YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

"Yeni RUH"lu insanların sualını gənc şairə Sevinc Pərvanə cavablandırır 

 

 

Şeirlərim  beş-on ilə öz həqiqi ünvanını tapacaq

 

 

Asif Həsənli: Əyalətdə ədəbiyyatın inkişafına necə baxırsınız?

 

- Bildiyim qədəri ilə son illər əyalətdə də ədəbi birliklər, qruplar yaranıb. Məsələn, Cəlilabadda yaradılan “Çərçivəsiz ” ədəbi qrupu barədə məlumatım var. Həm də onlar bizim “Alatoran” jurnalı ilə sıx əməkdaşlıq edirlər. Oxuyuram, maraqlıdır. Məni çox sevindirir ki, əyalətlərimizdə problemlərin çoxluğuna baxmayaraq, insanlar ədəbiyyat barədə də düşünürlər. Bu cür ədəbi qruplar Qubada, Sumqayıtda da var. İndi internet daha çox imkan verir ki, əyalətdə yazıb –yaradan yazarlarımız paytaxtla sıx əlaqədə olsunlar. Əyalətdə yaşayıb-yaşamamağın məncə artıq fərqi yoxdur. Ümumiyyətlə, çağdaş ədəbiyyatı əyalət, şəhər bölgüsünə ayırmağın əleyhinəyəm. Mövcud ədəbi proses var. Və pis-yaxşı inkişaf da var. Amma son vaxtlar bu inkişafda ləngimə hiss olunur. Problemlər çoxdur. Əyalətdə yaşayan yazarlarımızın da, şəhərdə yazanların da problemləri eynidir. 

 

Aynur: Sevinc xanım, görəsən nə vaxt sərbəst şeirdən imtina edib  heca şeiri yazacaq?

 -Mən yeni-yeni yazmağa başlayanda məhz heca şeiri ilə başladım. Mətbuatda çap olunmuş heca şeirlerim belə var. Amma tez başa düşdüm ki, təkcə heca şeirinin çərçivəsinə sığınmaqla çağdaş ədəbiyyatla ayaqlaşmaq mümkün deyil. O ki qaldı sərbəst şeirdən imtina eləməyə... Mən heç heca şeirindən də birmərrə imtina eləməmişəm. Sadəcə hələ ki, mənə özümü sərbəst şeirlə ifadə eləmək daha rahatdır. Heca vəznində yazan şairlərimiz var ki, mən onları oxuyuram və bəyənirəm.    

 Ayka: “Sağların şeiri” “solların şeiri” ola bilməzdimi?

 -Sizinçün necə rahatdısa qoy elə də olsun. Əslində mən şeirlərimə ad qoymağı sevmirəm. Bu hardasa oxucuya həm də istiqamət verməkdir. Ola bilsin oxucu şeiri oxuyandan sonra tamam başqa mənalar çıxarsın, hansı ki, yazar yazarkən onu nəzərdə tutmamışdı. Həm də oxucu haqlı ola bilər.     

 Asif Həsənli: Bölgə mətbuatı ilə əlaqəniz necədir?

 

-Düzünü deyim, bu əlaqələr yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var.

 

 Gülər: AYO-nu AYB-yə dəyişərsinizmi?

 

- AYO AYB səviyyəsinə endiyi zaman dəyişərəm. AYO-da bizi təkcə ədəbiyyat yox, həm də əqidə birləşdirir.  

 

 Vüsalə: Bu günki ədəbiyyatın durumu sizi qane edirmi?

 

-İstedadlı uşaqlar var, şərait yoxdur, kobud desək. Heç bir qayğı, yazdıqlarının əvəzində heç bir qonorar almayan bu uşaqlar – Aqşin, Nərmin Kamal, Günel Mövlud, Zahir Əzəmət və başqaları hələ də yazmaqda israrlıdırlarsa və usanmırlarsa ədəbiyyatımızın gələcəyinə ümid bağlamaq olar. Hal –hazırda bir durğunluq hökm sürür. Ümumiyyətlə, insan bir işə yalnız o zaman əmək sərf edir ki, əvəzində maddi və mənəvi qazanc əldə etsin. Biz isə gördüyümüz işə görə nəinki maddi heç nə əldə etmirik. Əksinə, çox vaxt mənəvi təzyiqlərlə də üzləşirik. Azad Yazarlara qarşı cəmiyyətimizdə münasibət birmənalı deyil. Belə olan halda insan əlbəəttə ki, ruhdan düşər. Şəxsən məni yazmağa vadar edən yeganə səbəb ədəbiyyata olan vurğunluğumdur. Ona görə də daha çox enerji xərcləməyə can atmıram. Mənəvi tələbatımı ödədikdən sonra, yəni içimdə yığılıb qalan sözü boşaltdıqdan sonra artıq enerji sərf eləməyə ehtiyac duymuram. Amma təsəvvür edin, mən və dostlarım həm də yazdıqlarına görə maddi gəlir və kütlə sevgisi əldə etsələr, ikiqat artıq səylə çalışarlar. Xaricdə ədəbiyyat yazarın həm də çörək ağacıdır. Bizdə bu proses yoxdur. Ona görə də AYB-çilər çörəklərini o cür, AYO-çular da  belə də, Allah yetirən yerdən çıxarırlar. Belə olan təqdirdə ciddi ədəbiyyatla məşğul olmaq olarmı?   Yazıramsa, kitablarımın yaxşı satılması, yaxşı pul əldə etmək üçün çalışmalıyam. Bunun üçün ancaq yaxşı yazmaq lazımdır. Amma indi mən əminəm ki, yaxşı da yazsam, pis də yazsam –bu mənə heç bir gəlir gətirməyəcək. Nə vaxt ki, bizdə kitab bazarı formalaşacaq, yazar öz yaratdığına bazara çıxaracağı məhsul kimi yanaşacaq, o zaman ədəbiyyatda da hansısa böyük inkişafdan danışmaq olacaq. İndi bizim sərf etdiyimiz əmək Sizif əməyinə  bərabərdir. Zahirin sevdiyim bir misrasını xatırladım bu yerdə: “Gözəl şeylərin əvəzi ödənilmir”. 

 

Vüqar: Həyatınızdan razısınızmı, əgər razısınızsa nədən, yox razı deyilsinizsə niyə?

 -Şəxsi həyatımdan razıyam. Sevdiyim insanla yaşayıram, dünya gözəli iki qızım var. Bir az maddi problemlər var. O da düzələn şeydi. Yaradıcılıq məsələlərinə görə narahatam. Amma ümid edirəm ki, şeirlərim  beş-on ilə öz həqiqi ünvanını tapacaq.  

  Aydın: Özünüzü şairə hesab edirsiniz, yoxsa, poeziyanın vurğunu?

 -Mən həmişə özümü ədəbiyyat vurğunu hesab eləmişəm, amma kənardan o qədər şairə dedilər, axırı məndə belə bir hiss yaratdılar. Nərminin qulağından uzaq. Şairə sözünə qıcıq olur. 

 Ulya: Telekanallarda porno filmlərin  nümayişi nə vaxt reallaşa bilər?

 -Dünyanın sonu gələndə. Telekanallarda porno filmlər niyə nümayiş olunmalıdır ki? Baxmaq istəyənlər disklərdə tapıb o filmlərə baxa bilərlər. Belə filmləri göstərən pullu kanallar da var. Telekanallar erotik filmləri göstərirlər. Bernardo Bertoluççinin "Parisdə sonuncu tanqo" filmi nümayiş olunduğu vaxt tamaşaçı niyə hansısa porno filmə baxmaq istəməlidir. Bu cür filmlərdə nə desən tapa bilərsən- fəlsəfə,insan psixologiyası, sosial və ictimai problemlər və nəhayət seks. Pornoqrafiyanın ümumiyyətlə, əsl sənətə dəxli yoxdur. 

 Vüsal: Gündə neçə şeir yazırsınız?

 

-Vüsal, sənin sualın bilirsən mənə nəyi xatırlatdı? Sovet vaxtı pambıq tarlasında pambıqçı Sürəyyaya sual verirsən elə bil, təxminən bu tipdə: “Gündə neçə kq pambıq yığırsınız?”. Ciddisən?

 

Aslan: Cəmiyyətdə gedən mənfilikləri görə-görə nə üçün şeirlərinizdə o problemləri deyil başqa şeyləri yazırsınız?

 

-Daha hansı problemləri deyirsiniz? Mənə elə gəlir ki, cəmiyyətdə hiss etdiyim, müşahidə etdiyim bütün problemlərə göz atmışam. Gender məsələlərindən tutmuş sosial-ictimai, siyasi, psixoloji bir çox problemlərdən bəhs etmişəm şeirlərimdə. Hətta qadın təbiətimə yad olan müharibə mövzusuna belə toxunmuşam. Burada yerləşdirilən sevgi şeirlərini nəzərdə tutursunuzsa, qəsdən sevgi şeirləri ilə görüşünüzə gəlmişəm. Sevgi yeganə mövzudur ki, heç vaxt heç kimin qınaq obyektinə çevirmir məni. Başqa hansı mövzuya toxunsam, cızz eləyib əlimi yandırır.  

 

Günay: Şairə olmaq qadın problemlərini daha da artırırmı?

 -Azərbaycan kimi şərq ölkəsində bəli. “Atamın xatirəsinə” şeirindəki çəngəllə bağlı səhnəyə görə məni çox qınayırlar, məsələn. İnandırım sizi ki, həmin şeiri hər hansı kişi yazar, tutalım Məmməd yazsaydı heç bu qədər rezonans doğurmazdı, müəllifi də mənim qədər tənqid atəşinə tutmazdılar. Sırf qadın olduğum üçün üstümə gəldilər. Azərbaycanda, balaca bir şərq ölkəsində gəncəcik  bir qız cocuğunun bu cür yazmasını həzm edə bilmədilər. Halbuki o şeirdə cəmiyyətimizdə çoxdan mövcud olan, bu gün isə baş alıb gedən ictimai bəladan, bir ailənin faciəsindən bəhs olunur. Təəssüf edirəm sadəcə.

Həmin şeirdə nə erotikadan, nə də pornoqrafiyadan əsər-əlamət yoxdur. Orada sadizm və daha çox mazoxizm elementləri var.  Rejissor Ceyn Kempionun məhşur “Piano” filminin qəhrəmanı pianoçu qadının da despot anası var. Anasının ciddi tərbiyəsi sayəsində rahibə kimi böyüyən və gəncliyini geridə qoyan qadın  hamam vannasında özü öz bakirəliyini pozur. Bununla da anasından intiqam alır. Anasının onun üzərində yaratdığı diktaturaya qarşı çıxır. Ceyn Kempion yeganə qadın rejissordur ki, məhz bu filmə görə Kann festivalının Qızıl Palma Budağını alıb. Amma mən qadın olduğum üçün daha çox tənqidlə qarşılandım. Bu gün Azərbaycan ədəbiyyatında elə kişi yazarlarımız var ki, sözün əsl mənasında porno yazırlar, özü də məhz porno yazmaq xatirinə. Məhz kişi olduqları üçün mənim qədər tənqid olunmurlar. Həmin şeirin o hissəsi məhz şeirin pafosunu yüksəltmək üçün istifadə olunub. İnsan çıxılmazlığa, hansısa dalana dirənəndə, kobud desək, eşşəyə gücü çatmayanda palanı, yəni özünü döyür. Özünə fiziki və mənəvi zərər verir. Bunun son həddi intihardır. Balaca bir xatirəmi danışım, nə demək istədiyimi anlayacaqsınız. Uşaq idik, qardaşımla dalaşırdıq, ona gücüm çatmadı. Və mən bilə-bilə ki, pəncərəyə yumruq vursam, əllərimi doğrayacaq, əllərimi qan aparacaq, bunu elədim. Həmin şeirdə qəhrəmanın çıxılmazlığının hansı həddə olduğunu göstərməkçün çəngəllə bağlı o misralardan istifadə olunub. Əgər kimsə buna pornoqrafiya deyirsə, məni özünə güldürür sadəcə. Orada təsvir olunan o misralardan hansısa cinsi həzz alan və o misraları porno sayan adamlar sadəcə sadistdirlər. 

  

Asif: Son vaxtlar sərbəst vəzndə yazan şairlərin sayı getdikcə artır. Sizcə bu asan olduğundan belədir, yoxsa, fikirləri başqa vəzndə çatdırmaq mümkün deyil?

 

-Mümkündür. Lakin sərbəst vəzn daha çox sərbəstlik verir. Hecada bəzən heca xatirinə qiymətli bir fikrindən vaz keçir, yaxud heca, qafiyə alınsın deyə məcburən qafiyəpərdazlıq edirsənsə, sərbəst vəzndə bunların heç birinə məcbur deyilsən.  

 

Sabutay: Hansı şairləri ədəbiyyatımızı zibilləyən şair hesab edirsiniz?

 

-Ədəbiyyatda heç kim heç kimin yerini dar eləmir. Hamı bir ələyin içindədir. Xırdalar ələnəcək, irilər qalacaq. Bir də ki, zövqlər müxtəlifdir. Ola bilsin ki, mənim, sizin zibil hesab etdiyiniz şair digərlərinin xoşuna gəlsin və ya əksinə. 

 

Şəlalə: Son vaxtlar kimləri oxuyursunuz və oxucularınıza hansı kitabları oxumağı məsləhət görərdiniz?

 

-Axıradək oxuduğum sonuncu kitab “Pərdələr arxasında gizlədilən tarix” (F. Merinisi) və Həmid Herisçinin şeirlər kitabıdır. Onlarla kitab da var ki, hərəsindən bir qədər oxumuşam. Vaxt yoxdur, uşaqlarım zamanımı çox alır. Həmidi oxumağı məsləhət görərdim.

  

Samir: Sevməyən şairə nəsə yaza bilərmi?

 

- Ümumiyyətlə, sevməyən insan heç nə yarada bilməz. Ağac əkə bilməz, ev tikə bilməz. İnsan hər şeyi sevə-sevə edir. Hətta sevə-sevə öldürür. Təbii ki, şeir yazanda da sevir. Söhbət məndən gedirsə, sevgi şeirlərindən bəlli olmurmu sevdiyim?  

 

Doktor Zahid: AYB-də hansı şairin ölümünü arzulayırsınız?

 

-Qəribə sualdır. Bir də ki, o işlərə mən baxmıram . Bu  Allahın və Əzrayılın gündəlik iş rejiminə daxildir. Onlar da sifarişlə işləmirlər.

 

Olqa: Çoxları Yafəsi qeyri - ciddi adam sayır. Belə bir adamın qəzet buraxmasına necə baxırsınız?

 

-Kim nə deyir desin, Yafəs istedadlı şairdir. Bacarırsa niyə də qəzet buraxmasın?

 

Yaşar: Bölgə yazarlarından kimləri tanıyırsınız?

 

- Yaralı Bəxtiyar, Samir Bulut, Sabutay, Faiq Balabəyli, Zahir Əzəmət, Elnur Astanbəyli, Günel Mövlud, Murad Köhnəqala, Şərif Ağayar və.s

 

Açar sözlər:

Yazar: ramindeco | Tarix: İyun 15, 2008 0:01 | Yeni Ruhlu layihə | Şərhlər(1) | Baxış sayı: 2297

Şərhlər

1
Elshen yazıb:

cox ela musahibedir. Size yaradiciliq uqurlari arzulayiram...

İyun 16, 2008 3:19

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha