"Yeni RUH"un suallarını MEDİA GENERALI
Şahvələd ÇOBANOĞLU cavablandırır
Hər zaman haqqım çatar deməyə ki, nə vaxtsa qəzetdə işləmişəm
-Elnar: Şahvələd Çobanoğlu kimdir?
-1969-cu ildə Göyçədə doğulmuşam. Orta məktəbi də orada bitirdim. Riyaziyyatçı olacağımı düşünürdüm, amma BDU-nun jurnalistika fakültəsinə daxil oldum. Sonra da qəzetlərdə işlədim. Bilirəm ki, bu sualı verənlər daha geniş mənada, mücərrəd və bir az da fəlsəfi cavablar gözləyir. Adətən insandan dünyadakı yeri və statusu soruşulur. Zənnimcə, bu cür cavab ədəbiyyat adamlarında daha yaxşı alınır, mənim də xoşuma gəlir insanın həyatına və özünə o cür baxmağından. Çünki maraqlı adamlar çoxdur, maraqlı baxışlar da. Amma heç vaxt özümə bu cür baxmamışam. Mənə çətindir dünyada özümə status, yer müəyyən etmək. Hərdən ən avara adam kimi görünürəm özümə, bəzən də həyatımın ciddiliyindən xoşum gəlir. Amma həyat həmişə mənə çox maraqlıdır. Markesin bir sözü var: ötənlər üçün ağlama, sevin ki, onlar olub. Düşünürəm ki, həyatım çox maraqlı keçib, indi də çox maraqlıdır. Düzdür, hərdən atamdan ötrü bərk darıxıram - çarəsiz kimi, uşaq kimi, amma yenə də həyatımı öz axarında davam etdirə bilirəm. Yaşadığımız dövr də çox maraqlıdır. Bizim dövrə fikir verin. Ən məşhur adamlarla ən sadə adamlar arasında məsafə birdən necə yaxınlaşır. Bəzən hamı bir-birinə qarışır. Bu ona bənzəyir ki, teatrda tamaşanı oynayan aktyorlarla tamaşaçılar bir-birinə qarışıb, teatr həm səhnədə, həm zalda gedir. Mənim bu maraqlı və hərəkətli dövrdə özüm haqda düşünməyə çox az vaxtım olur. Hər halda sualınıza qısaca belə cavab verərdim. Qəzetçiyəm. Bu, mənim ən yaxşı bacardığım işdir. Əminəm ki, hər zaman haqqım çatar deməyə ki, nə vaxtsa qəzetdə işləmişəm.
-Elnar: “Gündəlik Azərbaycan” qəzetindən sonra o hələ heç bir qəzetdə redaktor kimi çalışmır. Bunun səbəbini mənə bir oxucusu kimi deyə bilərmi?
- Zatən elə çox qəzet də yoxdur. Redaktor yeri də çox deyil. Elnar, əzizim, yaratdığımız qəzetlərin taleyi (zorla bağladılması) həm də bizim redaktorluğumuzun taleyidir. Mənim redaktorluğumu da indi qapayıblar.
Vüsalə: Eynulla Fətullayev və Şahvələd Çobanoğlunu nə birləşdirir?
- Biz birgə qəzet buraxdıq. O zaman işsiz idim. Onun dəvətini qəbul etməyimə indi də çox sevinirəm. “Gündəlik” bizim birgə layihəmiz idi. İş zamanı da gördüm ki, Eynulla çox istedadlı, çox zəhmətkeş, çox cəsur bir adamdır. Həm də çox funksional bir adamdır. Bizim birliyimiz çox faydalı oldu. Üstəlik, onunla dost olduq. Bir yerdə işlədiyimiz adamlar görürdü ki, onun da mənə böyük etimadı, hörməti var. Biz birlikdə daha güclü olduq. Mənə ilk vaxtlar çox sual verirdilər ki, sən hara, Eynulla hara?! Mən o adamlara deyə bilərdim ki, çox adamları gördüm, çoxlarını tanıdım, sizləri də gördüm... Amma boş verirdim və qısa cavabım olurdu: Eynulla ilə birgə yaxşı qəzet buraxmaq olur. Eynulla tək mənim deyil, bütün Azərbaycanın hörmətinə layiq bir insandır. Vüsalə xanım, Eynullanı xatırladığınız üçün sağ olun.
-Eltac: “Hurriyyət”, “Günaydın” və “Gündəlik Azərbaycan” kimi qəzetlərin redaktoru olmuş Şahvələd bəy bizə jurnalistikada başına gələn maraqlı əhvəlatlardan danışa bilərmi?
-Yeni evlənmişdim, hərdən vaxt o qədər dar olurdu ki, təzə soyaddaşımı dərsdən alıb redaksiyaya gəlirdik. Məni gözləyirdi və işlər seyrələndə evə aparırdım. Belə günlərdən biri idi, qəzetin yeni nömrəsi hazırlanırdı. Mən uşaqların birinə deyərəm:Xədicənin stolunun gözündən 1 kiloqram narkotikanı al mənə gətir. Gördüm ki, qızın sifəti qaraldı. Amma heç nə demədi. Otaqda heç kim olmayanda dedi:Necə yəni 1 kiloqram narkotika? Mən də izah verdim:Hə, 1 kiloqram narkotika tutulub... Bəs Xədicənin stolunun gözündə neyləyir? Yox, ay balam, həmin hadisə haqqında yazını deyirəm, nə narkotika?! Həmişə evdə bu hadisəni danışıb gülürük.
- Seymur: Azadlıq” qəzetinin redaktoru Pərvizə belə bir sual vermisiniz: “Andrey Platonov haqqında fikirlərin mənə maraqlı olardı”. Elə mənə də maraqlı olardı sizin Platonov haqda fikirləriniz...
-Seymur bəy, mən bu rus yazıçısına çox böyük dəyər verirəm. Hələ də düşünürəm ki, ona niyə Nobel vermədilər. Məsləhət görürəm ki, hər kəs onun əsərlərini oxusun. İlk dəfə “Takır”ı oxuyanda inana bilmədim ki, belə bir əsəri yazan adam özünə layiq şöhrət qazana bilməyib. O zaman çox gənc idim, ilahi, Sırdəryanın sahilində, səhrada, Orta Asiyada... Əsər də Orta Asiyadan bəhs edir və ilahi bir istedadla yazılıb. Onun yazı texnikası barədə, yazıçı özəllikləri barədə danışa bilərəm, amma bu geniş ədəbiyyat söhbəti olacaq və uzun çəkəcək.
- Gülər: Bugünkü medianın durumunu analiz edə bilərsinizmi?
-Mətbuatımızın problemləri çoxdur. Bu da ölkədəki avtoritarizmlə bağlıdır. Həm təzyiqlər, həm maddi sıxıntılar böyükdür. Hətta bizim oxucularımızın da durumu pisdir – oxucumuz olan və ola biləcək adamları deyirəm. Bizim oxucular da sıxışdırılır, nəinki özümüz və potensial reklamverənlərimiz.
Peşəkarlıq problemləri var. yazmayan adamlar ictimai arenada jurnalistikaya ağsaqqalıq edir. bu sahəyə yönələn layihələr, qrantlar effektli istifadə edilmir. Araşdırma (təhqiqat) jurnalistikası yox kimidir. Yeni media jurnalistikası gecikir, indi məndə çalışıram ki, nə isə yazam, bir şey hazırlayam. Bütün bunlara baxmayaraq jurnalistikamız ayaqdadır, əsl mübarizə və dirəniş göstərir. Onunla fəxr edirəm.
-Vüsal: Tez-tez belə ifadə səsləndirilir:"Mətbuatımızda reketçılik...". Axı jurnalistlər baş kəsmir, bir-iki manat rüşvət alır. Bunu bu qədər şişirtməyin əleyhinəsinizmi? -
-Vüsal bəy, biz istənilən reketçiliyə qarşı olmalıyıq. Amma mətbuat reketçiliyini doğuran səbəb idarəçilikdəki reketçilikdir. Biri oğurlayıb yeyir, digəri də ondan nə isə qoparmaq istəyir. Yəni biri milyonları talayır, digəri quruşları ondan alır. Razıyam sizinlə, şişirtmək olmaz, amma əsl qəzetçilik bundan uzaq olmalıdır, buna qarşı olmalıdır. Kiminsə oğurlamaq haqqı varsa, hamının oğurlamaq haqqı olmalıdır. Amma biz heç kimə bu haqqı tanıya bilmərik. Heç kimin oğurlamaq haqqı yoxdur.
-Dilarə: “Gündəlik Azərbaycan” kimi qəzetlərin çap edilməsini oxucular hələ çox gözləməlidir?
-Dilarə xanım, mən də çox darıxmışam. Çox tələsirəm. Amma indi resurslar, imkanlar yoxdur. Qəzetin üzərində böyük cərimə var. 330 min manat.
-Gültəkin: Bir jurnalist kimi sizin bu fikiriniz mənə maraqlı olardı. Azərbaycan söz azadlığı hara kimi inkişaf edib?
-Əslində indi bunun davası gedir. Biz söz azadlığını saxlamaq istəyirik, hakimiyyət onu məhdudlaşdırır. İnkişaf onda olardı ki, söz azadlığına basqı olmazdı, əksinə, dövlət onun qarantı olaydı. Çətin durumdur. Amma biz çalışmalıyıq ki, danışan dillər yumulmasın.
-Aytəkin: Sizə elə gəlmir ki, “Yeni Müsavat”da istədiyinizi yaza bilmirsiniz? -
Aytəkin xanım, bu eyhamı əvvəl də eşitmişəm. Amma gəlin tələsməyək və mənim son yazılarıma baxaq. Bu konkret adlara görədir. Amma digər yazılarımda da ümumi təhlillərim bundan çox sərt və ifşaedicidir. Qəzetin saytında o yazıların hamısı var.
(http://www.musavat.com/site/shownews.php?news_id=34126)
Xatırladım ki, aprelin 30-da Bakının məşhur “Gülüstan” sarayında “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı inşa yazı müsabiqəsinə yekun vurulub, mərasimdə qaliblər elan edilib. Qaliblər 800 min inşaçı məktəblinin arasından seçilib. Təsəvvür edin, 800 min məktəbli!
Heç kimin şübhəsi yoxdur ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini şah əsəri eləməsə də, şahlıq əsərinə çevirib. Şahanə bir hökmranlıq, yəni şahlıq hələ də davam edir. Mən məktəbliləri yaxşı başa düşürəm, bu ölkədə bina, ev tikmək yarışı varsa, onlar boş durmayacaq ki?! İnşa etmək onların da haqqıdır. Hətta indiki hakimiyyət üçün Heydər Əliyev haqqında inşa yazmaq göydələn tikməkdən də vacib sayılır.
Axı bizim balalar müəllimlərinin yüksək maaşlarından, atalarının yaltaqlıq etmədən yaxşı pul qazanmasından, məktəbdə onların cibinə xərclik qoyulmasından, rüşvətin kəsilməsindən necə yazmaya bilərlər?!
Tədbirdə iştirak edib şahanə çıxışlar söyləyən YAP funksionerlərini isə bir az anlaya bilmədim. Xalqın müstəqillik hərəkatından və bu hərəkatda fəal iştirak etmiş adamlardan, onun liderlərindən və konkret olaraq, Rəsulzadədən, Elçibəydən söz düşəndə qışqırırlar ki, müstəqilliyimiz təbii bir hadisədir və Sovet İttifaqının dağılması nəticəsində ortaya çıxıb. Hələ arqument də irəli sürürlər ki, Türkmənistanı da xalq hərəkatı müstəqil etmədi ki?! Bəs onda bu müstəqillik haradan Heydər Əliyevin əsəri oldu? Öz-özünə göydən düşən müstəqilliyin müəllifi niyə olmalıdır? Əgər müstəqilliyin qorunması nəzərdə tutulursa, kim müstəqilliyini itirib ki, biz də itirə bilərdik? Onda Türkmənistan kimin şah əsəridir?
(http://www.musavat.com/site/shownews.php?news_id=33752)
Belə nağıl da İlham Əliyevin köməyinə çatdı. Yoxsa 2007-ci ilin məlun yanvar gecəsindən bu yana ölkə “bahalaşma” deyib nalə çəkir, amma dinən yox idi. Məhz taxıl və düyünün bahalaşması ilə bağlı məlumatlar ortaya çıxan kimi ölkə başçısı mövzunun üstünə gəldi. Aydın oldu ki, bahalaşmaya görə şikayəti bundan sonra hökumətdən yox, Uca Tanrıdan eləməliyik, çünki məhz O, dünyanı bu qiymətlərə gətirib çıxarıb.
Belə çıxdı ki, guya 2007-ci ilin əvvəlində bizim hakimiyyətin enerjidaşıyıcıların qiymətini artırması da Allahın əmri, peyğəmbərin duası ilə baş verib, Tarif Şurası sadəcə göydən gələnləri yerdəkilər üçün qanuna çevirib. Və s...
.
-Hikmət: Bəziləri Heydər Əliyevi İlham Əliyevlə müqayisə edəndə üstünlüyü birinciyə verirlər. Bəzən onu mətbuatın dostu adlandırırlar. Bu nə dərəcədə uğurlu müqayisədir?
-Hikmət bəy, “Azadlıq”da ötən ay “İnternasional-2008” adlı yazım çıxıb. Orada həmin məsələyə toxunmuşam, həmin yazıdan hissə: “Son vaxtlar İlham Əliyevlə Heydər Əliyevin hakimiyyəti dövrlərini müqayisə etmək dəbə minib. Müqayisənin niyə gündəmə gəlməsi başa düşüləndir və təbiidir. Amma müqayisədə ata Əliyev dövrünə üstünlük vermək tendensiyası gözə çarpır ki, bu da yanlışdır. Hesab edirəm ki, hər iki dövrü bir-birindən ayırmaq mümkün deyil. Eyni prinsiplər, eyni idarəetmə üsulları, eyni təfəkkür davam edir. Son vaxtlar ictimai-siyasi fəaliyyətlə məşğul olmağın daha çox çətinliklərlə üzləşməsi, medianın vəziyyətinin pisləşməsi əvvəlki dövrün mütərəqqiliyi ilə izah oluna bilməz. Dövr mahiyyətcə həminkidir. Sadəcə, rejim özünü qorumaq üçün hər gün daha ehtiyatlı, daha tədbirli və kəskin olmağa məcburdur. Çünki bu hakimiyyət getdikcə daha dözülməz olur, ondan narazılıq artır, xalq arasında dayaqları isə tamam dağılır. Üstəlik, mənəvi və siyasi anlamda daha da zəifləyir. Bu halda, o, repressiya maşınını gücləndirməyə, olan-qalan azadlıqları bir az da boğmağa məcbur olur. Bunlar rejimin yaşamaq instinktinin güclənməsidir. Odur ki, köhnə dövrə nostalji ilə yaşamağa dəyməz, bu günlərimiz elə həmin dövrün varisidir, eynisidir.”
-Elşən: Fazil Qəzənfəroğlu satılmağı deyirlər sizə çox pis təsir edib. Bu fikir öz-özlüyündə düzdürmü?
-Qoy desinlər, bəy, problem yoxdur. Bu kimi hadisələr çox olub. Hamısı da mənə çox pis təsir edib.
-Elnarə: Azərbaycan mətbuatında özünüzə kim rəqib bilirsiniz?
-Elnarə xanım, yaxşı qəzetçi yaxşı qəzetçiləri özümə rəqib saymır. Onlardan özümə tərəfdaş düzəltməyi düşünür. Onların əksəriyyəti mənim dostlarımdır. Bunu da təvazökarlıq və mənəviyyatlı adam olduğumu nümayiş etdirmək üçün demirəm. Biz yarışa çıxan idmançılar deyilik, biz bu gün eyni cəbhəni təmsil edən, eyni yerdən zərbələr gözləyən, eyni taleni yaşayan, eyni dərdi daşıyan adamlarıq. Təkbaşına qəzet çıxarmaq olmur, bunun üçün bacarıqlı adamlar yığmalısan. Bir yazara görə nadir adamlar qəzet alar. Bizlər bir-birimizi oxudan adamlarıq. Yazıları məndən çox oxunan yazarların olduğunu etiraf edirəm. Zamin Hacı və.s Amma biz bir-birimizə rəqib deyilik. Tərəfdaşıq onlar çox qiymətli adamlardır. Qəzetdə müxtəlif işlər var. Müxbir ayrı, köşə yazarı ayrı. Redaktor ayrı, buraxılış redaktoru ayrı və s. Hər müxbirin öz işi var, hər yazarın öz cəhəti var. Bunlar bir-birini tamamlamalı və hər nömrədə oxucuya yaxşı bir yazı buketi verməyə imkan yaratmalıdır. Mənim üçün rəqabət qəzetlər arasında ola bilər. Bazar marketinq amilləri baxımından. Deməliyəm ki, mənim çalışdığım dövrdə bu işlə məşğul olan istənilən qəzet rəhbəri məni rəqib kimi görməzs, səhv edər.
-Ramiz: “Hər şeyin zamana ehtiyacı var” deyib, öndər. Bu fikir bugünki reallıqla nə dərəcədə uzlaşır?
-Əbülfəz bəyin ruhu şad olsun. Mən də hər ehtiyacın hökmən ödəniləcəyi bir zamanın olduğuna inanıram. Bu fikir həm də onu deyir ki, əlinizi üzməyin, yorulub həvəsdən düşməyin, inad və ağılla çalışın, dirənin, vaxtı gələcək! Bu fikir şərin hökmən yıxılacağına inamdır. Bəzən axmaq və pis adamlar bu sözü müxtəlif cür yozur, çünki axmaq və pis adamlardır.
-Pərviz: Bəy ədəbi yaradıcılığın varmı? Varsa niyə üzə çıxarmırsan, yoxsa niyə yoxdu. axı bu zamanada şair olmamaq mümkün deyil.
-Görünür, bəy, mən şair zəmanəsinin yazmayan şairiyəm. Yox, mənim ədəbi yaradıcılığım yoxdur, məktəbdə və tələbəlikdə dərs zamanı bəzən zarafatla misralar və bəndlər qoşduğum yadımdadır. Amma bu ədəbiyyat deyildi. Amma ədəbiyyatı çox sevirəm. Şeiri də həmçinin. Hərdən mənə elə gəlir ki, bir hekayə beynimə yığışıb. Amma ürəyimə yığışmır ki, qələmə alım. Bəlkə nə vaxtsa yaza bilərəm. Amma bu gün yazdığım yalnız məqalələrimdir. Yaxın zamanlarda “İnsan layihələri” adlı kitabımı çap etdirməyi düşünürəm. İstərdim ki, “Antik fəlsəfə”ni yazım, kitabın çox fərqli planı və bir çox fəsilləri də hazırdır, Etibar Qasımoğlu da qoşulmaq istəyirdi birlikdə yazmağa, sonra alınmadı. Əgər alınsaydı, çox yaxşı bir iş olardı.
Əsas odur ki, oxumağa bir şey tapıram.
Açar sözlər:
Şərhlər
Super-super
Mən sizi dəstəkləyirəm
ramin duz deyir siz medianin generalisiniz.
ar olsun jurnalistikadan oz manefeyi namine istifade edenlere
Vusalenin sozlerine men de serikem
Çobanoğlu Jurnalistikamızın namuslu sifətidir
Musahibe elbette ki yaxsidir.Amma Shahveled beye az da olsa beled adam kimi deyirem onu qatbaqat maraqli danisdirmaq olardi. buna onun elmi savadi ve heyat yolu 100 faizilik imkan yaradib. heyf ki sual verilende xeberim olmamish
Dostum menim,Insan ozunu kucedeki avara kimi gorur ve tenqid edirse..demek ki,en boyuk deyeri veriri ozune..ozune olunan tenqidleri onceden gorur,terifleri bele....Dostum Sen deyerlisen..Ve deyere Sahibsen..Her an yanindayam..hormetle uzaqdaki dostun ramil
May 30, 2008 9:43


sahveled bey cox saq olun musahibeye gore insallah Eynulla Azadliqa cixar yeniden qezti berpa edersiniz
May 13, 2008 21:28