YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

"Yeni RUH"un suallarını filosof alim Ağalar Məmmədov cavablandırır

"Azərbaycan dili böyük fəlsəfələri dilləndirmək üçün hələ ki, çox xamdır"

Günay: - Ağalar bəy, özünüzü hələ də filosof sayırsınızmı?

 -Sualı başa düşmüşəm, amma “hələ də”ni hələ də başa düşmürəm.Bakalavrda fəlsəfə ixtisasına yiyələnmiş bir adam ingilis dilində “I am philosoph” və yaxud alman dilində “Ich bin Philosoph” (Mən filosofam) deyər. Bizdə isə “filosof”la yanaşı, bir də “fəlsəfəçi” (kimyaçı, riyazıyyatçı kimi) sözü var. Əslində “fəlsəfəçi” “filosof”un yarımazərbaycancasıdı. “Filosof” həm bir az zəhmli söz olduğu üçün, həm də biz ondan adətən “ölmüş böyük adamlar”ın mədhiyyəsində istifadə etdiyimiz üçün hər fəlsəfə ixtisası üzrə təhsili olana filosof deməyə tələsmirik.Mən ixtisasca filosofam (fəlsəfəçı). Amma sözün zəhmli mənasında filosof olub-ola bilməcəyim mənim özümə də macəravidi: görəsən, bir neçə il sonra mən haralara gəlib çıxacam, hansı qərarlarda toxdayacam? Mənə 10-15 il vaxt verin. Amma “hələ də”ni hələ də başa düşmədim.   

Eldar: - Allah yoxdursa ondan niyə hamı danışır, yazır? 

-Hamı (kütlə) adətən bəsit şüurdadı. Onların allah haqqında çox danışması və yaxud nə danışması mənim kimilər üçün qətiyyən maraqlı deyil. Şeyx Nəsrullahın ölü diriltməsinə inanmayan Kefli İsgəndərə atası hansısa hacını dəlil göstərib deyirdi ki, bəs yalandısa onda niyə hacı filankəs inanır. Yəqin ki, o hacı filankəsin də evində belə bir mübahisə yaransaydı, o da Keflinin atasını nişan göstərib, eynilə belə deyərdi: bəs yalandısa, onda niyə hacı filankəs inanır. Bu, kütlənin təfəkkür vərdişidi. Hamı nələrdən danışmır ki? Üstəlik, hamı allah haqqında bir “şey” kimi danışır. Halbuki, allah “şey” kimi qoyula bilməz. Mən hələ heç yerdə yazmamışam ki, allah yoxdu, mövcud deyil. “Allah mövcud deyil” ayrı fikirdi, “allah qeyri-mövcudluqdu” ayrı. Qədimdə bilirdilər ki, allah haqqında ən yaxşı danışıq susmaqdı. Kütlə isə allah haqqında mövcud olan bir şey kimi çənə döyür. Allah yox deyil, Yox allahdı!  

Elçin: - Ağalar Məmmədov kimə və nəyə inanır?

 -Mən tələbələrimə fəlsəfənin təbiətini izah edəndə onlara deyirəm ki, əgər filosoflar diplom alanda həkimlər kimi Hippokrat andına paralel bir and içsəydilər, o andda mütləq belə bir fikir olardı: “Mən and içirəm ki, daim hər şeydən şübhələnəcəm, heç vaxt neytrallığımı inama (etiqada, əqidəyə) dəyişməyəcəyəm!” Haydeggerdən öyrənmişəm: “Sorğu-sual etmək təfəkkürün möminliyidir”. Filosoflar şübhələnəndə mömin olurlar. Belə də deyə bilərəm: dində cavab(lar) dəyərlidirsə, fəlsəfədə sual(lar) dəyərlidir. Bizim sarbanımız suallardı, onlarınkı cavablar. Yenə Haydeggerdən: “Filosofun etiqadı olmur”. Etiqadı olan filosof deyil, o, ən yaxşı halda teoloqdur.  

Natiq Ədilov: - Darvinizmə inanırsınızmı?

 -Darvinizm hələ sübut edilməyib, o, hələ nəzəriyyədir, amma elmi nəzəriyyədir, yəni o, elmdir! Darvinizmin əksi olan kreatsionizm (“dünyanı hansısa ilahi qüvvə yaradıb” nəzəriyyəsi) isə heç elmi nəzəriyyə də deyil! O, mifdir, bəşəriyyətin qədim ədəbi (epik) tapıntısıdır. Bu bir. İkincisi, bu üç din – yəhudilik, xristianlıq, islam tarixən insanlığın başına bəla olublar. Darvinizm ona görə bu başabəla dinlərin arealında pis qarşılandı ki, bu dinlər həyatı ilahi mənşəli saymaqla, insan-heyvan uçurumu yaratmaqla insanı təbiətdən qoparırlar. Məncə, Uzaq Şərqdə Darvin nəinki lənətlənməzdi, heç böyük kəşf yiyəsi də sayılmazdı. Çünki yaponların şinto dinində insan təbiətin övladıdı; hindlilərin dinində (hinduizmdə) insan hər dəfə öz doğuluşunda (reinkarnasiyada) təbiətə keçir; dao dinində insan-heyvan uçurumu yoxdur və s. “Darvinizmə inanırsınızmı?” sualı azərbaycanlının qulağında indi elə səslənir ki, elə bil mən nəsə biabırçı bir iş tutmuşam. Onda mən də azərbaycanlı obıvatel üçün belə deyərəm: insanın mənşəyini təbiətdən götürmək, başqa sözlə heyvanla insanın əcdadını eyniləşdirmək bu qədər ayıbdırsa, onda bir cüt insandan (Adəmlə Həvvadan) törəmiş bəşər nəzəriyyəsi daha ayıbdır, çünki belə çıxır ki, allahın ilk insanları ensest (ailədaxili cinsi əlaqə) ediblər, daha açıq desəm, Həvvanın uşaqları da Adəmlə yanaşı Həvva ilə yatıblar. Mən cansız təbiətdən canlı təbiətin (biosferanın), canlı təbiətdən şüurun (noosferanın) yarandığına inanıram. Amma hələ Plotin demişdi ki, keçidlər (sıçrayışlar) həmişə müəmmalı, sirrlidi. Cansızdan canlıya, canlıdan şüura keçiddədir bütün sirr. Bəzi dinlər də allahı həmin bu qaranlıq keçidlərə yerləşdirmək istəyirlər. Elm bu keçidlərə daha parlaq işıq salacaq bir gün.

 Pərviz: - Ağalar bəy, bildiyimiz kimi, filosofları 3 hissəyə bölürlər – fəlsəfə tarixçiləri, fəlsəfəçilər və fəlsəfə yaradıcıları, yəni fundamental filosoflar. Məni maraqlandırır ki, Azərbaycanda fəlsəfə yaradıcıları nə vaxt yetişəcək?  Azərbaycanın yeni dövründə, deyək ki, son 108 ildə fundamental filosofumuz olubmu və ad çəkə bilərsinizmi?  Özünüzü bu filosoflardan hansı kimi təsnif edirsiniz? Təşəkkürlər.

 -Təkcə fəlsəfədə deyil, hər sahədə belə bölgülər aparmaq olar. Mən isə sadəlik xətrinə öz leksikonumda adətən “fəlsəfə alimi” ilə “filosofu” fərqləndirirəm. Sualınıza gəldikdə, mən hələlik fəlsəfə alimiyəm, təbii ki filosof yox.“Fundamental filosof” nə deməkdir? Hansısa fundamental fəlsəfi sual (problem) qaldıran adam və yaxud belə bir suala cavab verən adam. Əgər siz fəlsəfi təfəkkürün dünya səviyyəsindəki gedişinə hansısa mövzuda qoşula bilirsinizsə, yəni hamının hansısa fəlsəfi dolaşıqlıq qarşısında düşünmək üçün vaxt istəyib geri çəkildiyi bir vəziyyətdə siz öz cavabınızla diqqəti (dünya filosoflarının diqqətini!) adınıza cəlb edə bilirsinizsə, yaxud hansısa filosofun hamını öz cavabına inandırdığı bir məqamda siz onun cavabının qüsurlarını göstərə bilirsinizsə, deməli, siz artıq ciddi filosofsunuz. Onda sizin dünya fəlsəfəsindəki iştirakınızı təsdiqləyirlər. Amma bu, ölümünüzdən sonra da ola bilər. Son əsrdə bizim dediyiniz ölçüdə filosofumuz olmayıb, bu da son dərəcə təbiidi. Bunun obyektiv səbəbləri də xeyli çoxdu.Sualınıza cavab kimi bunu da  deyim ki, bu minvalla bizdə heç vaxt filosof yetişə bilməz. Təsəvvür edin, azərbaycan dilində normal bir fəlsəfə tarixi, fəlsəfə terminləri lüğəti, fəlsəfəyə giriş dərslikləri hələ də yoxumuzdur. Sözün dolğun mənasında, fəlsəfi təfəkkür qabiliyyətinə yiyələnmiş, yəni filosoflar kimi düşünə bilən barmaqla sayılacaq qədər az adamımız var. Təkcə bir fakt: hər ötən il Təhsil Nazirliyimiz universitetlərdə fəlsəfə dərslərinin saatını azaltmaqdan xüsusi ləzzət alır. Amma bu sahəyə diqqət, əmək və pul sərf etsək, bəlkə 30-40 ilə nəsə etmək olar. 

 -Natiq Güləhmədoğlu: - Deyirlər ki, Rəsul Rza şeirlərində fəlsəfi yük çoxdur, düz söhbətdir? 

-İnanırsınızmı, mən ilk dəfədir eşidirəm ki, Rzada fəlsəfi məna yükləri tapırlarmış. Rza poeziyasını əla tanımasam da, deyim ki, oxuduqlarım arasında mən görməmişəm. Bunu deyənlərdən soruşmaq lazımdı ki, onlar “fəlsəfi yük” deyəndə nə demək istəyirlər. Çünki bizdə “fəlsəfilik” deyəndə adətən və səhvən ancaq qəlizlik, paradoksallıq kimi elementləri nəzərdə tuturlar. Şair (eləcə də yazıçı, rəssam və s.) birbaşa filosofluq etməz, bunu edə bilirsə, onda gedib fəlsəfi traktat yazsın də, niyə gəlib şeir yazır. Buna görə də, şairlər filosoflara düşünməli predmeti filosofem şəklində verməyə çalışmamalıdırlar. Onların yaratdığı, çəkdiyi poetik tablo filosof üçün düşündürücü olmalıdır. Dillə belə tablolar “çəkə” bilən şairlər fəlsəfi şairlər sayılırlar. Yoxsa filosof şair o deyil ki, o, fəlsəfə kitabları oxuyub, məlum fəlsəfi fikirləri poetik dillə təzədən desin. Fəlsəfi şeir odur ki, filosof onu fəlsəfi üslubda deyə bilməzdi. Şair dildən filosofun istifadə etmədiyi formada istifadə edəndir. Fəlsəfi yükü olan şair dillə filosof üçün susmağı bacaran adamdır. Mən inanmıram ki, Rza dediklərimi bilib. 

 Vüsal: - Darvinizmə görə insan meymundan əmələ gəlib. Əgər insan eşşəkdən əmələ gəlsəydə həyat necə olardı? 

-Bu sualda iynə var. Gedin, bir az elmi kitablar oxuyun. Hamınız dini dünyagörüşün təbiət elmlərinə qarşı bic əks-təbliğatının zavallı qurbanlarısınız. Darvinizmə görə insan meymundan əmələ gəlməyib! Sadəcə olaraq, nəsil şəcərəsində insanla meymunun əcdadı birdir darvinizmə görə: primatlar (hominiodlər, insanvarilər) nə insan olublar, nə də meymun. Buradan iki qol ayrılıb: avstralopitek (Afrika meymunu) və homininlər (insankimilər). Homo sapiens (ağıllı adam) homininlər nəslinin son halqası hesab olunur. Yadda saxlayın: təkamülçü darvinist olmaq zooparkda gördüyünüz meymunun təkamüllə insana çevrildiyinə inanmaq demək deyil.Əgər dünya eşşəkdən əmələ gəlsəydi, siz Darvinin üzünü meymuna yox, daha çox eşşəyə oxşadacaqdınız. 

Pərviz: - Yeni çağ nəsrimizdə hansısa bir nümunə fəlsəfi təzahürləri ilə diqqətinizi çəkibmi? 

-Çox təəssüf ki, son illərin nəsr əsərlərini oxumağa vaxtım yoxdu. Bir-iki ay qabaq oxuduğum K.Abdullanın “Sehrbazlar dərəsi” quruluşuna, dilinə və məndə oyatdığı duyğulara görə xoşuma gəldi. Amma o, fəlsəfi təfəkkür üçün mənə tablo vermədi. 

Ağa Cəfərli: - Şərq fəlsəfənin beşiyi sayılır. Amma Qərb fəlsəfə məktəbi daha güclüdür. Sizcə niyə Şərq elə beşik olaraq qalır?

 -Bu sual çox çətin sualdı. Mən bu suala iddialı bir cavab verib, özümü gülməli vəziyyətə sala bilmərəm. Ancaq vur-tut bir-iki fikir deyə bilərəm.Elmdə bir elm sahəsinin meydana gəlmə dövrü və yeri (sizin sözünüzlə desək “beşiyi”) ilə onun formalaşma, sistemləşmə dövrü və yeri bəzən üst-üstə düşmür. Məsələn, tibb elmi qədim Şərqdə (Misirdə, Çində) yaranıb, amma modern tibb elmi XVII əsrdə Qərbdə formalaşıb. Fəlsəfə də Şərqdə yaranıb. Qədim Hindistanda, qədim Çində anonim mütəfəkkirlər fəlsəfi söhbətlər edəndə Qərbdə hələ heç şeir də yazmırdılar. Ancaq beşik deyəndə də elə çıxmasın ki, bütün Qərb fəlsəfəsi Şərq beşiyindən çıxıb. Məsələn, dao fəlsəfəsindən Qərbdə ancaq XVII əsrdə xəbər tutublar.Şərq fəlsəfəsi elə beşikdə qaldı deyərkən, gəlin, xatırlayaq ki, Qərbdə də yaradıcı fəlsəfə e.ə. 3-cü əsrdə Aristotellə susmuşdu. Roma qədim Yunan fəlsəfəsini təkrarlamaqla məşğul oldu. Orta əsrlərdə Qərb mütəfəkkirləri də dinə çox böyük vaxt itirdilər. Qərbdə əsl fəlsəfənin yenidən başlaması Yeni dövrdə, XVII əsrdə “Düşünürəm, deməli, varam” deyərək, insanı fəlsəfi təfəkkürün mərkəzinə gətirən Dekartla oldu. Təqribən 20 əsrlik susqunluqdan sonra! Bu, Renessansda (XIV-XVI əsrlərdə) “yenidən doğulan” Qərbin fəlsəfi intibahı idi. Nə oldusa oldu, Şərq bunu bacarmadı. Burada qeyri-fəlsəfi amillər də təsirli oldu şübhəsiz. Bütövlükdə müasir Qərb Renessansdan başlayır. Şərqin isə təkcə fəlsəfi təfəkkürü yox, bütün kulturası elə beşikdə qalıb. Bunu paradoksal formada belə də ifadə edə bilərəm: Şərq daha qədim olsa da, Qərb daha yaşlıdır.Sualınıza Şərq ilə Qərb kulturaları arasında bəzi köklü fərqləri göstərərək də işıq salmaq olardı.

 Pərviz: - AYO-dan qıraqda yazarlarımızdan kimisə oxumusunuzmu?

 -Əlbəttə. Niyə oxumamalıyam ki? Dünyanı görmək üçün yalnız öz gözlərinə inanan adam bütün belə bölgülərə və təsnifatlara şübhə ilə yanaşır. Fəlsəfədə də onlarla belə “onlar-bunlar” bölgüsü, cürbəcür “-izm”lər var. Reklamın küyünə getmək istəməyən adam öz mövqeyini müəyyənləşdirərkən gərək belə bölgülərə münasibətdə diqqətli olsun. Fövqəlbəşəri və əbədi təsnifat yoxdur. Şəxsən mən külliyyatı beş-altı şeirdən və bir-iki romandan ibarət Azərbaycan ədəbiyyatına AYO-AYB bölgüsü ilə yanaşmıram. Məncə, hər iki düşərgədə də doğruçu, gələcəkli və yalançı, təsadüfi adamlar var.

 Dilarə: - Din və dövlət bunlar bir-birini tamamlamalıdırmı?

 -Hobbsdan başlayaraq, Marks, Hegel kimi filosoflar başa düşüblər ki, dövlət yer üzünə gəlmiş allahdır. Dövlət yeni dindir. İctimai təsisat kimi din insanlar üzərində ən qədim iqtidar formalarından biridir. Ona görə də, dindar son nəticədə etatistdir (dövlətçi), ateist və antiklerikalist isə anarxist. Konkret bizə gəldikdə isə, bizim dövlətimizin islam dinini tamamlayacaq heç nəyi olmamalıdır. Əksinə, bizim dövlət quruculuğumuz dinin cəmiyyətdə özbaşına şişməsinin qarşısını almaqdan başqa bir şey deyil. Ölkəmizdə dövlətin zəiflədiyi hər bir sahədə dirçələn dinilikdir.Mənim bu yaxınlarda “Alma” qəzetində çap olunmuş “Blasfemiya nədir?” adlı məqaləmdə sualınıza daha dolğun cavab tapa bilərsiniz.

 Seymur Həziyev: - Mən sizi fəlsəfəçi kimi tanıyıram. İnsan mütaliəsini hər kəsə danışmamalı və yazmamalıdır. Biz sizin fəlsəfi məhsulunuzu nə vaxt görəcəyik? 

 -Elə bir kulturada yaşayırıq ki, burada nəinki fəlsəfi tapıntılara, heç araşdırmalara da alqış yoxdu, tərəfdar yoxdu, kömək yoxdu. Şairin, müğənninin mütəfəkkirdən çox sevildiyi ölkədə doğulmuşuq. İstədiyim kitablar əlimin altında deyil, xaricdən gətirtməyə pulum çatmır. Maaş xətrinə dövlət və özgələr üçün işləmək vaxtımı alır, bədənimi yorur. Mənim fəlsəfi axtarışlarıma və yaradıcılığıma heç bir fayda verməyən gərəksiz din araşdırmalarım məni usandırır. Spesifik fəlsəfi debatlar, dialoqlar, jurnallar ölkəmizdə yoxdur. Azərbaycan dilində dünya fəlsəfə irsi yox səviyyəsindədir, tərcümələr edilməmişdir. Azərbaycan dili böyük fəlsəfələri dilləndirmək üçün hələ ki, çox xamdır. Ölkəmizdə fəlsəfi məktəblər, cərəyanlar, ənənələr yoxdur, keçmişdə olanların isə indiyə izi-tozu da qalmayıb. Bir sözlə, nirvana kimi böyük bir “Yox”. Bu yoxun ortasında var gücümlə nə eləmək olarsa, edirəm. Və mən çox məhsuldar üfüqlərə çıxmışam. İndi isə o üfüqlərdə azmadan, səbatla addımlamaq lazımdır. Bunun üçün, mən yuxarıda da dedim, zamana ehtiyac var. Konkret əsərə gəldikdə, əlyazısı halında iki kitabım öz çapını gözləyir. 

  Validə: - Hegel yoxsa Nitsşe bu filosoflardan hansı daha çox sizi özünə cəlb edir? 

 -Çox maraqlı sualdı. Bu filosofların hər ikisi mənə doğmadı. Mən onların müqayisəsini çox qısaca belə apara bilərəm: Nitsşeyə görə, fəlsəfə tarixində demək olar ki, hamı haqsızdı; Hegelə görə isə, fəlsəfə tarixində demək olar ki, hamı haqlıdır. Nitsşe ilə Hegel bir-birinə bu qədər antipoddurlar. Nitsşe Hegeldən sonra yaşayıb və təbii ki, onu da qəbul etməyib (amma o, Hegeli az oxumuşdu). Yeri gəldiyi üçün, fəlsəfə tarixinin maraqlı bir məqamı kimi bunu da deyim ki, bir-birinə bu qədər əks mövqedə dayanan bu iki filosof ikisi də Herakliti ən böyük filosoflardan biri sayırlar.Hegel mənim diqqətimi Nitsşedən sonra cəlb edib. Bəlkə ona görə də, Hegel mənə dini-idealist baxımdan ziyan verməyib. Azərbaycanda Hegeli az-çox tanıyanlar onu Foyerbaxın və Marksın təqdimatında tanıyırlar. Bu isə ancaq teoloq-idealist üzü görünən Hegeldir. Kojevin təqdimatındakı Hegel isə tamam ayrı Hegeldi. Kojev ötən əsrin 30-cu illərində Hegelin fəlsəfi antropoloq-ekssistensialist üzünü kəşf etdi. Bu, Hegelin renessansı adlandırılır. Hal-hazırda mənə Hegeli oxumaq daha maraqlıdır, nəinki Nitsşeni.  

 Aslan: - Çoxları deyir ki, artıq fəlsəfəçilik dövrü bitib. Bu fikirlə razısınızmı? 

 -Bu da çox dərin və geniş məsələdi. Doğrudur, belə bir problem var. XX əsrdə bu mövzuya toxunmayan Qərb filosofu olmayıb az qala. Bu, fəlsəfənin böhranıdır əslində. Ayrı-ayrı elmlər artıq bir neçə yüz ildi ki, fəlsəfədən ayrılıb, müstəqil sahəyə çevrilirlər və fəlsəfə yavaş-yavaş əriyir. Hər bir elm sahəsi öz problem sahəsini qoltuğuna vurub fəlsəfədən çıxanda, onda “bundan belə fəlsəfə nə işlə məşğul olmalıdır, onun funksiyası nədən ibarətdir?” sualı meydana gəlir. Fəlsəfənin bizim dərsliklərdə göstərilən klassik problemləri və terminologiyası çoxdan dağılıb (amma bizdə hələ də tələbələrə – gələcəyin fəlsəfəçilərinə bu dərsliklərdən fəlsəfə öyrədirlər!). Olmaya, fəlsəfə də mif kimi, din kimi, idrak tarixində öz ömrünü başa vurub? Problemin məğzi qısaca bundan ibarətdir. Bu cür məsələlər fəlsəfədə “Fəlsəfənin fəlsəfəsi” adlanan sahədə müzakirə edilirlər. “Fəlsəfə nədir?” sualı bəlkə də heç vaxt indiki qədər cavabsız sual olmayıb.Mənim şəxsi fikrimcə, fəlsəfə daha həqiqətin elmi deyil, o bu iddiasından əl çəkməlidir. Bundan belə fəlsəfə azadlığın elmidir. Yaspers deyirdi ki, fəlsəfənin heç kimə lazım olmaması (“faydasızlığı” – Lao Tse) onun azadlığıdır. Onda Yaspersə istinadən gəlin belə deyək: fəlsəfə təkcə azadolmanın yollarını öyrətmir, onun özü elə azadolmadır. Azad olmaq istəyirsənsə, filosofluq elə.Dərinlik həmişə fəlsəfidir. Fəlsəfədən uzaq adamın dərinliyi ola bilməz. İstər incəsənətdə, istər elmdə, istərsə də dində dərinə getdikcə mövzu fəlsəfiləşir. Nə ilə məşğul olursansa ol, gəlib fəlsəfəyə çıxmırsansa, deməli, hələ üzdən gedirsən.

Fəlsəfə dinin mövhumatına, elmin materializminə və incəsənətin mənasızlığına qarşı antibiotikdir. Fəlsəfə olmayan yerdə dindar mövhumatçı, alim materialist, sənət bayağıdır. Nəhayət, insan fəlsəfəsiz dəyişə bilməz. Mən fəlsəfənin gələcəyinə inanıram.  

 Bayram: - Şərq fəlsəfəsi güclüdür, yoxsa qərb fəlsəfəsi? Mümkünsə daha geniş məlumat verəsiniz.  

 -Hansı Şərq? Şərqin də qədimi var, müasiri var, Yaxını var, Uzağı var. Güclülük nə deməkdir: dərinlik, zənginlik, doğruluq?.. Sual konkret olsaydı, bəlkə daha konkret cavab vermək olardı. Mən Şərq-Qərb sualına yuxarıda da cavab verdiyim üçün indi bir az qısa olacağam. Qərb fəlsəfəsi Şərq fəlsəfəsindən həcmcə qat-qat böyük, zəngin və mürəkkəb fəlsəfədir. Amma Qərbdən öyrənə biləcəyinizi Şərqdən, eyni zamanda da Şərqdən öyrənə biləcəyinizi Qərbdən öyrənə bilməzsiniz. Məsələn, zen-buddhizmin Qərb fəlsəfəsində oxşarı yoxdur. Amma Şərqin də, məsələn, Haydeggerdən öyrənəcəyi çox şey var. Əgər ağlımızı ideoloji məhbəsə salmamışıqsa və yaxud gizli döyüş aparmırıqsa, Şərqdən də Qərbdən də öyrənəcəklərimizi kəşf edə bilərik. Fikirlərin dolaşığında “mən Şərqliyəm” (və yaxud əksinə) mənsubiyyətini xatırlamağa heç macal da qalmır. Uzun illər Hegeli, Derridanı öyrəndikdən sonra afrikalıların oral fəlsəfəsini öyrənmək üçün Afrikaya köçən, yaşayan alman filosoflarından H. Kimmerle yazır: “Fərqli-olana fərqli gözlə baxmalısan”. Sən ancaq bu yolla onun fərqliliyini görə bilərsən.


Açar sözlər:

Yazar: ramindeco | Tarix: May 26, 2008 18:35 | Yeni Ruhlu layihə | Şərhlər(17) | Baxış sayı: 3548

Şərhlər

1
sima yazıb:

ağıllı adamım müsahibəsi, həqiqətən insana zövq verir

May 27, 2008 0:05
2
Şahvələd Çobanoğlu yazıb:

Bir şeyə təəssüf etmək olar ki, indi Ağalar kimi intellektuallarımız çox azdır. Amma onun kimilərinin olması məni xeyli sevindirir. Bizdə ziyalı ilə intellektualın arasında məsafə çox böyüyüb. Ən qorxulusu odur ki, istedadla intellekt arasında da məsafə çoxalıb. "3 alanların" hər məclisin başında əyləşməsi bizim toplumu didib-dağıdır. Bu, bir-birinə alternativ olanları bir-birinə oxşadır... Ağalar bəyin "çıxdığı yola" sevindim. Ona uğurlar olsun!
Bəzi fikirlərinə qarşı çıxmaq olar, amma hiss edirsən ki, qarşındakı Akademiyanın bixəbər alimləri deyil, əsl peşəkar, əsl intellektualdır.

May 27, 2008 18:15
3
Seymur Həziyev yazıb:

Mən son vaxtlar rastlaşdığım iki şeyə görə hələ də cəmiyyətə ümidimi itirməmişəm. Birincisi Rısul quliyevin qardaşına yazdığı sözün həqiqi mənasında şərəfli məktubu, digəri isə uzun müddətdi yazılarını oxuduğum və təzə tanış olduğum Ağaların müsahibəsi. Birinci məndə mənəvi inam yaratdısa, ikinci millətin beyninin də tükənməıdiyinin göstəricisidir. Sağ ol qaqa. Sağ ol təzə dost, sütül alim.

May 28, 2008 18:44
4
Burhan yazıb:

Salamlar.Agalar muellime verilen sualdan helede xeber yoxdur.Niye javab vere bilmir
Sualin metni bu idi(sade)
--“Siz gündə mütaliə edirsiniz və elm aləmində yen-yeni kəşflərin sorağındasınız,güman etmirsiniz ki hal-hazırda islam dininin əleyhinə əldə etdiyiniz 100 dəlil və sübutlarınızi və tarixi mülahizələrinizi ola bilər 10-20 ildən sonra 1 dəlil batil və məhv edə?!” Sizin cavablarınız gələcəkdə elm sahəsində çalışanlara mühüm elmi əsasa dönə biləcəyi nəzərə alıb qısaca da olsa dolğun cavab yazın.“Qətiyyən ola bilməz”cavabını seçməkdə hansı dəlilə istinad edirsiniz? (Əgər bu variantı seçməli olsanız)..
Sualı bir azda ətrafli yazıram.Sizə aydındır ki tarixən bir çox insanlar olub ki özlərinin müəyyən bir fikr və ya ideyalarının tam düzgün və dəyişilməz həqiqət oldüğünü, istinad etdikləri məntiq və faktlara əsasən millətlərə aşılamışlar və özlərinə məxsus bir fədakarlıqla həyata keçirmişlər.Az-çox zaman keçəndən sonra baş vermiş ictimai,siyasi və qeyri-təbii hadisə və dəyişikliklərdə öz ixtiyarları ilə tutduqları fikirlərindən daşınmışlar.Bəziləri öz keçən ömürlərinə görə(əqidə və fikirlərinın yetərsiz olmasını bilib)peşimanlıq hisslərini keçirirlər.Mən əyani formada neçəsini tanıyıram.Tarixdə də sizə yəqin rast gəlib.Keçmiş SSSR və şura hökumətinın dəyişməsi ilə öz əqidəsində qalan da oldusa,dönən də oldu(Heç kəs də onları məcbur etmədən).Vaxtilə Masallıda məscid binasını sökənlərlə əmakdaşlıq edənlərdən neçəsi hələ də yaşayır ki,öz ixtiyarları ilə islamı həqiqi formada qəbul edib,tövbə edib hələdə keçən səhvlərinə görə həsrət çəkirlər.Deməyin uydurmadır.Biri-ikisi ola bilər güclü emossionallığından yaxud pul-para xətrinə və “daha ağacını əldən düşmüş” görüb xala xətri tövbə edib,hamı tövbə edən ki belə yalançı deyil.Onlardan bir neçəsi savadlı kadr,müəllim,ictimaiyyətın xususi nümayəndəsi olub,heç kəs onları məcbur etmədən oz agahlıqları ilə əvvəl israr etdikləri movqelərindən əl çəkiblər.Bəziləri hətta “zamanın gedişatı nəticəsində yaranan problemlərın biz üçün gözləmədiyimiz aydınlıqlar səhifələrini açdı” sözünü deyir və onu sabit edirlər.İndi durub onları da baykot edək,və bir düstür yaradıb “Qeyri-mümkündür”””Onların məntiqləri zəifdir”deyə ünvanlarına qara yaxaq!?Məhz bu baxımdan sizə sual verdim və cavab istədim ki,siz bu yaşınızda hələ əliniz çatmayan gələcəkdən hansı konkret cavabı qopara bilrəsiniz.”Gələcəkdə nə baş verəcək” “Başımıza nə gələcək”suallarına dəqiq cavab üçün yenədə çarə qalıb ki gözlənilən gələcəyi yaşayıb əyani görmək.Hər şey ola bilər,hər şey olmaya da bilər.Min il qabaq hansı alim dəqiq və bütün cüziyyatina qədər proqnoz verərdi ki bir gün gələr elektron xətti ilə insanlar evindən bütün dünya ilə əməkdaşlıq edər.!? Bu gün öyündüyümüz bu imkanlar və bu telefon və krosna rabitə cihazları bir əsrdən sonra yalnız heyvandalıqda tövlə üçün yararlı olan təchizat ola bilər.Dəqiq mühakimə yürütmək olarmı ki olar ya olmaz,yaxud nələr baş verər ya mümkün deyil!Ağalar müəllim,vicdanla deyin bu səhv fikirdir?Bax bu cəhətdən sizə sual verdim ki bu gün,bu təlatümlü və bir neçə həqiqətlərin üstünə pərdə alınan belə bir çaşqınlıq dövründə islamın əleyhinə daşıdığınız elmi dəlillərinızın(kimə lazım olar ya yox,ayrı məsələ)haqlığı zaman durduğu qədər sabit qalacaq və heç vaxt dəyişilməyəcək?.Siz “sabah nə baş verər,sevinərsiniz ,kədərlənərsiniz,kimə,harada rast gələrsiniz,ovqatınızı Burhan yenə təlx edəcək ya şad edəcək,nə bilim dünyada hansı məlumatlar yayılacaq.və.sair”dəqiq proqnozlaşdıra bilərsinizmi?Tibb aləmində neçə belə son və konkret hesablama verilib,lakin sonrakı alimlər yeni əks nəzər yürütmüşlər.Elmin hələ hər dörd sərhədi tam təyin olunmayıb.Siz ehtimal vermirsinizmi ki bü günkü dəqiq hesablamalarınızı sabahkı daha dəqiq və üstün elmi qənaətləriniz inkar edə bilər?Sual əlbətdə sizə aydın olub.

May 30, 2008 4:37
5
ramil yazıb:

Agalar bey Hemise Var olun...Amma Azerbaycanda bu qeder insan terefinden Terif ve ya Yaxsi menada Tenqid Almaginiz sizi Ozunuzden razi salamsin...Cemiyyetimizin Problemi coxdur,Sizin kimi dusunurlere hemise ehtiyacimiz vardir..........Men Dervis Dostunuz kimi Fexr etsemde..Xidmet edilmesi saheler coxdur,gorulesi ilser coxdur..Ugurlar Size...Sukurki Sizin Kimi ..Sahveled Coban Oglu kimi Dostlar VAr

May 30, 2008 9:25
6
Elmin Hesenli yazıb:

"İstədiyim kitablar əlimin altında deyil, xaricdən gətirtməyə pulum çatmır. Maaş xətrinə dövlət və özgələr üçün işləmək vaxtımı alır, bədənimi yorur. Mənim fəlsəfi axtarışlarıma və yaradıcılığıma heç bir fayda verməyən gərəksiz din araşdırmalarım məni usandırır."

Bu fikirleri oxuyandan sonra cox kederlendim...

May 31, 2008 9:56
7
Burhan yazıb:

Agalar Mammadovun şikayətlərindən ...." Maaş xətrinə dövlət və özgələr üçün işləmək vaxtımı alır, bədənimi yorur. Mənim fəlsəfi axtarışlarıma və yaradıcılığıma heç bir fayda verməyən gərəksiz din araşdırmalarım məni usandırır."

Atalar demişkən,dişin ağrayır çək qurtar,qonşun pisdir köç qurtar.Agalar müəllim kimdən gileylənir?
Bir ondan soruşmaq ki sizi kim (mənasiz)dini araşdırmağa məcbur edir!
Əgər dini araşdırma elmi inkişafiniza köməyi varsa daha gileylənib onu mənasız adlandırmaq nəyə görə!?Usanmaq nəyə görə?
Yoxsa faydasızdırsa alim adamda faydasız işlərlə məşğul olar?.Hələ bu azmış üstəlik ayrı yerdən müqəssir axtarır!
Qəribədir?!

İyun 1, 2008 3:02
8

Bu cür insanların qədrini bilmək, keşiyinə durmaq lazımdır.

Mən intellektdən zövq alıram.
Azərbaycanda 3-4 insan var ki (bəlkə də çoxdur, mən yalnız öz tanıdıqlarımı deyirəm), onları dinləyəndə, oxuyanda intellektlə təmasda olduğunu duyuram. Biri də Ağalar müəllimdir.

Dindar insanların ona hücumunun çox şahidi olmuşam. Məncə, ağıllı adamın dindarı-ateisti olmur. Ağıllı adamın bir təyini var: Ağıllı adam. Və elə axmağın da yalnız bir təyini var: Axmaq adam.

Mənə bir şey çatmır: əgər insanın savadı onun dinə inamasına mane olursa, biz niyə onu qınamalıyıq?

İyun 1, 2008 6:21
9
Ramin yazıb:

Salam Agalar müellim,
Azerbaycan milleti (yigin,kütle)Felsefiye nece baxir?Gebul eliyir yoxsa O'na garshi cixir?Texminen hansi terefe eyilimlidir?
hörmetle
ramin
Almanya

İyun 2, 2008 0:24
10
Burhan yazıb:

http://www.almaqezeti.com/index.php?mod=view&id=2984
Ağalar müəllimin fitri istedadlarından süzülən “mübarək”!kəlam-Allah yox deyil, Yox allahdı!
Beyindən xəstə adamla nə elmi söhbət!
Qaranlıq otaqda xəyali bir hədəfə möhkəm yumruq atan və YOXluğu kəşf edən boksçu-filisof alim-Ağalar müəllim!
Maşaallah hər cür xəstələrə rast gəlirik,Gündə bir virus haqqında xəbərlər yayılır.Şükr ki ölmədik Allahsızlıq-etiqadsızlıq və süper şəkkaklıq virusu tapmış Ağalar kimi bimarları da gördük!
Siz nə qədər ehtiyaclıqda xəstəsiniz.Xəbəriniz yox.Sizin son dərəcədə şüurdan xəstə olmağınızı fəlsəfə adlı nümayəndəniz hamıya aydın sübut edir.Yoxluqla tüfəng davasına çıxan alim!Mən başqa söz demirəm.Təkcə bu qədər
Tanimadığınız və heç vaxt tanımayacağınız (sizin xəyalınıza görə yox olan)Allahdan sizin sagalmağınızı istəyirəm.Deməyin ki yoxluq adamı necə sağaldar!Yoxluqla sərt davaya çıxan alimə baxıb gərək həmin yoxluqdan xəstə beyin sahibinə şəfa istəyəsən.Yox olan Allah sizin yol azmış və yalnız şübhəli qəbul olunan beyn və şurunuza şəfa versin.Xəstənin yanına gedəndə el adəti üzrə onun yanına şirniyyat apararlar və onun başı üstə durub “tezliklə sağalasan””yastığın yüngül olsun”və.s kimi arzularla ona ürək dirək verərlər.Ağalar müəllim,indi sizdə təəsssüf həmin yoxluq virusuna yoluxmuş xəstələrdən biri.Yox olan Allah sizə olmayan şəfanı versin.Özünüzü( sizin kəşf etdiyiniz yox)(və bizim etiqada görə var və tək)olan Allahdan gözləyin ki olmayan şiddətli bəlası sizin –Brejnev demişkən“şiroko şaqayet azərbaicanlı Ağalar”iso2008 express təfəkkür marşrutunuza dəyməsin.Allahın varlığından çox yoxluğundan vahiməyə düşən Ağalar müəllim.
Allahsızlığı ilə iftixar edən şübhəli varlıq alim Ağalara Allahçılığı ilə iftixar edən bəndə Burhandan
2008-06-02
Cavab lazimdirsa qoy Ağalar mənə ozü yazsın!

İyun 2, 2008 21:25
11
Ataoglu yazıb:

Aqalr bey bu boyda milleti tehqir edir/Ishiniz olmasin insanlarin inanci ile/Here ozu ucun bir insandir.Elm oyrenmek budusa mene lazim deyil

İyun 3, 2008 1:17
12
Ataoglu yazıb:

Oxuculara salamlar.Bilmek isterdim,Bakida bu qeder alimlerimiz var,onlar da Agalar muellim deyeni deyirler?Ne qeder yaziclairimiz shairlarimiz var ve milet onlara ziyali deyir.Onlar Allahi taniyrar.Baxtiyar Vahabzade,Nabi Xazri ve br neche pedaqoqlar danishanda Allah,insaallah deyirer.Bas bunlar milleti aldadir?Millet qalib avare.Agalar muellim diga ermenileri sevindirir.

İyun 3, 2008 8:18
13
dervis yazıb:

Agalar bey indi anlayiram ki,qarsiniza ne qeder insani alib bu yolda sine gererek davam edirsiniz...Yaxsiki Varsiz

İyun 4, 2008 8:31
14
Şeytan yazıb:

Ağalar müəllim, Siz bu savadsiz kütlə içində Parıldayan İşıqsız!

Özüm Ateistəm çox sevinirəm ki azərbaycandan çıxa bildim indi xaricdə təhsil alıram yoxsa bəzi alçaq dindarlar bezdirmişdi məni.

Özünüzə baxın dindarlar-balaca adamlar!

İyun 24, 2008 22:22
15
Burhan yazıb:

Sheytan!Dogrudan sheytansan/Burnundan dushmusen/Elmin de hech de Xennasdan az deyil/Sizin bu Agalara qorxusundan big ve saqqaini da qirxdi/Eshhi qorxaq adamin xasiyyeti beledir.Gunde bir cildi deyisher/Hech kese guju catmaz amma aj deve kimi tepiyini islama atar

İyul 12, 2008 8:43
16
Burhan yazıb:

Yaradanimiz Allaha and olsun sheytanlar ve dinsizler neqeder eks yazirlarsa ve onlarin yazisini oxuyuramsa Allaha ve islam dinine mehebbtim daha da artir.Sheytanlar bizim qullugumuzdadir ozleri de derk etmeden. Her bir ateistin bir yarim bayt misrasini oxuyanda bizim mehbbetimiz Allaha peyqembrlere ve imamlara daha da artir ateistlere ne qalir bosh vaxt ve omur zay etmek.Diqqet-Ateistler islamcilarin qullugundadirlar-!!!!!!

İyul 15, 2008 8:11
17
Anar Aydinli yazıb:

Agalar bey salam, Anardi Sekili Ankaradan yazan, CEBECI usaqlarindan :-) sene felsefeni azerei milletine oyretmekde basarilar :-) bu arada Almaniyadan Ramine de salamlar :-) sagolun...

Sentyabr 5, 2008 7:42

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha