əsl türkdür! Nə bir qəpik pulu var, nə də işi, ancaq görün özünü necə tox tutur! Amma sizin cibinizdə pulunuz da var, iş yeriniz də, hey ağlayırsınız. Əsl türk ruhu budur!” Deyirdi ki, mənə “Bəy” demə, “Əbülfəz” de! Halbuki, aramızda 10 il fərq vardı... Bir dəfə bəynən zarafatlaşdım. “Bəy, necəsən, arvad-uşaq necədir” - soruşdum. Bəy diqqətlə mənim gözümün içinə baxdı ki, bilsin, mən ciddi soruşuram, yoxsa yox. Sonra dedi ki, “deyəsən, xarab olmusan: nə arvad, nə uşaq? Cənubda soydaşlarımızı ən adi məqamlarda təhqir edirlər, ən insani hüquqlarını əllərindən alırlar. Belə bir vaxtda arvad-uşaq yada düşər?” Sonra gördü ki, mən zarafat edirəm, sakitləşdi. Təsəvvürünizə gətirin ki, biz gizli işlər görürdük. Ruspərəst müəllimlər tələbələrin qorxularından auditoriyalara girə bilmirdilər. Hətta küçələrdə onları fitə basırdılar. KQB-yə işləyən tələbə, müəllimlər o vəziyyətə gəlib çatmışdı ki, bizlə əlaqə yaradırdılar, hansı informasiyaların verilib-verilməməsini soruşurdular. Bir sözlə, ora verilən informasiyaları da idarə edirdik. KQB-nin özündə Elçibəyə rəğbəti olan işçilər vardı. Onlar bu rəğbətlərini girəvə düşəndə gizlincə bizə bildirirdilər. Bu cür rəğbətin nəticəsi idi ki, o vaxt KQB-nin sədri olan rus Krasilnikov Elçibəyə 12 il iş verilməsini tələb etdi. Ona rəğbəti olan hüquq sistemi işçilərinin səyi nəticəsində bu həbs cəmisi 3 ilə endirildi. Və həm də biz qrup halında həbs olunmaqdan xilas olduq. Əlbəttə bu, Elçibəyin məğrurluğu və millətimizin ürəyində azadlıq hissinin güclü olması ilə bağlıdır. Bu yolda olan adamlara böyük rəğbət vardı, hər insan bunu nə yolla olursa-olsun, büruzə verməyə çalışırdı.
Bizim tariximiz adsız qəhrəmanlar tarixidir
Mən nə qədər insanlar tanıyıram ki, hər şeylərindən keçiblər, ancaq onları xatırlayan da yoxdur. Fikrimcə, Azərbaycanın son tarixi adsız insanların, yəni adı tarixə düşməyən sadə insanların qəhrəmanlıqları tarixidir. Ümumiyətlə, bizim tariximiz adsız qəhrəmanlar tarixidir. 4 tərəfdən qatı düşmənlərlə əhatə olunmuş millətimiz öz torpağını və dilini saxlaya bilməsi o adsız qəhramanların adına yazılmalıdır. Mən təklif edirəm ki, həmin insanların xatirəsini yad etmək üçün adsız qəhrəmanlar günü qeyd olunsun. Biz bununla onların ruhunu şad edərik, həm də onlara borcumuzun kiçicik bir hissəsini verə bilərik.
- Bir qrup insan AXC-nin birillik fəaliyyətini çox yüksək qiymətləndirir, bəziləri isə onları səriştəsizlikdə günahlandırır. Sizin buna münasibətiniz necədir?
- “Təcrübəsiz” sözünə münasibət odur ki, AXC-dən sonra hakimiyyətə gələnlər həqiqətənmi təcrübəli idilər? Onlar rüşvətxorluq, yerlibazlıq sahəsində təcrübəlidirlər. Xalqı “varlılar” və “kasıblar” sinfinə böldülər; Azərbaycanı dünyanın korrupsiaylaşmış ölkələri sırasında liderliyə çatdırdılar. Hətta Amerika prezidenti Azərbaycanı jurnalist həbsxanasına bənzətdi. “Təcrübəsiz” AXC-nin gördüyü işlərə gəldikdə isə, rus qoşunlarını Azərbaycandan çıxarılması nəyə desən dəyər! Baxın, Qərbin dəstəyilə Gürcüstan hələ də rus qoşunlarını ölkədən çıxarda bilmir. Elçibəy isə bunu bir neçə ayın içində etdi. Budurmu “səriştəsizlik”?
Elçibəy zamansız adamdır
- Elçibəyin vəfatından 8 il keçməsinə baxmayaraq, hələ də ona eks-prezident statusu verilməyib...
- Onu bilirəm ki, eks-prezident statusu şərti bir şeydir. Elçibəy millətin ürəyində heç kəsin qalxa bilmədiyi ucalıqdadır. O ucalığa heç bir sərəncam və parlanment qərarı ilə qalxmaq mümkün deyil. Və o ucalığın yanında, Elçıbəy adı yanında eks-przeidentlik də, prezidentlik də xırda bir şeydir. Bəlkə o ucalıqdan görünmürlər də. Bilirəm ki, bir zamanlar indi ona səs verməyənlərin övladları, nəvələri Elçibəy haqqında nəğmələr oxuyacaqlar, onu inkar edən babalarının, nənələrinin əvəzinə xəcalət çəkəcəklər və Allahdan nənə və babalarını bağışlamasını rica edəcəklər. Onun adını çəkməyə qorxanlar zamanın adamlarıdır, Elçibəy isə zamansızlığın.
- Bəzən Bəyin xidmətləri başqalarının adına çıxılır. Ümumiyyətlə, tarixi saxtalaşdırmaq mümkündürmü?
- Tarixdə belə hallar çox olur. Mən dünya tarixi haqqında nikbin deyiləm - tarixdə o qədər şişirdilmiş şəxsiyyətlər, uydurulmuş vəziyyətlər var ki! Təəssüf ki, tarix heç vaxt ədalətli şəkildə yazılmır. Bundan sonra da tarixdən az ədalət gözləyirəm. Ermənilərlə bağlı Qarabağ məsələsində dünya tarixi necə yazılır? Hətta ən böyük dövlətlərin parlamentində bu saxtakarlığa göz yumulur. Ancaq Elçibəy tarixi hadisə deyil, ruhi hadisədir, birbaşa ilahi ilə bağlıdır. Və Ilahi hər şeyi yerinə qoyacaq. Məsələn, Elçibəy dəfn olunanda küçələrə çıxan milyondan artıq adam təkcə dəfn mərasiminə çıxmamışdılar. Bu, həm Elçibəyin ruhi etirafı, Həm də Allahın bəndələrindən üzr istəməsi idi.
Elçibəy başdan-başa poeziya idi
- Bir az da Bəyin poetikasından söhbət edərdiniz...
- Elçibəy tamamilə poeziya idi. Düzdür, poeziya sözündən bizdə qorxurlar. Əslində isə dini kitablarda - Quranda, Bibliyada bütün deyilişlər hamısı poetikdir. Ilahi bütün həqiqətlərini poeziaya şəkilində çatdırıb. Poeziya əslində, insanlığın Ilahiyə doğru ruhi ucalışıdır. Elçibəy siyasətin sərt, zalım, eybəcər qanunlarının içində də Ilahiyə doğru uçuşlarını saxlayırdı. Qoy, sizə bir şeir oxuyum. Bu şeiri Bəylə ikimiz bir yerdə yazmalıydıq. Bəy mənə Savalan dağı haqqında xeyli danışmışdı. Təkcə Savalan yox, Bəy də Tanrıya qovuşdu.
Savalanım, Tanrı Dağım
Mən bu dünyanın özündən,
Min üzündən sovuşuram,
Savalanım, Tanrı dağım,
uçub sənə qovuşuram,
qovuşduqca duruluram,
duruluram, duruluram,
göy üzündən ətirli göy,
sudan duru gül oluram...
bu nə adətdir axı - pərəstiş etdiyin adamı əndrabadi şəkildə qələmə vermək, tanıtmaq... Niyə şairlərimizadi sözlərlə səmimi şəkildə sevgini izhar edə bilmir ?
İyun 23, 2008 1:35Elçibəy humanist insan, alim idi, siyasət onun yeri deyildi, elmi sahədə çalışıb Azərbaycanı bütün dünyada tanıda bilərdi, amma başqa yol seçdi. Bu onun öz seçimi idi və siyasi uğursuzluq onun bir insan kimi əsil faciəsi oldu... Saf amalları darmadağın olmuş Elçibəyin faciəsini biz heç vaxt tam anlaya bilməyəcəyik