ƏN YAXŞILAR AZAD YAZARLAR OCAĞINI SEÇİR
Seymur Həziyev: Rasim bəy niyə son vaxtlar publisistik yazılar yazmırsız?
- Buna bir neçə səbəb var: birincisi, əvvəlki entuziazm qalmayıb, artıq redaksiyaların kaprizlərini çəkəcək durumda deyiləm, ikincisi, heç bir redaksiyadan əməkdaşlıq konusunda təklif almamışam, təklif olsa yazmağa davam edərəm. “Gündəlik Azərbaycan” qəzetində Şahvələd bəy demokratik çalışma ortamı yaratmışdı, həftədə iki dəfə bu qəzet üçün yazmaqdan məmnun idim, həm də qəzet oxunan qəzet idi. Vaxtilə mütəmadi yazmaq istədiyim qəzetlər olub, xüsusən “Azadlıq” qəzeti ilə münasibətlərimizin əngəbəli bir tarixçəsi var, israrla bu qəzetdə çap olunmaq istəmişəm, qonorar tələbim olmadan, ancaq hansı qüvvələrsə buna mane olub. Giley kimi başa düşməyin, Seymur bey “Azadlıq” qəzetində çalışdığı üçün bunlar ağlıma gəldi, bu sorğuya cavabları spontan yazıran, belə daha səmimi olar düşünürən. “Yeni Müsavat” qəzeti ilə də münasibətlərimizdə buna bənzər hallar olub. Yeri gəldiyi üçün demək istədiyim bir məsələ var: mən hər zaman çətinliklə çap olunmuşam, halbuki deməyə sözüm var, qələmimin nə qədər gücü olduğunun fərqindəyəm, oxucuya nə cür təsir etmənin üsullarını bilirəm, üstəlik, bir çox jurnalistdə olmayan bədii təxəyyülüm var və s. Elə isə nə üçün qəzet redaktorları ilə diqloqum heç vaxt alınmayıb. Bu sualların cavabını mən bilirəm; çünki bizim redaktorlar hamısı feodal tefekkürlüdür, onlar millət deyəndə ancaq öz yerlilərini nəzərdə tuturlar, elə bu düşüncə də onları uğursuzluğa aparır. Mənim kimi ipə-sapa yatmayan kənar bir müəllif heç kimə lazım deyil.
Seymur Həziyev: Bir də sizin şeirlərinizdə əxlaq məsələsi çox tənqid olunur. Mövqeyinizi müdafiə üçün izah vermək istərdinizmi?
- Mən əxlaq anlayışına qarşıyam, belə deyən kimi o saat korazehinlər sözümdən tutacaqlar, demək əxlaqsızlığın tərəfindəyəm. Xeyir əxlaqsızlığın tərəfində də deyiləm. Sadəcə əxlaqın istər insanların, istərsə ədəbiyyatın ölçü vahidi olmasını qəbul etmirəm. Hələ “əxlaq” deyəndə əksəriyyət insan vücudunun hansı nahiyyəsini nəzərdə tutur, bunu Murad Köhnəqaladan soruşarsınız. Yalançı əxlaq normaları bizim milləti geridə saxlayır, aydın insanlar bu normalara qarşı üsyan etməlidir. Qondarma tabular əl-qolumuzu bağlayıb, bu gedişlə millət olaraq bir neçə on ildən sonra tarix səhnəsindən silinib gedəcəyik. Bunun dərdini çəkməliyik, cinsi əxlaq obyektinin deyil. Bilmirəm belə bir ifadə işlətsəm necə olar: biz çalışıb tarixi əxlaqa yiyələnməliyik. Əgər mövcud əxlaq bizi savaşda məğlubiyyətə, cəmiyyətdə özbaşınalığa boyun əyməyə gətirib çıxarıbsa, o zaman bu əxlaqı rədd etməliyik. Mən şerlərimdə, bütün ictimai fəaliyyətimdə ənənəvi düşüncəni pozmağa çalışmışam. İnkar mübarəkdir!
Natiq Güləhmədoğlu: Şeirlərinizin biri belədir
"Şş...ş r hərfi olmayan aylarda şeir oxumayın". Bu şeirdə nə demək istəmisiniz? Qabaqlar deyirdilər “r” hərfi olmayan aylarda balıq yeməyin. İndi siz də “r” olmayan aylara intellektual qənim kəsilirsiniz.
- “Şeir” sözü “ş” və “r” samitlərindən əmələ gəlib, belə bir səs oyunu var bu şerdə, ancaq bu, üstdəki mənadır. İsti aylarda şeir oxumayın kimi də başa düşülə bilər, çünki soyuq aylarda insan daha həssas olur. Həm də “r” hərfiylə öz adıma işarə etmişəm, yəni, mən olmayan aylarda şeir oxumayın, çünki mənimlə şeir anlayışı sona çatacaq...
