Qəşəm Nəcəfzadə dünyası sizlərin yolunu gözləyir
Namaz
Səhər-səhər əl-üzümü
ağacla yudum
səhər-səhər dilimi
adamla açdım.
Özümü balaca divarla mehlədim
Alnımın tərini buludla qurutdum
Gözümün yuxusunu quşlarla yudum.
Ayağımı yolla rahatladım
Payız havasıyla dəstəmaz aldım
Sonra tamaşa qıldım
Heç vaxt görmədiyim bir səhərə...
***
Ev əşyaları...
Otuz illik soyuducunun əsas arzusu
Otağın o biri başına adlamaqdı.
Tırıldayır bax
Trıldamaq darıxmaqdı.
Evin içində bir addım atmaq
Opdan pəncərəyə baxmaq
Şümal bədənini hamıya göstərmək
Arzusu
ayağı kimi çürümüş artıq.
bir dəfə evin xanımı da demişdi belə
soyuducu orda yox burda yaxşıdı
sonra yaddan çıxdı hər şey.
televizor on ildi köhnə yerində
bütün verilişləri təkrar...
Paltar yuyan maşının
ən çox yuduğu corablardı
Ən boyük arzusu
bir corab qədər yerimək...
şifonerin əyilmiş ayaqlarını altına
təzə kağız parçası qoyulmuş
bir az şifonerə təzəlik dəymiş...
evi dəyişməsəniz də
hərdən evdə əşyaların yerini dəyişin
ev gözünüzə təzə dəysin.
***
Pişik
Pişik üçün yemək stolunun üstündən
Yuxarı göy üzü yoxdu.
Stolun altına düşən
Insan ayaqlarını
Pişik hər şeydən əvvəl
Nəyinsə quyruğuna oxşadar.
Pişiklərin qara ayaqqıbıların
Altında yemək tapmaq ümidi
Nə gözəl
Yaxında kürləşən sərçələr
Sanki bir zarafatdı
Pişiklərin gözü önündə
Ölümnən nəticələnən...
Ona bax
Ayaq izləri qarın üstə elə qalır
Hərdən qayıdıb öz ayaq izlərini
Yad kimi iyləyir pişik.
Pişikdən soruşsan: insanın adı nədir?
Deyər sümük.
***
Eynək
Evdə tez-tez itirdiyim şey
eynəyimdi
Eynəyi də tez tapıb
Gətirən qızımdı
Indi qızım nişanlanıb
həyat yoldaşım indi ən çox
Eynəyimin fikrini eləyir.
Pəncərə şüşəsi
Burnumu pəncərə şüşəsinə
Dayayıb
Düz iyirmi il getdim qabağa
Səni qoyub gəldiyim yerə-
Ömrümün əvvəlinə
Yadındadı ütü əlini
Yandırmışdı ha...
Mən də dərman almışdım ha...
Hətta əllərini mənə göstərməyə
Utanırdın...
Deyirdin əllərim yoxdu ,
Pişik yeyib.
Bax onda, mən sənin əllərini
Tapanda sevdim
Nə gözəl əllərin varmış...
Pəncərə şüşəsi olmasaydı
Irəli gedə bilməzdim
Bir saat da olsun...
Heyranam
Şüşəylə burnun möcüzəsinə...
***
Axtarış
Balaca oğlum
Hər axşam yatanda
Corablarını hara tullayırsa
Səhər oyananda tapa bilmir.
Səs-küyünə qalxıb
Hamımız evdə corab axtarırıq.
Məncə yaxşıdı
Səhərimiz hər gün
“axtarış”la başlayır.
***
Deyirəm...
Anam yoxdu...
Atam tək qalıb nəvələrinin içində
Domina oynayırlar...
Uşaqlar yan-yörəsinə
Zamanın parcalari kimi səpilib
əl çalırlar babalarının
uduzduğuna.
Deyirəm anam sağ olsaydı
Atam domina oynamazdı.
Oynasaydı uduzmazdı.
Gəlinləri nahara çağırır
Atam yubanmır.
Anam sağ olsaydı...
***
Divan
Gecələr yatdığım divanın
Cırıldayan ayağı
Həmişə mənə
Yaşamağımı xatırladır.
Hərdən əllərimi divanın
Altına salıb
O ayaqdan yapışıram.
Yadıma düşür ki, onu
Kirayə mənzilimizdən
Çıxardanda sındlrmışam.
O biri ayaqlar
sağ-salamat deyə
Mənə yaddı.
əgər dayansa cırıltı
demək həyat bitdi.
***
Dəyişmək
Həyatımda nə dəyişıb, nə?
-Heç nə
bir onu bilirəm bu il
otağımda tək kitab
rəfinin yerini dəyişdirmişəm.
***
Təqvim
İyul günlərinin üstündən
Qara xətt çəkilib.
Elə bil şallaqla bir sürü
Milçəyi qırıblar.
Tək öldürülməmiş iki gün qalıb
Iki ağ kəpənək...
Eh uça bilsəydi o iki gün
Dayansaydı vaxt...
***
Əslində...
Müharibədə məğlub olmaq
Qalib gəlmək deməkdi.
əsgərlər ağlaya bilirsə əgər
göz yaşlarını yanaqlarına sərib
zəfər nəğməsini oxuyurlar...
Əslində qalib gəlməyin özü
bir aldanışdı.
Bir il beş il adlayar
Bir də görərsən
Düz çökərlər öldürdüyünün
Qarşısında qaliblər.
Istehsal edilən silahlar
Sulahsızın önündə
ağlamaqdı.
Bunu bir dəfə də olsun
Anlamadı ölkələr...
***
Həyat lövhələri
Sevginin ölümü küçələrin ölümü deyilmi?
Payızın ölümü deyilmi sevginin ölümü?
Skamyaların boşluğu
Ayrılığın şəkli deyilmi?
Qağayılara atıram qələmimi
Mən indi qatil deyiləmmi?
Inthar etmiş yarpaqlara bax
Kim ağaclara qaldırar
Ölmüş baharı?
Bəlkə də yarpaqlar şəkillərdi
Fotoqraf yıxılıb
Açılmış çantasının ağzı
Bax gör necə öpüşür şəkillər.
Və yaxud
Ağacların altındakı kimsəsizlik
Ağacdan asılmış
Boş yellənçək deyilmi?
Seks filmlərində dodaqlar ölmədilərmi?
Gözlər hələ də ağlayır bir cüt körpəsini.
Mersedesin surəti ayrılığa bənzəmirmi?
ABŞ dolları mübahisə deyilmi?
Şadlıq saraylarında
Bir azca qəm var
əvvəl ağaclar ölür
sonra adamlar
biz bunu bilmirikmi?
Sahil bağında
Skamyalara yazılmış adlar
Islanmış sərçələr kimi civildəşirlər:
“Vaxtı ilə biz də sevmişik”
indi biz bu adlara təsəlli olmayaqmı?
Ömrüm mübahisələrlə doludu
Hər biri həyata bərabər...
Deyəsən
insanları əşyalar öldürür...
***
ATƏT sayağı
Yaxşı ki, mən sənə zəng elədim
Yaxşı ki, sən də telefonu söndürdün
Yaxşı ki, mən də səbəbini soruşdum
Yaxşı ki, səndə daha məni sevmədiyini
Söylədin...
Yaxşı ki, mən səni öldürmədim
Yaxşı ki, sən də yaxına gəlmədin
Yaxşı ki, mən də səni qovmadım
Yaxşı ki, sən də qaçmadın
Yaxşı ki, mən çıxıb bu tərəfə getdim
Yaxşı ki, sən də çıxıb o tərəfə getdin.
Açar sözlər:



Salamlar Qəşəm müəllim. AYO və AYB arasında nə fərq var?
May 8, 2008 21:49