Rasim QARACA
Dəniz
Çimərlikdə
qeyri-adi amma
heç kəsin diqqət vermədiyi
bir hadisə.
Şezlonqa uzanmış
bu qocanın yanından keçib
dənizə tərəf addımlayır
gənc ərlə arvad.
Qızıl rəngə boyanıb
saçları qadının
yerişindən
kübarzadə olduğu bilinir
günəşin və dənizin həsrəti var
ağ bədənində
yenicə pozulmağa başlayıb
qamətində gənclik cizgiləri
bir qarın doğduğu da bəlli.
Yanındakı dəmir biləkli
sanki
əl-ələ tutuşduğu bu gözəli
qol gücünə qazanıb.
Yaşlı adam
başını dikəldib
onların arxasınca zəndlə baxır
günəşin bol olduğu
bu qumlu sahildə
nədənsə qüssə doğurur
əl-ələ tutub
gənclikdən yaşlılığa girər kimi
duzlu sulara girən
kişi və qadın.
Çimərlikdə
su dayaz olduğuna görə
kiçik bir nöqtə oluncaya qədər
dənizin içərisinə doğru
addımladılar
sonra
gözdən itirdi onları qoca
dənizdə çimişən
neçə-neçə insanın arasında.
Sanki
əl-ələ tutmuş bu iki insan –
qızıl saçları olan o qadın
və yanındakı pəhləvan
elə öz ömürlərinin içərisində
əriyib
yox oldular…
***
Zaman
TəsadüfənZahid Xəlilov küçəsində
5 nömrəli çörək zavodundan
Yasamal gölünə tərəf uzanan səkidə
arvadı ilə axşam gəzintisinə çıxmış
hündürboylu qocanı tanıyıram
20 il əvvəl
leytenant Şmidt adına zavodda
işlədiyim zamanlarda
mənə yaxşılıqlar etmiş –
başı eşq macəralarından ayılmayan cavan oğlanı
ev növbəsinə yazdırmış
maaşını artırmış
bir erməni ilə dalaşma üstündə
həbsxanaya düşməkdən qorumuş –
həmən o adam
şəhərdən çıxıb getmək istərkən
israrla getmə qal deyən
həyatım boyu rast gəldiyim
çox nadir xeyirxah insanlardan biri
özüdür ki var
yaşı 70-i haqlayıb
əvvəlki qədd-qamətindən
əsər-əlamət qalmayıb
görünür təmiz havada gəzməyə ehtiyacı var
hər halda həkimlər buyurub
zaman
insanın alicənab
xeyirxah olduğuna baxmadan
keçər.
Yaxınlaşıb ona
bir vaxtlar etmiş olduğu yaxşılıqlara görə
təşəkkürümü bildirmək
titrək əllərini sıxmaq istəyirəm
çünki
bəzi yaxşılıqlarının dəyərini
yalnız indi
20 il keçəndən sonra
təmənnasız yaxşılıq edən insanların
bu qədər az olduğunu
artıq öz həyat təcrübəmdən bildiyim üçün
anlamağa başlamışam.
Ancaq bunu etmirəm
yaddaşım kilidlənib
nə idi
nə idi
axı nə idi onun adı
çoxdan
unutmuşam.
***
Yol
Navahı kəndi ilə
Hacıqabul arasında
indi İpək Yolunun keçdiyi
boyük yolun kənarında
köhnə
yapalaq bir yeməkxana var.
Cəmi bircə dəfə
yemək yemişəm
həmin yeməkxanada
uzun səfərdən qayıdıb
evə çata-çatda
axşam çağı
Ət Əlinin kəsdiyi
yağlı qoyun kababının
dadına baxmışam.
Əgər bir də
həyatım boyu
buralardan getsəm
məsələn Rusiyaya
ya da, nə bilim
axır ki hara olursa olsun
uzaq bir yola çıxsam
evdən ötrü burnumun ucu göynəsə
günlərin bir günü
bir möcüzə əsəri
3 min kilometri arxada qoyub
geri qayıtsam
cəmi yarımca saatdan sonra
ürəyim istəyən adamları
təsəvvür edin
anamı görmək imkanım olsa
bir zaman olduğu kimi
maşını əylədib
Hacıqabul yolundakı
həmin o nimdaş yeməkxanada
bir ayağının altına
kibrit qutusu qoyulmuş
masanın arxasında
bizim tərəflərdə Cılfır Ramiz deyilən
məktəb yoldaşım
taksi şoferi ilə
adama yüz-yüz araq vurub
üstünə reyhan səpilmiş lüləkabab yeyərək
qürbətin acısını canımdan çıxarmadan
həyatda bütün arzularına çatmış adam sayağı
arın arxayın
bir siqaret də püflədib
açıq havada bozaran harami dağlarını
ürək dolusu seyr etmədən
yola düşməyəcəm.
Maşınlar vıy-vıy ötdükcə
yol kənarında göbələk satan uşaqlara baxıb
gülməli də olsa
elə buradaca
həyatın mənasını düşünəcəm
üsətəlik
anam da
artıq bu dünyada olmasa…
Açar sözlər:


