Pərviz “Yeni RUH”lu “İÇ”inin dost suallarını cavablandırır


“Ədəbiyyat mənim yaşaya bilmədiyim ömrümdü”
Seymur Həziyev: - Sizin demək olar ki, bütün nəsrinizi oxumuşam. Maraqlıdır, siz hisslərlə bu qədər yaxından işləməyi özünüz seçirsiz, yoxsa ruhunuz belə köklənib. “Öləngi”də prezident obrazı çox real olsa da, bəziləri sizi qeyri-müəyyənlikdə ittiham edirlər. Buna izahınız varmı?
- “Bütün nəsrinizi” deyəndə yəqin, “Öləngi”dəki yzıları nəzərdə tutursan. Əlbəttə, hələ dərc olunmamış, abıra salınacaqğı günü gözləyən bir xeyli yazı və ideyalar var. “Öləngi” kitabını isə mən öz doğumum haqda şəhadətnamə hesab eləyirəm. Bu romanın yazılmasından 13 il keçib və mən artıq şəxsiyyət vəsiqəsi almaq haqda düşünməliyəm. Ordu yaşım da hələ qabaqdadı və real həyatla eyniləşdirmə aparsaq, biz müharibə dövrünün adamları olduğumuzdan məni qarşıda bir savaş da gözləyir. Dövlət başçımızdan fərqli olaraq bu savaşı mən “sa-sə” şəkilçisinə tabe eləməyi düşünmürəm. Əlbəttə ki, söhbətin ədəbi dünyadan getdiyini deməyim artıqdı, ama bunu bilə-bilə yenə də deməkdən saxlanammadım.
Mənim nəsrim dediyiniz o məhsul təhtəlşüura, hətta deyərdim şüursuzluğa kökləndiyindən (bəlkə də burada bir az ifrata da varmışam) o hisslər dediyiniz nüans daha qabarıq görünür. Ruha köklənmək məsələsinə gələndə, mən bütün yazılarımda fiziki ekzistensiyadan daha çox, ruhi mövcudluğa hədsiz meylliyəm. Bu o məqamdı ki, bu gün Azərbaycanda (bəlkə də bütün dünyada) bizi məhz bu yöndə fəlakət gözləyir ki, bu ilahi bağı itirəndən sonra bizim insan adımızla heyvan adı arasında çox rahatca bir bərabərlik işarəsi qoymaq olar.
Qeyri müəyyənlik isə ruhun cövhərindədi. Həm də elə yeni doğulmuş, son dərəcə bəsit təsir bağışlayan insanın mahiyyətindədi. deyək ki, Dostoyevskini anlayan bir tənqidçi bir çağanı anlamaqda iqtidarsızdı. Onun fiziki ehtiyaclarından ibarət varlığı bizimçün nə qədər anlaşılandısa, üzündəki kədər və ya dodağının qaçması bir o qədər anlaşılmazdı.Şahvələd Çobanoğlu: - Bu, səmimi sualdır. Özümlə Qavroş arasında bir bənzərlik görmürəm. Amma nədənsə mənim əbədi qəhrəmanımdır! Yuxularıma girir, oğluma baxarkən onu görürəm. Qavroşun sehri varmı səncə? Bir yazar kimi bu obraz haqqında fikirlərin mənə maraqlıdır.
Vüsal: -“Proloq”a müsahibəndə belə fikir yer alıb “Özümdən yaxşı yazıçı tanımıram..." Rafiq Tağı “Yeni RUH”a müsahibəsində bu fikirlə razılaşmır və deyir ki, bu az oxumaqdan irəli gəlir…
- Təbii ki, bizimlə Qavroşun bir bənzərliyi yoxdu. Ola da bilməz. Biz, hələ başqalarını demirəm, səninlə mən Qavroşu çoxdan dəfn eləmişik. Ədəbi qəhrəman isə müəyyən mənada artıq “dəfn olunmuş” adam haqqında illüziyalardı. Bəlkə də elə buna görədi ki, əsərlərdəki qəhrəmanlarla həyatdakılar üst-üstə düşmür. Biri ruhi, biri isə fiziki refleksiyalarla yaşayır və adekvat da təsir buraxırlar. Qavroş bizimçün çirklənməmiş, hələ istehsal münasibətlərinə bulaşmamış idillik-metafizik bir məkandı. Mən qəsdən məkan deyirəm - yəni insan gündəlik qayğılardan, səs-küylü şəhərdən heç olmasa bir saatlığa macal tapanda, gedib Qavroşda dincələ bilər. Bu məkan həm də sənin, mənim oğlumuzdu. Qavroş bizim ağzımızın hələ isti yerdə olduğu ibtidai mahiyyətimizin əski tarixi erasıdı. Bizimçün bitsə də, bu tarix bizim övladlarımızda təkrar olunur və bəzən biz bunu retro-film kimi seyr eləməkdən heç də boyun qaçırmırıq. Qavroşun ölümü də elə-belə deyil. Bu həm də dialektikadı. Biz onu dəfn eləməliyik ki, ardıyca başqa bir qəhrəman gələ bilsin. İndi o ayrı söhbətin mövzusudu ki, Qavroşun ölümündən hansı Əliyev törəyəcək - bundan beləsi artıq sinergetikadı.
Bir obraz kimi isə, Qavroşun sehrindən daha çox, məni Hüqonun sehri vurur...
Şahvələd Çobanoğlu: - Bu sual səni bir yazıçı kimi daha da yaxşı tanımağım üçündür. Bu yaxınlarda Milan Kunderanın əsərini oxudum. "Nevınasimaya leqkost bıtiya". Dramatizm məni qane etdi. Əslində çox xoşladım. Amma fəlsəfi və metafizik mülahizələr mənə çox bəsit göründü. Bəlkə oxumamısan. Eybi yox (kitab Seymur Baycanda var). Sadəcə, bilmək istərdim, var olmanın yüngüllüyünün (asanlığının) dözülməz, ağır olduğu haqda fikri qəbul edirsənmi?
- Məni bir yazıçı kimi daha yaxşı tanımağın üçün gərək mən sənə də öz “doğum şəhadətnaməmin” bir surətini, yəni “ÖLƏNGİ”ni bağışlayam və sən də “büyük aclıqlardan” başın ayılan bir məqamda onunla tanış olasan. Mənim haqqımda hər şey orda yazılıb. Başımızın üstünü qara bulud kimi bürümüş bu hakimiyyət hələ ki, bizə ancaq “aclıq keyfi” yaşatdıra blir və bizi bir-birimizlə kitablarımız vasitəsiylə deyil, ona qarşı nə qədər vuruşa və duruş gətirə bilməyimizlə tanışdırır. Yəni mən tələbə yoldaşım, həmkarım, peşəkar qəzetçi Şahvələdi onun inqilabşılığı ilə deyil, yazmış olduğu hansısa bir kitabla tanımalıydım. İndi neynəyək ki, bizim nəsibimiz beləymiş...
Hə, əsas olan bizim yaradıcılığımızdı; hər hansı test isə qüsurludu. Əgər o kitabı ("Nevınasimaya leqkost bıtiya") Şahvələd bəy oxuyubsa, ən azı ona görə mən də imtina eləməzdim.
“Var olmanın yüngüllüyünün (asanlığının) ağırlığı” mənə ancaq paradoksal fikir təsiri bağışladı və etiraf eləyim ki, o qədər də anlamadım. Gərək görüşəndə bəyin özündən soruşam...
Şahvələd Çobanoğlu: - Andrey Platonov haqqında fikirlərin mənə maraqlı olardı.