Natiq Güləhmədoğlu: Azərbaycanin indiki vəziyyəti "Arqo deyimləri"nizdə topladığınız hansı deyimlə ifadə edərdiniz?
-G.tdə qalmaq
Ayxan: 2000-ci ildə "Ekspress" qəzetinin "ilin hadisəsi" sorusunu siz və Həmid Herisçi "Öləngi" romanını hesab etdiyinizi demişdiniz. Bildiyimizə görə əvvəllər də siz Pərvizlə EQO-da bir yerdə olmuşdunuz. İndi Pərvizin sizin cərgələrdə olmaması maraqlı görünür. Yazar haqda fikriniz...
- Robindranad Taqorun bir sözü var: mən ən yaxşıları seçmirəm, ən yaxşılar məni seçir. Bunu Azad Yazarlar Ocağına da aid etmək olar, ən yaxşılar AYO-nu seçir, ikinci dərəcəlililər onun sıralarında duruş gətirə bilmirlər. Pərviz uzun müddət Rusiyada yaşadı, əlaqələrimiz yeni yaranıb və onun bizimlə birlikdə olacağına ümid edirik. Pərvizin “Öləngi” romanı haqqında mən “Bizim nəslin ilk romanı” adlı məqalə yazmışam.
Qan Tural: Axır vaxtlar niyə az yazırsınız? Axı siz bizim ən yaxşı şairlərimizdən birisiniz, bəzilərinin düşüncəsinə görə hətta birincisiniz.
- Mənim yazmaq tempim belədir. İlk kitabımdakı şerlər 20 il ərzində yazılıb, bu hesabla 20 ildən sonra ikinci kitabımı buraxsam normal sayılır.
Vüsal: Nəyə görə AYO yaranandan onun başqanı Rasim bəydir. Bu onu ehtiva etmirmi ki, Rasim bey AYB-nin sədri olsa Anardan fərqli münasibət gənclərə sərgiləməyəcək?
- AYO bir qardaşlıq qurumudur, nizamnaməsi təkcə bir cümlədən ibarətdir: “Kim özünü Azad Yazar hecab edirsə o AYO-nun üzvüdür!” Gördüyünüz kimi bu “nizamnamədə” sədrlik məsələsi təsbit olunmayıb, buna görə də mən AYO-nun sadəcə bir sıra nəfəriyəm, təşkilatın bəzi texniki məsələlərini könüllü olaraq öz üzərimə götürürəm, ondan savayı bir fərqliliyim yoxdur. Nədənsə hamı məni sədr kimi qəbul edir, mən buna iddilaı deyiləm, özümü heç vaxt sədr kimi təqdim etməmişəm, üstəlik ərəb mənşəli bu “sədr” sözündən də acığım gəlir. Sualın ikinci hissəsi ilə bağlı; AYB-nin sədri deyəndə, əgər mənim ən azı Anar qədər rəsmi statusum olsa... hər halda yalnız öz təbliğatımla məşğul olmaram.
Zamin Hacı: Rasim Qaracanın kefi necədir?
- “Oğuznamə” belə bir söz var: “Bir kişinin ki dediyi olmaya, özünü ölmüş bilə”. Hələ ki bizim dediyimiz olmayıb, kefimiz necə yaxşı ola bilər.
Zamin Hacı: Əli Bayramlının adı dəyişib Şirvan oldu. Buna münasibəti necədir?
- Ad dəyişib, ancaq məzmun qalır. Məncə Heydərabad olsaydı daha yaxşı olardı, çünki bu şəhərdə hamı Heydər Əliyev kursunun davamçısıdır.
Zamin Hacı: Müharibə şeirləri yazan Rasim bəy nə üçün Qarabağ döyüşlərində iştirak etməyib?
- Qarabağ döyüşlərində iştirak etməmişəm, bunun məsuliyyətini üzərimdə daşıyıram. 60-cı illərdə, 70-ci illərin əvvəllərində doğulan, həmyaşıdları savaşda həlak olan hər kəs bu məsuliyyəti daşımalıdır: biz həm də onların əvəzinə yaşamalıyıq, öz həyatımızla onların haqqını ödəməliyik. Bizim nəslin karması bu qədər ağırdır. Buna görə də milli haqlarımız uğrunda mübarizə bizim üçün qalan yeganə yoldur.
Elnarə: Rasim bəyi müasir Azərbaycan ədəbiyyatında necə heyrətləndirmək olar? Ümumiyyətlə heyrətləndirmək mümkündürmü?
- Sualı başa düşməyə çalışıram... Ümumiyyətlə “heyrət” son həddi ifadə edir. Mən əsəri və ya insanı qiymətləndirmədə heyrət kateqoriyasını əsas hesab etmirəm, “əgər məni heyrətə gətirmirsə demək bu pisdir” demək məncə doğru deyil, hələ biz heyrətə gələnəcən o qədər yaxşı şeylər ola bilər ki. Bu cümlədən qəhrəmanlara və qəhrəmanlığa da mən şübhə ilə yanaşıram, nə qədər tənbəl olmalısan ki, problemin həll olunması üçün qəhrəman tələb oluna, halbuki hər gün biraz-biraz çalışsaydın qəhrəmanlığa ehtiyac qalmazdı.
Ramin Deko: Rasim Qaraca demək olar ki, bütün AYOçuların kitablarının redaktoru olmusunuz? Sizin üçün bu AYOçulardan kimin daha sərbəst yazması bu redaktə zamanı aydın oldu. Daha dəqiqi hansı yazar və ya hanı əsər sizi incitmədi?
- Mən bir neçə kitabın redaktoru olmuşam, ancaq sualınıza ümumiyyətlə belə cavab verərdim; AYO-çular içərisində səliqəli və pinti yazarlar var, ən səliqəli yazarlar Rafiq Tağı və Azad Yaşardır, onların mənə və ya jurnala göndərdiyi mətnlərdə demək olar ki imla səhvləri olmur.
Eldar: Rasim Qaraca özünü rus ədəbiyyatının hansı klassiki ilə bir cərgədə tutur?
- Ən çox xoşuma gələn sual bu oldu. Ancaq cavab verməkdən ötrü gərək bir-iki il düşünəm.
Elçin: Rasim Qaraca Murad Köhnəqlanın AYO-dan niyə getdiyini izah edə bilərmi?
- Murad Köhnəqala AYO-dan gedib? Nəsə xəbərim olmayıb.
Zahir Əzəmət: Bir zamanlar Rasim bəy "yeni şeir necə olmalıdır" sualı ətrafında maraqlı yazılar yazar, bəzən həm də əyani sürətdə bunu yaradıcılığa da tətbiq edərdi. İndi niyə davam etdirmir bu yazılarını?
-Doğrusu şeir və yaradıcılıq üzərinə məqalələr yazmaq istəyirəm, imkan olduqca bunu edəcəm. Əgər “Alma” qəzeti dərc edərsə gənc yazarların yaradıcılığı haqqında analitik bir məqalə yaza bilərəm.
Ryabina: Rasim müəllim "Nobeli Azərbaycana gətirə bilərik" deyəndə AYO-dan məhz kimin bu işi görə biləcəyinə arxayın olmuşdunuz?
-Gənclərdən Aqşin, Seymur, Nərmin, Nicat Məmmədov, Cavidan, Qan Turalı, Orxan Eyp, Zahir Əzəmət, Şərif Ağayar, Ələkbər, Günel, Sevinc, Elmin Həsənli, Samir Bulut, Dalğa Xatınoğlu, İbtahim Sel yüksək yaradıcılıq potensilı olan yazıçılardır. Məncə onlara lazım olan şəraiti yaratsalar Nobelə layiq əsərlər yarada bilər. Mən bir müsahibəmdə dediyim sözü burada təkrar edə bilərəm və tam ciddiyəm; əgər Yazıçılar Birliyinə ayrılan büdcəni mənə versələr Nobelçi yazıçılar yetişdirə bilərəm. Potensial var, yetərincədir, ancaq yaxşı təşkilatçıya ehtiyac var.
Rahib: Deyirlər kimisə tənqid etmək üçün Rasim bəy yazını həmyerlisi Qan Turalının imzasıyla yazır. Bu nə dərəcədə doğrudur?
- Onu deyənlər paxıl adamlardır, iki dostun arasını vurmaq istəyirlər.
Turxan: Rasim Qaraca üçün AYO nədir? AYB Azərbaycana və Rasim Qaracaya nə verib?
- AYO yeni tərzdə düşünən, düşünməyi bacaran və bununla başqalarından fərqlənən gənc yazarların yuvasıdır. AYB haqqında danışmaq istəmirəm, çünki bu müsahibəni oxuyanlardan xoş təəssüratla ayrılmaq istəyirəm.
Vüsalə: İstədiyiniz əsəri yaza bilmisiniz?
- Gələcəkdə yaxşı bir əsər yazmaq istərdim. Hələ ki bu arzuyla yaşayıram.
Açar sözlər:
Şərhlər
Rasim bey musahibenizi..yuxaridan asagi deyil...asgidan yuxari oxudum daha maraqli olsun deye...Yeqin ki,meni tanidiniz..Erhun
May 30, 2008 10:28

Rasim bəy niyə özündən razıdı belə?
May 8, 2008 2:35