Zibil müharibəsi
Külək qopdu. İlan kimi uzun yolun toz qabığı soyulub nəfəs kəsirdi. Qəfil əsən yel qızmış kəl kimi üzünə qələm ağacının budaqları döşənmiş çəpəri yıxıb-aşırdı. Çardağın altındakı qab-qacağın hərəsi bir tərəfə dığırlandı.
Qorxunc uğultudan bir yerdə durmaq olmurdu. Həyətəki it illərlə sığındığı, qoruduğu qəzet köşkünün üstünə uçacağından qorxub küçə yuxarı yüyürdü. Dəmiryolu vağzalına çatanda külək bir az səngimişdi. Xələc stansiyasındaydı. Bəxtinə döyüş yazılanlar, od altından çıxanlr paytaxta burdan keçib gedirdilər. Qatarın dəmir təkərlərinin arası ilə vurnuxan iti burnunu qıcıqlandıran ətli peraşki iyi dəli eləmişdi. Vaqonların birinin qapısı açıqdı. Sıçrayıb içəri girdi. Elə bu vaxt qıy çəkilirmiş kimi bir səs gəldi. Səs - qatarın tərpəniş fiti onu indiyə qədər bir gün də ayrılmadığı qəzet köşkündən ayırdı. Yazığın ürəyi ağzına gəlmişdi. Tamahına görə başına gələnləri, arxada qoyduğu kəndi xatırlayıb ətli peraşkini lənətlədi. Zəhrimar fərli bir şey də deyildi. Sadəcə, vazkeçilməz, əcaib qoxusu varıydı. Qatarın geridə qoyduğu hər ot, ağac boyda uzaqlaşırdı anladığı dünyadan, hər an onun üçün yeni bir tale idi. Vaqonun içəri qapısını açan çirkli xalatlı adam onu görmədi. Deyəsən, içkiliydi. Bəxti gətirmədi. Birinin onu görüb yerə atması gərəkdi. Bu yolun heç olmasa yarısından qaytarmaq üçün. Qəti qərara gəlmişdi. Qarşı stansiyada düşüb qayıdacaqdı. Qatar dayananda yerə baxdı. Adamlar bir birinini üstünə çəmkirirdilər. Zavallı it qorxusundan onların arasına düşməyə cəsarət eləmədi. Qatar yola düşdü. Onu yenə də fikir götürdü. Gərək düşəydi... Bütün stansiyalarda düşüb qayıtmağa cəhd eləsə də, bacarmadı. Bu yolu sona qədər getməkdən başqa çarə qalmamışdı. Qaranlıq zəhmini göstərməyə başlayırdı. Göz-gözü görmürdü. Uzaqdan görünən işıqlar toxunulması heç vaxt mümkün olmayan ulduzları xatırladırdı. Birdən qəribə bir sual gəldi ağlına: “Görəsən ulduzlar varmı?” Bəlkə onlar da lap uzaqdan ötüb keçdiyimiz evlərin doqqaz işıqlarıdır. O artıq heç nəyin fərqində deyildi. Sadəcə, bu yolun sonunu düşünürdü. Görəsən, orada həyat necədi? Qatar elə səs çıxardı ki, əti didildi. Onun bu zarıltı ilə ayaqlarırnı yerə dayamasından anlaşılırdı ki, yolun sonudur. Qapılar açıldı. Düşməyi xahiş edən qadının sözü qurtarmamış sanki onu kəşf etdilər. Bu dəfə o düşmək istəmirdi. “Qatar birdən geri qayıdar” ümidiylə. İtələyib yerə atdılar. Yeməyinin vaxtını keçirmiş bosslar kimi başının ağrısından bir müddət yerindən tərpənmədi. Amma dincəlmək də lazımydı. Sürüşkən yolun bir tərəfi ilə aşağı şütüdü. Beton xəndyə çatana qədər dayanmadı. O tərəfi görünən xəndəyin ağzı dəmir məhəccərlə bağlıydı. Burada bir az dincəlmək istədi. Sidık iyindən itin başı çatlayırdı. Deyəsən, yoldan keçənin hamısı bura dönürdü. Başqa çarəsi yoxdu, nabaləd olduğu yerdə başqa yermi tapa bilərdi. Elə mürgü vurmaq istəyirdi ki, dəhşətli bir iyə oyandı. Ardıyca başının islandığını hiss elədi. Hələ belə iyrənc qoxu duymamışdı. Sivişib o biri küncə qısıldı. Başını isladan adam onun durduğu yerə uzanıb, Səhərə doğru yol aldı. Niyə belə pis qoxu gəldiyi məlum oldu. Nəmişlikdə uzanmaqan soyuqlamışdı. Üstəlik də əlində Xırdalan pivəsinin şüşəsi vardı. İçdiyi nədi ki, sidiyə də nə getsin. Deyəsən, çoxdan gün çıxmışdı. Hündür binalarin arxasından indi görünürdü. Yerindən qalxanda uzun pilləkəni gördü. Pilləkənin qabağında qıyıq gözlü qadın dəfnə yarpağının yağından düzəlmiş dərmanlar satırdı. Əlləri üç-dörd rəngə çalırdı. Ətrafdakıların onu anlamamasından görünürdü ki, buralara doğma adam deyil. Zavallı məxluq öz aləmində adamını tapmışdı. Amma bura nə qəribə yerdi, gəlmələrin də hərəsi bir tərəfdən idi. Hər kəsin öz dili vardı. İnsan sürüsünün ardı kəsilmədən şüşə qapıdan çölə axışdığına saatlarla baxıb, təəccüblənməkdən yoruldu. Yeməyə bir şey tapmaq lazım idi. Üstündə min bir anlaşılmaz yazı yazılmış beton hasarın dibindəki zibil qutularına yaxınlaşdı. Burada adamlar eşələnirdi. İlk dəfə idi belə şey görürdü. Zibiliklərdə itlərdən başqa canlı görməmişdi. Duruxub bu səhnəni bir qədər izlədi. Adamlar donquldana-donquldana çıxıb getdilər. Özünü qutuya çatdırıb bir qədər eşələnəndən sonra bayaqkı donquldanmaların səbəbini anladı. Dişə dəyər bir şey yoxdu. Bura onlardan qabaq baş çəkmişdilər. Heysiz halda küçə aşağı düşdü. Oturuqlu halda ovucunu açıb dilənən daş kişinin yanına çatanda bir neçə it gördü. İtlər də onu gördülər. Onlaraın hərəsi bir rəngdə, özgə görkəmdə idilər. Yanlarında da qadınlar. O, yenə çaşmışdı. Kənddə itlər kişilərlə gəzirdilər. Yaxınlaşıb dərdini demək, azdığı yolun səmtini soruşmaq istəyirdi. Bu dəmdə qadınlardan biri əlindəki kağız bükümü açdı. İçindən ətli perojki iyi gəlirdi. Deyəsən, bu dəfə də onu yaxşı heç nə gözləmirdi. İtlər ona nəsə dedilər, amma başa düşmədi. Heç onların sahiblərini də anlamaq olmurdu. Hansısa başqa dildə danışırdılar. Amma sözlərin bəziləri tanış gəlirdi. Kənddə qəzet oxuyanlardan eşitmişdi, deyəsən. O tərəfdən - gül dükanının yanından da bir it gəlirdi Ağzı buruntaqlı. İpini tutan cavan oğlan onu tərpənməyə qoymurdu. Sərxoşa oxşayırdı. Buruntaqlı onun sahibi barədə nə fikirləşdiyini duymuşdu. Güclə də olsa “hallıdır” mızıldandı. Aclığa dözə bilmirdi. Nəhayət taleyini puç eliyən perojkidən yemək qərarına gəldi. Sağ qalmaq üçün oğurluq eləmək lazımdı. Kənddə belə hərəkətə görə iti azdırardılar. İndi bunun heç bir mənası yoxdu. Onsuz da o azmışdı. Nəhayət, perojkini qapmaqla bağın yuxarısına, oradan da dar bir küçəyə adladı. Adamlardan çəkinə-çəkinə divarın dibində ağzındakını yerə qoyub, yenidən götürdü və yedi. Səhər açılandan məəttəl qaldığı bir şey də vardı. Buranın adamları itlərə daş atmırdılar. Bəs əsəblərini kiminlə soyudurdular görəsən? Günortaydı. Bir dəstə adam qışqıra-qışqıra küçə yuxarı gəlirdilər. Birdən bir-birinə oxşayan ayrı bir dəstə adam onlara tərəf yüyürdü. Çatan kimi əllərindəki zopayla qarşıdakıları şil-küt elədilər. İtin gözü kəlləsinə çıxdı. Buranın adamları bir-biri ilə it kimi də davranmırdılar. Bir sözlə, bura onluq deyildi. Dava-dalaşın necə qurtardığından xəbəri olmadı. Tünlükdən çəkilmək niyyətiylə baş alıb gedirdi. Gecə yarısına qədər küçə-küçə gəzəndən sonra anladı ki, bayaqdan eyni yerləri tapdayır. Bir küçəni tutub getmək qərarına gəldi. Uzun körpünün altından keçib balaca kolun yanında dayandı. Qulaqlarına yenə dava-dalaş səsi gəlirdi. Kimsə ucadan söyürdü. Ona elə gəldi ki, yenə bayaqkı davadan düşüb. Yerindən qalxıb on addım gələndə zibil qutusunun yanında iki nəfərin sarmaş-dolaş ağladığını, onlardan birinin isə arabir gur səslə “Bütün günahlar ondadı. Hamı ac-yalavacdı. İnsanlar yaxşı yaşasaydılar zibillikdə də yeməyə bir şey tapılardı. Hamını yalavac günə qoyan odur, hər şeyin taqsırı ondadır...” - deyirdi. Əlində araq şüşəsi tutmuş bu adamlar deyəsən çox şey bilirdilər. İlk dəfəydi ki, zibil olmadığına görə kiminsə qınandığını eşidirdi. Baxmayaraq ki, burada zibildən bol heç nə yox idi. Yenə də aclıqla barışmalı oldu. Qaranlıq gecədə bu narazı cütlükdən ayrılıb üzüyuxarı sümsünməyə başladı. Bir az gedəndən sona asfaltdan sağa qanrılan yola dönüb aşağı düşdü. Gecənin yarısı bura xeyli adam gəlirdi. Əllərində bükülüm-bükülüm kağız olan bu adamlar da narazı görünürdülər. Onlar da “bütün zibillərin taqsırı ondadır” deyirdilər. Amma, deyəsən, bu “zibil” o “zibil”dən deyildi. Səhərə yaxın bura yenidən maşınlar, adamlar axışdılar. Qalaq-qalaq qəzetləri yükləyib aparırdılar. Ona elə gəlirdi ki, kənddəki qəzetsatanı görəcək. Səhərə qədər gözlədi, hamı gəldi, getdi, amma o, görünmədi. Səhər açılanda maşınların arasından bir təhər keçib dörd yol ayrıcına çatdı. Hara gedəcəyini bilmirdi. Adamlar sol tərərdəki binanın altına yığışırdılar. Bir saat sonra iynə atsan yerə düşməzdi. İzdiham sapa düzülmüş kimi yola düzəldi. Bu dəfə də bir ağızdan nəsə qışqırırdılar. Bir nəfər də onların ağızlarına nəzarət edirmiş kimi özünə üsul əkirdi. Bir qədər adamların dalınca gedəndən sonra gözünə yenə bir zibil qutusu dəydi. Amma indi iki nəfər həqiqətən zibil üstündə savaşırdı. Lap uzaqlardan isə gurultulu bir səs gəlirdi: “Bizim ölkəmiz dünyada liderdir! ONDA heç bir günah yoxdur, bütün taqsırlar ONLARDADIR...” “Lənət olsun belə inkişafa ki, zibil qutuları bom-boşdur” içindən keçirdi. Adamlar yenə eyni ağızdan qışqırmağa başladılar. Yenə də bir birinə oxşayan zopalılar oradaydılar. Amma bu dəfə adamları döymədilər.... Görəsən niyə? Səhəri gün bu küçə ilə bir də izdiham gedirdi. Birdən adamların arasından kənddəki qəzetsatanı gördü. Yüyürüb özünü göstərmək istədi. Tanımadı... Kənddə olsaydı, mütləq yeməyə bir şey verərdi. Deməli, günah bu xarabadadı. Zavallının içində nəsə qırıldı. İllərlə köşkünü qoruduğu adam onu tanımadı. Az sonra kimsə yenə danışmağa başladı: “Hər şey yaxşı olacaq, indi dağılaq, bir həftə sonra yığışarıq. Kağız-kuğazınızı yığıb, hazır eləyin. Sizə olan borcları qaytaracam. Evinizə çörək də alacaqsız, nəvənizə alma da ...” Gün əyilən vaxt olardı, insanlar qışqırışa-qışqırışa geri qaçırdılar. O keçmiş qonşusunu yenə gördü. Bu dəfə zopalılar onu arxadan vururdu. Qonşusu əsəblə onu döyənlərə “niyə insanlara it kimi cumursuz” deyirdi. Bu dəfə tamam incidi. Bu dəhşətli səhnə qurtarar-qurtarmaz yekə bir maşın gəldi və zibil qutularnı boşaldıb getdi... Nəhəng qutular idi. O indi anlamışdı ki, böyük şəhərlərdə böyük zibillər olur, böyük zibillərin də böyük, yaraşıqlı qutuları. Çox güman ki, onu da böyük maşına böyük adamlar yığdırırlar. Böyük zibil dağları yaratmaq üçün. Ona görə burda kiçiklərə zibil də düşmür... Sonuncu ümidi növbəti izdihamda özünü birtəhər qəzetsatana tanıdıb, geri qayıtmağaydı. Amma zibil eşən adamlar danışırdılar ki, ONUN buyruqçuları camaat yığışan meydanı sökdürüblər ki, ta bir də bu küçədə toplaşan olmasın. İndi o növbəti toplantının yerini axtara-axtara bu insanlarla yaşamağa, zibil davası eləməyə məhkumdu.
Açar sözlər:
Şərhlər
Bu nədi, itin yeridi
May 10, 2008 7:12
Seymur iti ağıla, erudisiyaya, dərin intellektə sahib bir gəncdi. Bunu o özü məndən yaxşı bilir və mən deməyə də bilərdim. Ancaq bloqçu dostlar da bilsin deyə yazdım.
Bu hekayə Seymur bəyin ilk hekayəsidi, ama onlarla tanınmış nasirdən ustaca yazıb; o neçə-neçə tənqidçidən də yaxşı qavrayır ədəbiyyatı.
Semur haqda düşünərkən düçəcəyim "Gənclik" metro stansiyasından ötüb keçmişdim. Seymur düşündürə bilir demək və etiraf eləyim ki, bu mənim başıma ilk dəfə gəldi. Onu da deyim ki, bu ötüb keçmənin semiotik bir anlamı da var; Seymur haqda düşünərkən gənclik dayanacaq nöqtəsi deyil. Fikirlər adamı müdriklik istiqamətə aparır və ya doktor Nərimanova. Yaxşı ki, indi Nərimanovdan Gəncliyə qayıtmaq o qədər də dəhşətli deyil - baxmayaraq ki, gecə yarısıdı... Nərimanov da boşuna deyil... Seymur həm də siyasətçidi. Əslində həm də yazardı. Mənə onu diləmək qalır ki, qoy Tanrı harda onu daha çox qələbə gözləyirsə (söhbət işıqlı qələbədən gedir), o yönə də aparsın.
Uğurlar, qardaşım. Sən gözümüzü dikdiyimiz layihələri başa çatdır.
hakaye xosuma geldi
Heyif ki, oaradan pul iyi gelmir
Dövrümüzün insanları ilə itləri arasındakı oxşarlığı bu yaşda görə bilmisənsə, çox yazıq!! Amma nasir kimi ilk yazıdaca duymağınızı da insafən, çox uğurlu saymaq lazımdır!!
May 25, 2008 6:00
Seymur bəy, salam!
Nəsr tenezmləri olmadan yazılmış ilk hekayəniz xoşuma gəldi. İtin gözüylə keçid dövrünün insanları və siyasi proseslər dəqiq müşahidələrlə verilib. Sevindim. Təbriklər! Gələcək əsərlərinizi gözləyəcəyəm.
P.S. Məncə, hekayə üçün daha uğurlu ad seçilə bilərdi.
sağ olun rafiq bəy! Məncə də bu bu hekayənin ən böyük üz ağlığı ilk hekayə olmasıdır
İyun 19, 2008 7:37
Yaman yazıb heç itin də yeridi?
May 10, 2008 7:08