- Bu sualın yadıma 1994-cü il mayın 18-ni saldı. Rafiq bəyin “Xalça şərqisi” bizim “Ədəbi Azadlıq”da çap olunandan sonra usta yazıçımız mənə bir hədiyyə bağışladı: Andrey Platonovun qalın qara kitabıydı. Qəribədi ki, həmin gün özüm də bu kitabı almışdım və bəlkə də biz elə eyni yerdən almışdıq.
Yazarın “Luqovıye mastera”sı elə nəyə desən dəyər. Xoşladığım 3 rus-sovet yazıçısı var: Qorki, Bulqakov və Platonov.
Turqut: - “Yaxşı əsər ortaya qoyubmu? Pərviz yaxşı yazıçılardan biri ola bilər, amma hamıdan yaxşısı yox. Hamıdan yaxşı olmaq iddiası absurddur. Mən Pərvizin yaradıcılığına ehtiramla yanaşıramsa da, onun bu fikrinə təəccübləndim. Qəzet işi ona çox mane olur”. Bunlari Pərvizin kitabına rəy yazan Rafiq Tağı deyib. Bəs Pərviz nə deyir?
- Hər bir yazıçının hamıdan yaxşı olma iddiası var, bu absurd olsa da, bunsuz mümkün deyil. Yaxşı əsər ortaya qoyduğumu heç vaxt iddia eləməmişəm. “Öləngi”nin xarakteristikasını Seymur bəyin sualını cavablayarkən verdim. Biz əsərimizin yaxşı olub-olmadığını əslində başqalarından soruşuruq. Səviyyəsinə bələd olduğumuz adamlardan. Məsələn, kitab çapa hazırlananda mən romanı Rafiq bəyə oxuyub fikrini bildirmək üçün verdim, o da oxuyub bu sualda işlətdiyi ifadəylə mənə cavab verdi: “Yaxşıdı”. Mən təbii ki, ustada inanmaq zorunda olsam da, inanmadım və bu inanmağa da Rafiq bəy kitaba yazdığı girişdə əməllicə girişibdi. Burdan həm də belə bir məntiqi nəticə hasil olur ki, “yaxşı” sözünün özü də o qədər yaxşı deyil. Qəzet işinin mənə mane olmasına qalanda, bunu özüm dəfələrlə elə Rafiq bəyə demişəm və yazmışam da. Mən dövlətin mənə verdiyi sənədlə jurnalist olsam da, özümü ədəbiyyat adamı sayıram. Qəzet dəhşətli dərəcədə mane olur. Bilirsiniz, qəzetçlilk də söz sənətidi, böyük sözün özü olmasa da. Bu, aşağı keyfiyyətli mətbəx olsa da, hər gün bu mətbəxdə eşələnəndən sonra ürəyin vurulur, iştahdan düşürsən. Hələ fiziki yorğunluğu demirəm. Rafiq bəy isə, sözə dəxli olmayan bir sahədədi və o öz naharını ürəyi istəyən kimi eləyə bilir; o naharacan, nahardan sonra şamacan gözəlcə acır və daim o haqda düşünür. İştah da ki, belədə çox məhsuldar olur. Dünyanın heç bir yerində aktiv və daimi qəzetçiliklə məşğul olan adamlar kamil yazıçı ola bilməyiblər - belə təcrübə yoxdu!..
Özgür: - Pərviz öz İÇ-inin qatlarını neçənci qapıyadək aça bilib? Açılmamış qatın çoxmu? İÇ-inin qapısının üzünə bağlı olduğu kimsə varmı? Başqa cür desək, dost ola bilməyəcəyin kateqoriyada duran kimdir?
- İçimin neçə qatdan və burda neçə qapı olduğunu necə bilə bilərəm ki, mən hələ yeni-yeni İçimin giriş qapısını aça bilmişəm. Hələ öz üzümə bağlı olan qapıların kiminçünsə açıq ola biləcəyəni zənn eləmirəm. Bircə onu bilirəm ki, bu qapıdan qaranlığın içəri daxil olması qəti qadağandı! O mənim özüm olsam belə…
ARZU: - Rafiq Tağı deyir ki, roman – yazıçının məişətiylə ən çox bağlı olan ədəbiyyat janrıdır. Pərvizin bu fikirə münasibəti?
- Məncə, burda məişət sözünü dar anlamda qəbul eləmək lazım deyil. Rafiq bəy onu nəzərdə tutur ki, roman ağır janrdı, fəhlə əməyi tələb eləyir və bu günkü məişət qayğılarının burulğanında bu janra müraciət eləmək əbəsdi. O mənada ustanı haqlı sayıram. Uşağa roman yedirtmək, uşaqların anasına roman geyindirmək çətin məsələdi. Bir qadınla bir ŞEİRİN ALTINDA bir ömür yaşamaq olar. Qadın hətta özünü xoşbəxt saya da bilər. Yox, Allah eləməsin, o qadın səninlə bir DAMIN ALTINA girsə, onda o, xoşbəxtlik haqda təsəvvürlərinə ciddi və köklü redaktələr eləməyə məcbur olacaq… Başqa cür mümkün deyil. Bu mümkün olsa, o halda artıq o qadın deyil, mələkdi.
- Rafiq bəy əslində mənim haqqımda suala yox, eləcə havadan verilən suala və o cür bir sözün istənilən müəllifinə cavab verib. Görünür, Rafiq bəy o müsahibəni oxumayıb və ya diqqətlə oxumayıb. Əslində, bu heç elə diqqət də tələb eləmir. “Özümdən yaxşı yazıçı tanımıram”ın - konteksdən çıxarılaraq qəsdən başlığa qoyulması qəzetçilik məsələsidi və bəy də bunu bilir. Konteksdə isə belədi ki, mən hələ yazmadıqlarıma əsasən özümdən yaxşı yazıçı tanımıram. Bu, ironiyadı. Bizim gerçəkliyimizdi. Ən azı o müsahibədə deyilən “sən Anar belə ola bilməyəcəksən” bunu isbatlayır. Hər kəs yaradıcılığında bir dövlət başçısıdı, öz ədəbiyyat məmləkəti var, əsərləri onun əsgərləri, onun rəiyyətidi. Bu ölkənin başqa ölkələrdən nə qədər böyük-kiçikliyinin məsələyə bir elə dəxli yoxdu. Əsas odu ki, sənin öz respublikanda əmin-amanlıq və sevgi olsun. Azərbaycan yazıçısının taleyinə olmayanlarıyla öyünmək düşüb. Neynəmək olar…
Az oxumağıma qalanda, bunu dəqiqləşdrmək üçün Rafiq bəy mənimlə hətta bir test də keçirib soruşdu ki, Tolstoyu oxumuşammı…Ramid İbrahimov: - Pərviz üçün ədəbiyyat nə deməkdir?
- Az əvvəl dedim. Başqa cür belə də ifadə eləmək olar: mənim yaşaya bilmədiyim ömrümdü ədəbiyyat.
Ramid İbrahimov:- Bir cümlə ilə özünü təqdim eləsən...
- Pərviz.Aydın: - “Azadlıq” qəzeti və AZADLIQ - bunlar bir-birini tamamlayırmı?
- Deməzdim…Dəfnə: - İnsanın İÇİNƏ önəm verən Pərviz Kvazimodani yazsaydı: a) Esmeraldaya kimi sevdirərdi? b). Sonda Kvazimodanı öldürərdimi?
- Dəfnə xanım burda lap doqquzluğa vurub. Kvazimoda – onun bizim gözümüzə eybəcər görünən siması insan içinin obrazıdı. Hüqo bu obrazla insanın üzünü astarına çevirib. Və göstərib ki, insan fiziki aləmlə təmasda öz eybəcər görünən içiylə qəbuledilməzdir. İnsan içi hətta gözəl olsa belə, bizə maddi və zəruri qayğılarıyla yaşayan, yalnız zahirdən ibarət olan adamlara öz anlaşılmazlığıyla yaddı və real dünyada yaşamağa vəsiqə ala bilməz. Bu əsər banal sevgi draması deyil, problem də Esmeraldanın kimə ərə verilməsi səviyyəsində qoyulmayıb. Bu boyda nəhəng bir ideyanı azərbaycanlıların toy məişəti səviyyəsinə endirməyi heç istəməzdim. Hüqo bu əsərdə insanın içiylə çölü arasındakı mübarizəni təsvir edib. Reallıq ürəkaçan deyil. İnsanın içi sonunda çölünə məğlubdu. Hüqo da etiraf eləyir ki, insan bu banal dünyada öz içiylə-introvertizmiylə deyil, dışıyla yaşamalıdı. Əks halda fiziki sonluq belə qaçılmazdı.
Ama məsələni cılızlaşdırılmış ölçüdə qəbul eləsək, mən bu suala sualla cavab verərdim: “Dəfnə xanım, siz özünüz Kvazimodaya ərə gedərdinizmi?”
Qan Turalı: - Yenidən dünyaya gəlsəydin, gündə neçə min işarə yazı redaktə eləmək istərdin?
- Təqribən indi oxuduğumdan 34 dəfə az… yəni ancaq öz yazımı - 3500 işarə.
Açar sözlər: pərvizlə-müsahibə
Şərhlər
Sitat: "....Başqa cür mümkün deyil. Bu mümkün olsa, o halda artıq o qadın deyil, mələkdi."
Deyəsən bu mümkün olanı görmək mümkün deyil. Necə ki ömrümüz boyu bizimlə birgə olan çiynimizdəki mələkləri görə bilmirik.
PS. Ramin, aydınlıq yaxşı şeydi. Ama suallarına cavab alanların gözləri daha aydın oldu.
Çiynimdə mələklər yanır,
Bəzəkli lələklər yanır,
hirsindən küləklər yanır,
külü tökülür üstümə...
1 May 08, 00:49
Ramin DEKO: Defne salam mumkunse Rasim QARACAya sualini ver.
Salam Ramin. Rasim Qaracanın özünü tanımıram, şerləri ilə bu günlərdə tanış oldum, içərisində gözəli çoxdur.
Ama bir qismi lap sırtıq şerlərdi, nudist çimərliyinin sakinlərinə bənzəyir.
Şairlər adətən hər misralarına belə doğma adamı kimi baxirlar, bəziləri öz şerlərini övladları sanırlar. Bu da təbiidir, çünki hər söz, cümlə yazarın içindən süzülüb gəlir.
İstedadlı gənclərimiz (Rasim bəyə gənc demək olarsa) modern, postmodern yazanda nədənsə müstəviləri qarişdırırlar məncə...
Qısacası, ona sual vermək istəmədim, sen istəsen bu fikirlərimi çatdırarsan.
Və sənə sualım var.
1 May 08, 02:14
Ramin DEKO: Rasim qaracadan sonra qonaqimiz qesem Necefzdedir
Bu şairi qonaq etmək tapşırığı "yuxarıdan" gəlib? Öz təşəbbüsündürsə, qərəzsiz təəccübümü bildirim. Və ümumiyyətlə onun şairliyinə təəccüblənirəm. Buna səbəb də "bizimki ədədbi" e-jurnalında onun Cavidanaın "Ay işığı" şerinə yazdığı şərh olub. Baxa bilərsiniz:
(http://bizimki.org/2008/02/26/ay-isigi/#more-214)
Şairdə istedad və ya heç olmazsa incə ruh olmalıdı. Belə xudpəsən və nəzakətsiz davranışlı şair necə ola bilər ki gözəl şer yazsın?

gözəldir amma shirifler derhal qara renge cevirilmelidir.oxumaq olmur bele cetindir
Aprel 29, 2008 3:03