"Yeni RUH" ziyarətçilərinin istəyini nəzərə alaraq "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin son sözünü diqqətinizə çatdırırıq.
«Mən özümü belə yaramaz intriqaların, mənəviyyatsız böhtanların, absurd ittihamların qarşısında çox təmiz, çox qüdrətli hesab edirəm»
Tanınmış türk yazıçısı Orxan Pamukun ”Mənim adım qırmızı" adlı romanında personajların birinin belə bir şikayəti təsvir edilir: “Nəzərə almaq lazımdır ki, biz bir müsəlman dövlətində rəssamlıqla məşğuluq”. Romanla tanış olanlar bilirlər ki, burada 17-ci əsr Osmanlı dövləti ərazisində yaşayan rəssamların həyatı, onların dövlət və cəmiyyətə münasibətdə tutduqları yer ətraflı təsvir edilir. “Biz bir müsəlman dövlətində rəssamlıqla məşğuluq” ifadəsi də bu kontekstdə deyilir: şəriət qanunları rəsm çəkməyin və rəssamların əleyhinə olduğu üçün dünyəvi qanunlar da onları müdafiə etmir. “Təhlükə hər zaman duyulan, hiss olunan yaxınlıqdadır” Belə bir hüquqi şəraitdə təkcə rəssamlıqla yox, istənilən başqa işlə məşğul olmaq böyük fədakarlıq tələb edir, təhlükə hər zaman duyulan, hiss olunan yaxınlıqda olur. 17-ci əsrin Osmanlı dövlətində şəriət və dünyəvi hüquqlar paralel şəkildə tətbiq edilirdi. Sultan həm də Islam xəlifəsi sayılırdı. Elə buna görə də üləmaların, təriqət başçılarının, gözü qızmış radikal dini sektaların “ölüm” fitvasının qarşısını almaq üçün dünyəvi Sultanla-Xəlifə Sultanın tərəddüdü yetərli olmurdu. Mütərəqqi meyllərin daşıyıcıları dünyəvi qanunların himayəsindən azacıq kənarda yerləşəndə, şəriət qanunları həmin şəxsləri basıb əzirdi. Indi 17-ci əsr deyil, 21-ci əsrdir. Mental dəyərlər, onların mahiyyətini təşkil edən ictimai-hüquqi baza xeyli inkişaf edib. Deməli, mütərəqqi olan ideyalar dövlətin idarə edildiyi qanunlarla qorunmalıdır. 21 əsrin ruhu hökm edir ki, dövlətin özü ən mütərəqqi olsun, cəmiyyəti daha mütərəqqi olanlara doğru istiqamətləndirsin. Biz Azərbaycanda yaşayırıq, qəzetçiliklə məşğuluq. Beynəlxalq standartlara uyğun olan qəzetçilik ənənələrinin ölkəmizdə bərqərar olmasına çalışırıq. Amma bizi öldürürlər, döyürlər, birbaşa yazdıqlarımıza görə, yaxud dolayısı ilə şərləyib həbs edirlər. Nədən? Azərbaycanın indiki inzibati idarəçiliyində həmin o 17-ci əsr məntiqləri nə üçün qabarır, təzahür edir? Bunun bir səbəbi olmalıdır. Azərbaycanda imperiya-dövlət olmayıb. Bir qədər uzaq tarixdə Şirvanşahlar və Atabəylər dövləti olub. Paytaxtı Təbriz, sonralar isə Isfahan olan Azərbaycan Səfəvilər imperatorluğu milli mentalitetin formalaşması üçün dolayısı yola müraciət edib: Şiəliyi dövlət ideologiyasına çevirməklə Turan imperatorluğundan öldürülmüş mifik Iran imperatoru Irəcin qisasını almağa üstünlük verib. Yaxın tariximiz olan 19-cu əsr feodal dövlətciklər olan xanlıqların, 20-ci əsr isə işğalçı Rus rejimi üçün işləyən dövlətəbənzər idarəetmə orqanlarının təəssüratları ilə zəngindir. 20-ci əsrin son on illiyində yenidən bərpa edilən Feodal malikanəsi, vassal ovqatı... Azərbaycan dövləti isə indi məhz həmin qarışıq təəssüratlarla idarə edilir: feodal malikanəsi kimi, vassal ovqatı ilə. Belə dövlətçilik təsəvvürlərinin doğurduğu eybəcərlikləri ifşa etdiyimiz üçün bizi - Azərbaycan jurnalistlərini hər zaman təhlükələr izləyir. Azərbaycan dövlət şəklində deyil, malikanələr şəklində idarə edilir, birləşmiş malikanələr şəklində. Açıq-aşkar görünən ortada olan, təsərrüfatları heç kimdən gizlədilməyən feodal oliqarxların simasında dövlətin görükdüyünü kim və necə sübut edə bilər? Onları adbaad da saymaq olar, amma indi vaxtınızı almaq istəmirəm. Bir qədər əvvəl 19-cu əsr Azərbaycan tarixinin feodal xanlıq dövlətlərinin təcrübəsi ilə yadda qaldığını dedim. Indi özbaşınalığa, hüquqi nihilizmə, vətəndaşların kastalara bölünməsi siyasətinə bununla bəraət qazandırmaq istəyənlər də mövcuddur. Bir neçə il əvvələ qədər məşhur olan “Azərbaycan xalqı demokratiyaya hazır deyil” deyimi ilə indi mövcud olan “Azərbaycan xalqı demokratiyaya monarxın iradəsi və təmsilçiliyi ilə qovuşur” təsəvvürlərinin arasında heç bir fərq yoxdur. Bu yanlış, qaba və cilalanmamış təsəvvürlərin nəticəsidir ki, “Azərbaycan dövləti” və “Azərbaycan vətəndaşı” ifadələri hələ də bərabər olan, mütənasib olan, biri digərini az qala istisna etməyən anlayışlar kimi təsəvvür edilmir. Dövlət mücərrəd, zorakılıq formasında, polis dəyənəyi şəklində, təzyiq vasitələri kimi təqdim edilir, beləcə də qavranılır. Hətta dövlətin yüksək vəzifə tutan şəxsləri də öncə “dövlət adamı” kimi yox, alverçi kimi, tacir kimi, yumurta, banan, taxta-şalban, qum-çınqıl, neft satan, hədsiz var-dövləti olan zəngin adamlar kimi təsəvvür olunurlar. 18-ci əsrdəki Osmanlı imperiyasının təbəələri olan rəssamlar bir-biri, həm də şəriət bəkçiləri tərəfindən ona görə təqib edilirdilər ki, bu rəssamlar yüz illərlə mövcud olmuş, ənənələri formalaşmış, məktəbləri müəyyənləşmiş Şərq miniatür sənətinə Avropa rəssamlarının perspektiv üslubunu gətirməyə cəhd edir, portret janrının üstünlüklərini müzakirə edirdilər. Ünlü yazar Orxan Pamuk həmin dövrdə mütərəqqi olana doğru istiqamətlənən bir sahədə - rəssamlıqda hansı gərgin dəhşətli psixoloji əzabların, mübarizələrin yaşandığını müfəssər şəkildə təsvir edib. Geriliklə tərəqqi arasında əzablı, dəhşətli mübarizə... Sadəcə onu əlavə etməyib ki, həmin dövrdə, ümumiyyətlə bütün dövrlərdə elmin, istehsalın, həyatın bütün sahələrində geriliklə mütərəqqi olan arasında belə əzablı, dəhşətli mübarizə yaşanır - bu əlavə romanın missiyasına daxil deyil, yaxud birbaşa daxil deyil. Amma bu gün həmin Osmanlı imperiyasının yerində qalan, həmin imperiyanın hüquqi-siyasi, hətta ictimai şüurlarda belə varisi olan Türkiyə Cümhuriyyətində rəssamları portret çəkdiklərinə görə öldürmürlər. Əksinə, əslən türk olan Britaniyalı xanım müasir rəssamlıqda ən müasir postmodernist cərəyanlardan biri kimi məşhurdur: Emin Trakeyi nəzərdə tuturam. Indi o ifrat modernizmə görə tənqid edilir. Maraqlıdır, deyilmi? Türkiyədə rəssamları rəssam olduqlarına görə öldürmürlər, həbs etmirlər, döyüb kimsəsiz küçələrə atmırlar. Amma Azərbaycanda jurnalistləri 17-ci əsr Osmanlı rəssamlarının həyatını yaşamağa məcbur edirlər. Bunun da bir səbəbi olmalıdır! 1999-cu ilin aprel ayında Təbrizdəki Sürxab qəbristanlığında dövrünün nəhəng söz ustalarından, Şərqin ən möhtəşəm şairlərindən olan Əfzələddin Xaqaninin məzarına baş çəkdim. Bunu borc saydım: Xaqani 12-ci əsrdə, dünyanın hələ söz azadlığı barədə anlayışının olmadığı zamanlarda Şirvanşahların ədalətsizliyini məsnəvilərinə, qəzəllərinə salıb onları ifşa edirdi. Xaqani təriqət davası yox, ədalət davası apardığına görə dəfələrlə həbs edildi, nəhayət Şirvanşahların paytaxtı Şamaxıdan, indiki Şimali Azərbaycan torpaqlarından didərgin salındı. Daha bir Azərbaycan sözçüsü Imadəddin Nəsimi dərisi soyulmaqla edam edildi, Hələbdə basdırıldı, bircə yüz il keçəndən sonra. Amma hələ Şəriət qanunlarının hökmünün işlədiyi zamanlarda səssizcə bəraət aldı. Zamanının sufisi Şeyx Şah Ismayıl Xətai dərisi soyulmaqla edam edilən bu nəhəng söz adamının sözünə qahmar çıxdı: “ənəlhəq” ruhlu şerlər yazdı. Mövlana Məhəmməd Füzuli məktəbinin Füzuliyə bərabər yetirməsi Seyid Əzimi mütərəqqi olana can atdığına görə sözün həqiqi mənasında sıxışdırıb, divara pərçimləməklə qabırğalarını qıraraq öldürdülər. Bu misalları 12-ci əsrdən tutmuş 19-cu əsrə, hətta 20-ci əsrin əvvəllərinə doğru uzadıb demək olar. Yəni, xatırlatmaq istəyirəm ki, Orxan Pamukun təsvir etdiyi 17-ci əsr Osmanlı imperiyası hüdudlarında mövcud olan repressiyalar həmin zamanların Azərbaycanında da mövcud olub. Təkcə Şərqdə yox, hətta Orta Əsr Avropasında da mütərəqqi olan, doğrunu söylədiyinə görə insanlara əzab verən, “dövlət” adlanan repressiya alətləri mövcud olub. Amma indi bu alət, yəni “dövlət” adlanan repressiya aləti dünyanın ən geridə qalmış ölkələrində mövcuddur. Həm də ən pis diktatorların hökmü altında. Azərbaycanda müstəqil jurnalistika bu səbəbə görə təqib edilir: mütərəqqi olanı öz ölkəsində görmək, yaşamaq istəyən Miskin, zəlil, rəzil günə salınmış dövlət mənafeyi... Azərbaycan vətəndaşlarının danışan dili, düşünən beyni olan Azərbaycan jurnalistləri buna görə əzablara məruz qoyulur. Təqib edilən jurnalistika korrupsiyanı ifşa edən jurnalistikadır. Onlar istəyirlər ki, millətin sərvətləri, haqqı, hüququ haram və əyri yollarla varlanan feodalların imtiyazına, əmlakına çevrilməsin. Buna qarşı dövlət mübarizə aparmalıdır, aparmır; jurnalistika öz sözünü deyir, dövlət isə həmin bu jurnalistikanı boğur. Nədən? Səbəb sadədir. Dövlət hakimiyyəti bu feodallar tərəfindən qəsb edilib. Diqqət edin: Azərbaycanda dövlət hakimiyyətində təmsil olunmayan bircə nəfər də milyonçu yoxdur. Dövlət adından hökm edən, əlində möhür və səlahiyyətlər cəmləyən feodalların isə hamısı var-dövlət, milyonlar sahibi olub. Onlar dövlət adından səlahiyyəti mənimsəyir, əvvəlcə bu səlahiyyətlərə güvənib, onlardan sui-istifadə edib iri feodallara çevrilir, sonra isə adına “dövlət mənafeyi” deyilə biləcək hər şeyi təsərrüfatlarının mənafelərinə qurban verirlər. Miskin, zəlil, rəzil günə salınmış dövlət mənafeyi isə vətəndaşların hüquqlarının təminatçısına yox, onların qəniminə çevrilir. Azad jurnalistika buna görə dövlət səviyyəsində təqib edilir. Çünki bir tərəfdə işləməyən, fəaliyyətdə olmayan Konstitusion normalar, o biri yanda isə aqressiv feodalların işlək hökmləri var. Bu ölkədə feodal olmayan bircə nəfər yüksək mənsəbli dövlət məmuru yoxdur. Onlar üçün Azərbaycan müqəddəs Vətən, müqəddəs dövlət yox, gəlirli bir obyekt, təsərrüfat sahəsidir. Bu yanaşma isə bizim milli təhlükəsizliyimizin əsaslarını sarsıdır. Diktatorların cəmiyyətə sırımaq istədiyi saxta ideologiya və saxta dinlər... Söz azadlığından, insan haqlarından məhrum edilmiş cəmiyyət heç bir halda güclü, qüdrətli, müqavimət qabiliyyətli ola bilməz. Diktatorların cəmiyyətə sırımaq istədiyi saxta ideologiya və saxta dinlər isə cəmiyyəti hansısa ali məqsədlər naminə səfərbər etmək üçün yox, onu kölə sürüsünə çevirib harın və müftəxor elitanın maddi maraqlarının tələb etdiyi istiqamət və tərəflərə qovmaq üçün yarayır. Bu, yaramazlıqdır və Azərbaycanın azad jurnalistikası bu yaramazlığa qarşı çıxır, çıxacaq. Azərbaycan ta erkən orta əsrlərdən mütərəqqi ideya daşıyıcılarının yorulub-usanmadan mübarizə apardığı, təqib edildiyi, öldürüldüyü, həbslərə atıldığı bir ölkədir. Bu ölkənin ərazisində yaşayan, bu millətin bağrından qoparaq orta əsrlərin cəhalətinə qarşı parlaq inqilabi örnəklər qoyan mütəfəkkir sufi əcdadlarımızın sayı və sanbalı əlinə qılınc götürüb, top-tüfənglə silahlanıb diktatorlara, despotlara qarşı mübarizə aparan əcdadlarımızın sayından qat-qat çoxdur. Xilafət dövründən Rus imperiyası dövrünə qədər Azərbaycan işıqlı ideyalar mənbəyi olaraq məşhurdur. Həmin orta əsrlərdə - dünyanın qaranlıq zamanlarında Azərbaycanın mütərəqqi fikir adamlarının mübarizəsi daha pessimist olduğu üçün onlar daha fədakar olmalı idilər. Indi dünyada qaranlıq ləkələrin işıqlı aləmdən hiss olunan dərəcədə az olduğu zamanda işıqlı ideyalar naminə mübarizə aparmaq da bir fədakarlıq sayıla bilər, amma xoşbəxtlikdən bu fədakarlıq indi dibsiz pessimizm quyusunda deyil. Bu fədakarlığı hətta bu cəmiyyəti buxovlamaq, onu əsarətdə saxlamaq üçün siyasi kapitala çevrilən neft quyularında da dəfn etmək mümkün deyil. Təbii ki, mənim çıxışım özümün təqsirsizliyimi sübut etmək üzərində qurula bilməzdi. Mən özümü belə yaramaz intriqaların, belə mənəviyyatsız böhtanların, absurd ittihamların qarşısında çox təmiz, çox qüdrətli hesab edirəm. Ittiham tərəfi özünün günahsızlığını sübut etməlidir və prokurorun aqrssiv çıxışını da, əslində ittiham tərəfinin özünü müdafiə taktikası, həm də uğursuz müdafiə cəhdi kimi dəyərləndirirəm. Amma mən onun fərqindəyəm ki, ittiham tərəfi neçə illərdir Azərbaycan jurnalistikasına divan tutan inzibati qaragüruhun müdafiəsi ilə məşğuldur, buna öyrəncəlidir. Əgər, nəhayət mərhum Elmar Hüseynovun qatillərini bir gün gizlətmək mümkün olmayacaqsa, həmin bu ittiham tərəfi belə bir ittihamı müdafiə edəcək: Elmarı öldürəndən sonra pilləkənlərdən sürətlə düşən, hadisə yerindən qaçmalı olan qatillərdən birinin ayağı burxulub və mərhum Elmar Hüseynov buna görə cavab verməlidir. Yaxud, Bahəddin Həziyevi şikəst edən muzdlu quldurların avtomobillərinin salonu qanla bulaşdığına görə onlar mənim dostum Həziyevə qarşı iddia qaldıracaqlar, ittiham tərəfi də bu ittihamı müdafiə edəcək. Sizi əmin edirəm ki, Azərbaycan feodallarının hakimiyyətdə olduğu indiki gerçəklikdə bunlar çox real görünür. Bu günlərdə daha bir Azərbaycan jurnalisti, şübhəsiz, daha bir siyasi sifariş əsasında vəhşicəsinə döyülüb: “Azadlıq”ın əməkdaşı Aqil Xəlil siyasi hakimiyyətin qəzəbinə tuş gələn növbəti qurbanlardan biri oldu. Bu, bizim ölkəmizdəki hakimiyyətin əvəzolunmaz şakəridir. Insanları bütün mümkün təzyiq vasitələri ilə qorxutmaq, onları başqa cür düşünmək imkanlarından məhrum etmək. Qaba vərdişdir, amma olanı budur. “Sözün azadlığı Allahın iradəsinin görsənişidir” Hər il dünyanın mötəbər təşkilatları dünya dövlətlərini siyasi əlamətlərinə görə təsnifləşdirir. Azərbaycan, hər il bu təsnifat cədvəllərində qaba diktaturaların hökmran olduğu ölkələrin sırasında yer alır. Özü-özlüyündə “diktatura” sözü bəlkə də çoxlarına bütün mahiyyəti, psixoloji-fəlsəfi əsasları ilə çatmır. Bu nə deməkdir və Azərbaycanın siyasi hakimiyyəti, dövlət hakimiyyəti nə üçün burada dayanır? Söz ilahi mənşəyə malikdir. Deməli, sözün azadlığı ilahi hikmətin mahiyyətini müəyyən edir və Allahın iradəsinin görsənişidir. Söz azadlığı ictimai şüurun ali atributlarından biridir. Bəşəriyyətin min illərdən bəri cilalanan təcrübəsi həm də onu sübut edir ki, dövlət hakimiyyəti ictimai iradəninin ali formasıdır. Dövlət hakimiyyəti insanları zorla idarəetməyə üstünlük verəndə, o, primitivləşir, arxaik olur, heyvani instinktlər üzrə davranır. Müasir mütərəqqi dövlətçilik nəzəriyyələri və praktikası isə bunun əksinədir: Dövlət vətəndaşları inandırmaq yolu ilə idarə etməyə üstünlük verir. Bu da təbiidir, tarixi təkamülün nəticəsi, məhz bu şəkildə olmalıdır. Heyvani, bioloji üstünlüyün təmin edilməsinə hesablanan primitiv dövlətçilik təcrübəsi bəşəriyyətin keçmişidir. Çox təəssüf ki, Azərbaycanda da həmin primitiv və əski təsəvvürlərdən imtina etməyi bacarmayan siyasi hakimiyyət mövcuddur. Azərbaycan jurnalistlərinin döyülməsi, öldürülməsi, şər və böhtan əsasında həbs edilməsi də siyasi hakimiyyətin ali iradə deyil, ibtidai instinktlər vasitəsilə tətbiq edilməsinin görsənişlərindəndirdir. Sonda bu işdə məni başdan bəri müdafiə edən həmkarlarıma və mənim günahsız olduğumu məndən daha yaxşı çatdırmağı bacaran vəkillərimə təşəkkür edirəm!
Açar sözlər:

