YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

 SÖZün AZADlığı və AZADlığın sözü

Əkrəm Əylislinin ziyalı və deputat görəvi

Doğrusu, ziyalılarımız haqqında yazmaq istəmirdim, bu mövzunu Qan Turalı, Elnur Astanbəyli şəxsi inhisara alıblar. Neftə göz dikmək hakimiyyət üçün nədirsə, ziyalıdan yazmaq cəhdi də Turalla Elnur üçün o deməkdir.

Amma - uşaqlar bağışlasın məni - keçən həftə “Proloq” qəzetində Əkrəm Əylislinin “Cavidin buxara papağı, Anarın vəzifəli qəlyanı, Elçinin qəlyansız vəzifəsi və allahsız Rasim Qaracanın allahlıq iddiası” başlıqlı müsahibəsi Azərbaycanda həqiqətən də ziyalı probleminin olduğunu biruzə verdi. Müsahibə çox bərbad idi. Ona görə yox ki, Əkrəm Əylisli suallara ötəri cavab vermişdi. Sadəcə, o, verilən suallardan yan ötmüşdü. Çünki “Proloq”un o müsahibəsi xalq jurnalistikası idi. Bu üzdən ki, Əylisliyə ünvanlanan suallar oxucular və yaradıcı insanlar tərəfindən ünvanlanmışdı. Ancaq bizim hamımızın yaxşı tanıdığımız Əylisli suallardan gah altından qaçırdı, gah üstündən.
Əylisli Seymur Həziyevin, Pərvizin, Qan Turalının, eləcə də mənim (Qan Turalının iki, Pərvizin isə üç sualından birini - həm də sualın qol-qanadını kəsməklə - cavablandırmışdı) suallarımıza cavab verməmişdi. Ancaq Həmid Herisçinin “Nə zaman ”Əylisdən Məclisəcən" əsərini yazacaqsınız" kimi qeyri-ciddi sualını cavablandırmışdı... Adını da qoymuşdu ki, “suallar çox olduğundan, hər kəsin bir sualına cavab verirəm”.
Əzizim Əylisli, suallar Sizə əzab verirdisə, ümumiyyətlə müsahibədən boyun qaçırardınız, necə ki, əbədi düşməniniz olan Anar müsahibələrdən, jurnalist “dostlarından” qaçır.
“Sən ki, heç nədən qorxmursan, Rasim bəy, onda bəs reallığın gözünün içinə, heç olmasa hərdənbir, düz baxmaqdan niyə bu dərəcədə ehtiyat eləyirsən? Bəlkə yazmaq və yazıçılıq barədəki oturuşmuş, təsdiqlənmiş təsəvvürə cihad elan etməklə minillik tarixi olan ədəbiyyatımız üçün yeni normativ qanun yazıb, altında şəxsən Rasim Qaracanın mübarək imzasını qoymaq istəyirsən? Belə isə sən öz mübarizəndə sektantsan, Rasim Qaraca, iman əhli deyilsən...”
Əziz Əkrəm Əylisli, məncə, Siz də heç nədən qorxmursunuz, həm də iman əhlisiniz. Onda “qələm” və “iman” əhli Qənimət Zahidin həbsinə niyə münasibət bildirmədiniz? Bəlkə, Siz də sektantsınız, iman əhli deyilsiniz və ona görə də Hacı Qəniməti müdafiə etmədiniz? Yoxsa, qorxdunuz?
Qorxmadınızsa və sektant deyilsizsə, bəs, indiki susqunluq mövqeyinizi necə anlayaq?
Azərbaycan OXUCUSU, Azərbaycan GƏNCI, Azərbaycan ICTIMAIYYƏTI bunu Sizdən gözləyir - Anardan, Elçindən yox. Çünki ONLARdan umduğunu ala bilməyib.
Indisə növbədə - daha doğrusu, hədəfdə Sizsiniz.
“Bayıl"a düşməkdən qorxmuram, məni belə bir təhlükə gözləmir. Çünki mən öz azadlığımı saysız əzablarımız hesabına qazanmışam. Onu ucuz xərcləməyə, sadəcə haqqım çatmır. Mənə görə, söz azadlığı bir şeydir, azad söz tamamilə ayrı şey. Mən azad sözümü, söz azadlığımı dəyişə bilmərəm".
Bu sözlər də həmin müsahibədəndir. “Bayıl”a düşməkdən qorxmayanlar mövqelərini ortaya qoyurlar, əziz yazarımız! Bir də, ədalətsizliyə, haqsızlığa qarşı ucalan səs “azadlığı ucuz xərcləməkdirsə”, deməli, azadlıq susmaqdırmı? Susqun, dinməz, müti, lal azadlığın olmasından olmaması yey!
O ki qaldı söz azadlığı və azad söz anlayışlarını bunca fərqləndirdiyinizə, Əkrəm müəllim, Siz azadlığın sözünü demirsiniz - çünki ölkədəki rüşvət və korrupsiyadan, inhisarçılıqdan danışmırsınız, halbuki bu Sizin deputat görəvinizdir; Siz SÖZün azadlığını da qorumursunuz - halbuki bu da Sizin yazıçı kimi ziyalı görəvinizdir.

 


Açar sözlər: əkrəm-əylisli 

Yazar: ramindeco | Tarix: İyun 21, 2008 20:26 | Mədəniyyət | Şərhlər(2) | Baxış sayı: 1472

Şərhlər

1
Pərviz yazıb:

Ramin bəy, salam.
Sən nahaq yerə Əylislidən yapışıbsan. Onda heç bir günah yoxdu. GÜNAH ona soru göndərənlərdədi.
Biz nə qədər olülərlə əlləşəcəyik, axı?
Bu adamlar azadlıq qazandıqlarını da düşünə bilirlər hələ sadəlövhcəsinə, ya da bizi aldadırcasına. ATƏT-dən, nə bilim hansı xarabadan almamışam azadlığımı, deməklə bu adamlar, anlamırlar ki, fəxrlə dedikləri bu "fakt" gəlişigözəl sözdən başqa bir şey deyil. Azadlıq dedikləri isə HƏİZM-dən aldığı dilənçipayıdı eləcə. Klassik və ümumi azadlıq olmayan yerdə isə, yalnız dəlilər və ölülər azad olurlar - o da ki, dırnaq içində.
Adam, mən sizdən bir də xahiş eləyirəm, AİD dünyasıyla az uğraşın! Yoxsa cəsəd iyi verəcəksiniz. Və ölülər bütün enerjinizi çəkib aparacaq.
Əgər keçmişdən ayrıla bilmirsinizsə, onda mərhumların əsərlərini oxuyun. Oralarda barı nəsə diri bir şey tpacağınıza qarantiya verirəm - öz adıma.
Dirilərə salam olsun!

İyun 21, 2008 23:12
2
sima yazıb:

siz deputatdan söz azadlığı, ya da həqiqəti niyə gözləyirsiz? Bu müsahibə ziyalının, böyük həyat yolu keçmiş yazarın deyil, özünə bəraət qazanmaq, ləkəli ürəyini ictimaiyyətdən gizlətmək istəyən adi insanın müsahibəsidir. Yazar olmaq asandır, amma şəxsiyyət olmaq hər kişinin işi deyil, əfsuslar...

İyun 23, 2008 1:17

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha