YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Ekstremal şeirlər 

  

 

Tayqa xəyalları 

Tayqada olaydım -

“Bayıl”sız bir məkanda.

Mənə heyvanlar baş çəkəydi,

biri baş –

ağlı sönük,

biri nağdı “g”

müstəntiqlər əvəzinə.

Əsatir kimi

dolaşaydım

Təbiət Ensiklopediyasında

adlarını tapacağım

ağaclar arasında.

Nə bir tövbə, nə bir tabu...

Bu dünyadan köçməmiş

ətrini udaydım

çətirləri yaşıl-yaşıl tayqanın.

Nə cənnətlik,

nə cəhənnəmlik iş olardı bu -

neytral,

təmiz...

Reallıqlardakı

əndişələrə,

nağıllardakı

qorxunc meşələrə

bənzəməyən

tayqada olaydım -

“Bayıl”sız bir məkanda.

Görüşə

quş-heyvan çağıraydı məni,

biri baş –

ağzında əmzik,

biri təmiz “g”

müstəntiqlər əvəzinə.

Gəzəydim

Təbiət Ensiklopediyasında

adlarını tapacağım

ağaclar arasında.

 5. V. 2007               

  

            

Dünya muzeyləri divarlarında 

Dünya muzeyləri divarlarında

humanist rəsmlər

görə-görə

milli,

dini,

irqi cinayətlərdən

uzaq oldum.

Ona görə

uşaq oldum

bu sarıdan.

Milli,

dini,

irqi cinayətlərdən

uzaq insanlarla

söhbətim tutar yəqin

dünya muzeyləri rəsmlərindən.

İçi sülh dolu salonları

xatirələrdə gəzərik daha –

“müharibədə gedən,

müharibə gedən” (Mir Şahin)

ölkədə.

Bəzən küçələrdəncə

girərik qalereyalara –

insanı ucaldan ideyalara

qabaqcadan

heyran-heyran.

Kimsə də hərdən

müqəddəs yalanlar söylər –

kitabxana kataloqlarında

gördüyü rəsmlərə

dünya muzeylərində baxıb guya.

 5. V. 2007      
                   

“Bayıl”a gəlmişdi rəhmətlik atam 

 Kamerama

təsadüfən girən külək

saçlarımı oxşadı

“Bayıl”da.

Bu qəfil qayğıdan

bayıldım az qala.

Sevgilərindən ancaq

rəhmətlik atama

oxşatdım onu.

Gün də əyilirdi

bayırda.

Belədə

insult vurar adamı.

“Bayıl” ola,

iki daşın arasında,

düzxətli-dördkünc

qadağalardan aşıb,

həbsdəki

yaşlı balasına

baş çəkə

rəhmətlik ata.

Qürub şəfəqlərinə

paralel barmaqlarıyla

saçlarını oxşaya

üstəlik. 

 5. V. 2007          

Yeni Zelandiyaya atlandı ürəyim

Bir an

Yeni Zelandiyaya

atlandı ürəyim.

Əyri sərhədləri –

sulardan...

Sandım,

vətənim olar birdən.

Ona illüzor sevgilər

törətdim qəlbimdə.

Xəritədəki

Yeni Zelandiya nöqtələrində

ev qurdum ailəmə -

çox da

tikinti materiallarına

nabələdəm oranın.

Həyatın işidir,

birdən Vətən

yox dedi mənə -

onda gəldim,

Yeni Zelandiya!

İçimdəki dərdlərlə

hətta orda ölərəm də,

əvvəl bir az

yaşamaq şərtiylə.

Bir an

Yeni Zelandiyaya

atlandı ürəyim.

Əyri sərhədləri –

sulardan...

Sandım,

vətənim olar birdən.

 9. V. 2007 
                

Dünya qlobal oldu 

Nənəm öldü.

Düzbucaqlı qəbriylə onun

dünya qlobal oldu

bir az da.

Keçmişi özüylə apardı getdi...

Üstümə yeridi

lüzumsuz gələcək.

Xoşbəxtliyə dair

proqnozları

düz çıxmaz daha

öncəgörənlərin –

istər

Pavel Qloba ola.

Nənəm öldü.

Düzbucaqlı qəbriylə onun

dünya qlobal oldu

bir az da.

 9. V. 2007         

                  


Açar sözlər:

Yazar: ramindeco | Tarix: İyun 12, 2008 3:31 | Ədəbiyyat | Şərhlər(3) | Baxış sayı: 1443

Şərhlər

1
Sevinc Pervane yazıb:

Rafiq Taginin bu sheirleri veteninden ve dogmalarindan kusmush amma hem de onlarsiz yashaya bilmeyen insanlarin yani veteninde qurbet yashayanlarin yani menim kimilerinin sheiridir/ Sizi cox sevirem Rafiq bey. En maraqlisi budur ki bu sheirlerin hamisi eyni gunlerde birnefese yazilib. Ele bil harasa telesirsiniz. Yeni Zelandiyayami? Siz burda oz veteninizde ne qeder lazimli oldugunuzun ferqinde deyilsiniz. Teessuf ki yolunda kulung caldiginiz insanlar da hele ki bunun ferqinde deyiller. Umarim bunun ferqine vardiqlarinda gec olmayacaq.

İyun 12, 2008 8:10
2
sima yazıb:

Rafiq Tağının şeirləri ilk oxunuşdan sərt səslənsələr də, onlardaki incə və gizlii poetiklik valehedici...

İyun 12, 2008 23:45
3
Pərviz yazıb:

Rafiq bəy!
Sizi çox kədərli gördüm...

İyun 13, 2008 21:04

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha