YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Sevinc Pərvanənin dünyası

 

Niloşla ayaqüstü söhbət

-Sən ağlama, qızım, qoy erməni bəbələri ağlasın.

-Ana, erməni bəbələri hardadır ki...

-Cəhənnəmin dibində.

-Bəs niyə ağlasınlar, yazıq deyillər.

-Yox, yazıq deyillər, yazıq ilan vursun yalansa onları...

-Bəbələriiiii?

-Yox, bəbələri yox, qızım.

-Bəs bayaqdan deyirdin bəbələri.

-Hirslənmişdim, dedim, bax daha demirəm.

-Ana, mən erməni bəbələri ilə oynamaq istəyirəm e...

- Qızım Zemkayla oynayarsan da sən.

-Zemka məndən küsüb.

-Barışarsız.

-Yox e...yox e... mən erməni bəbələri ilə oynamaq istəyirəm.

-Olmaz qızım. Onlar uzaqdadır axı...

-Harda? Cəhənnəmdə?

-Hə... Cəhənnəmdə.

-Bəbələəər?

-Yox. Bəbələri demirəm ki...

-Bəs bayaqdan deyirdin bəbələəər?

-Bəbələrin ataları, anaları cəhənnəmdədir, özləri yox.

-Bəs onda bəbələr hardadır?Ana mən oynuyum da onlarnan.

-Yox qızım. Onlar pis bəbələrdir. Biz onların yanına gedə bilmərik. Sənin oyuncaqlarını alıb sındırarlar.

-Onların özlərinin oyuncaqları yoxdur?

Var. Səninkini də istəyirlər. Ona görə pisdirlər də.

-Verərəm oynadarlar. Sonra da qaytararlar.

-Qaytarmaq istəməyəcəklər axı. Nə alırlar, geri vermirlər.

-Mən xahiş eləyərəm, verərlər. 


Sağların şeiri

yuxularımda dostlarımı dar ayaqda atıb gedirəm

uçurum kənarlarında

mitinq qovğalarında

polis dəyənəyi altında

iti ağızlı qap-qara köpəyin önündə

kömək etmək istəyirəm

həmvətənlərimə

zindanlara düşmək istəyirəm

onlarla birgə

vurulmaq istəyirəm

baş-gözü qan  içində

sinələrinə saplanan bıçaqlara

sinə gərmək istəyirəm

“istefa”-deyə bağırmaq istəyirəm

içimdən gəldiyi qədər...

sabahlayıb meydanlarda.

söymək istəyirəm qoşulub onlara birağızdan

tüpürmək istəyirəm qarşımdakı

plokatdan baxan şeytani sifətə...

onların bu savaşda

nə qədər haqlı olduqlarını bilirəm

bilirəm ki

qorxmamalıyam

lazım gəlsə ölməli

döyülməli

güllələnməli

amma onları qorumalıyam

amma hər dəfə

o qara köpəkdən qorxuram

dostlarımı dar ayaqda atıb gedirəm

və dəqiq bilirəm

gerçək həyatda da

bu qara köpəyə güvən olmaz

sizi dar ayaqda atıb gedərəm

namussuzca

qorxaqca

qəhbəcə

inqilabi fikirlərinizi

yanımda açıb ağartmaqdan saqının

hakimiyyəti devirməyə qalxsanız

susun

ağzınızdan qaçırmayın

sata bilərəm sizi

cəsusluq törədə bilərəm

üzü divara dirəyib güllələyin məni dostlar

onlar sizi güllələmədən öncə...
 

2002-ci ilin retro şeirləri


bu gün öldürdüm

“sən” adlı səni ürəyimdə

əliqanlı qatil kimi

vicdanımla baş-başayam

bəlkə

məni mühakimə edəsən

hökm verəsən

və əbədi dustaq kimi

həbs edəsən ürəyində

nə cəza desən

çəkərəm

vallah...


***


ölümü gözləmək-

başqalaşmağa

özgəsinə çevrilməyə ümiddir.
 


***


nə qədər ki, yazdı

güllər yarışmırlar heç vaxt

kim dərəcək onları

nə vaxt...

qızlar tələsirlər amma...


***


ağlaya-ağlaya

boşaltdım içimi

quruda qaldı sevgimizin qayığı

daha üzmür vüsala sarı...

yelkənləri əl edir uzaqlara

yelkənlər ayrılıq rəngində

ovulub töküldü xatirələr tək

sarı-sarı yarpaqlar

bitdi yağışlar fəsli

xoşbəxtlik yadımdan çıxıb

hardasa qaldı

yadıma salma...


***


qulağımda

pıçıltılı duadır səsin

heyf ki, anlamaq çətin...

ayırmaq olmur nə söylədiyini

gecənin pıçıltılarından

heyf ki...

radio kimi

qaldırmaq olmur xatirələrin səsini

istədiyin an...

indi anlamadığım bir dildə

dinləyirəm səni

həmişəki kimi...


***

yalnız

sinəndə qəlbinin partlayacağı ana

dəhşətli bir əzabla

yaxınlaşdığını duyarkən

sən özünün olursan...

nə təəssüf ki...

tez də itirirsən indicə tapdığını-

ürəyin partlaya bilmir

sadəcə dolur...

dolur...

və birdən

elə sakit-sakit boşalır ki...


***

sən gəldin

xəyanət etdim tənhalığıma

çıxıb tənhalığın qucağından

sənə döndüm...

indi nədən çox qorxduğunu bilirəm

haqlısan mənə inanmamaqda

xəyanət  tiryəkə bənzəyir...
 


***

səndə  gecələrin bəyazlığını

zamanın azlığını sevdim...

səndə tapa bilmədiklərimi

başıma çəkdim

bir içim su kimi

susdum...

dilsiz-ağızsız sevdim

qol qoymadım başqaları tək

şərtlər

tələblər dolu kağızlara

şərti şumda kəsmədən

bezmədən

taleyimdən küsmədən

qanunsuz

kağızsız sevdim...

qorxdum ki, səni bir daha

bu qədər sevən olmasın

bir az da yazıq bilib sevdim

bağışla...

amma sevdim

canımdan artıq

dəli kimi...


Açar sözlər:

Yazar: ramindeco | Tarix: İyun 10, 2008 3:21 | Yeni Ruhlu layihə | Şərhlər(1) | Baxış sayı: 1220

Şərhlər

1
sima yazıb:

bir mütilik, taleyi ilə barışma duyulur bu şeirlərdə (erməni bəbələri haq. şeirdən başqa)

Müharibəni siyasətçilər törədir, məsum cocuqlar (irqindən, millətindən asılı olmayaraq) isə bu prosesdə məhv edilir

İyun 11, 2008 5:54

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha