Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!
Zamin HACI
Xalqımız 15 illik bərbad siyasətin “meyvələrini” dərir
Ağlım kəsəndən bir sözə həmişə təəccüblənmişəm, həm də ironik yanaşmışam: camaatımız çörəyə əl basıb and içəndə “bu Quran haqqı”, deyir. Müsəlmanların dini kitabını çörəklə eyniləşdirmək gerçəkdən məzəlidir.
Özəlliklə, buğda yeyib cənnətdən qovulmağımız nəzərə alınsa.
Azərbaycanda avtoritar monarxiya rejimi qurulub və dünya təcrübəsindən məlum olduğu kimi, istənilən avtoritar sistem üç dayaq üzərində durur: çörək, tamaşa, zopa. Hazırda yaptokratların tamaşa və zopa sarıdan problemi yoxdur. Amma uca xalqımızı çörəklə təmin etməkdə çətinliklə üzləşiblər.
Durumun ağır olduğunu hələ ötən həftə deputat Pənah Hüseyn qəzetimizə intervüsündə söyləmişdi. Bir tanışı bəyə deyib ki, evinə bir kisə un alıb qoysun. Pənah bəyin bu dəyərli məsləhəti yerinə yetirib yetirməməsinin əhəmiyyəti yoxdur. Lakin bir ölkədə deputat un ehtiyatı görməyə məcburdursa, ona belə bir tövsiyyə olunursa, camaatın nə gündə olduğunu təsəvvür eləmək çətin deyil.
Artıq ölkənin hər yerindən çörəyin bahalaşması, un qıtlığı xəbərləri gəlir. Hökumət iqtisadi inkişaf naziri Heydər Babayevi Qazaxıstana taxıl dilənməyə göndərib. İlham Əliyev Kəmaləddin Heydərovun fövqəladə “yığıcılıq” qabiliyyətini nəzərə alıb taxıl haqda qanunun icrasını, o cümlədən, Dövlət Taxıl Fondunu Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verdi. (Yəni, çörəyi ver çörəkçiyə, birini də üstəlik). Ola bilsin, Heydərovun qoçuları indən sonra məhşur “Axırıncı aşırım” filmindəki kimi, ev-ev gəzib gizlədilmiş taxıl kisələrini axtaracaqlar. Ümumiyyətlə, bu qədər səlahiyyətdən sonra yoldaş Heydərovun musiqi fəaliyyətinə vaxt tapması müşkül görünür. (Hərçənd, keçmiş sevimli liderimiz Leonid İliç Brejnev demişdi: “Çörək olarsa, mahnı da olar”) İçində yaşadığımız evlər, xəstələnəndə üstümüzə gələn təcili yardımlar, yansaq söndürülməyimiz, acsaq çörəyimiz... hamısı Heydərovdan asılıdır.
İqtidar bir ara “Hərəyə bir ağac əkək” kampaniyası keçirdirdi. Doğrudur, kampaniya Zeytun bağlarının qırılması ilə bitdi, ancaq nə ziyanı? İndi isə “Hərəyə bir kisə un alaq” kampaniyasına start verilmişdir. 15 ildir baş-beynimizi iqtisadi inkişaf, 6 milyon yeni iş yeri, nə bilim, səmərəli neft strategiyası ilə xarab edən hakimiyyət indi xalqı çörək imtahanı ilə üz-üzə qoyub. “Bölgənin lideri” olan dövlətin sakinləri un kisəsi dərdi çəkməlidirmi?
İqtidar başbilənlərinin “KVN” azarkeşi olduğu məlumdur, o üzdən “Bakılı oğlanlar”ın köhnə bir tamaşası yada düşür. Orada Bəhram Bağırzadənin yaratdığı tipaj Nazarbayevi qarşılamağa (indi Heydər Babayev də Qazaxıstanda o gündədir) çıxır, məhəllə dostlarına çoxlu pul xərcləməyindən hap-gopa basır, axırda isə deyirdi: “Min manat olsaydı evə çörək alardım”.
Ölkə beş-on manat neft pulu qazanır, o da deyəsən un almağa gedəcək. İşin bir qəribəliyi də odur ki, hazırda dünyada taxıl qıtlığının yaranma səbəbini taxıldan bioyanacaq alınmasında görürlər. Yəni, Azərbaycan bir növ yanacaq satıb yanacaq almaqla məşğuldur.
Nə etməli? Misirdəki avtoritar rejim xalqın çörəklə təchizatını çoxdandır hərbçilərə tapşırıb. Bəlkə bizdə də bu cür olsun? Səfər Əbiyev onsuz “lazım”ı gözləyir, qoy gedib çörək bişirsin. Hərçənd, mən bir dəfə yazmışam, yenə yazıram: dünyadakı taxıl böhranı ümummilli əmimiz Calal Əliyevin haqsız sıxışdırılmağı ilə bağlıdır. Planetin əsas taxıl mütəxəssisi küncə qoyulanda çörək böhranı yaranmalıydı.
Bərəkət haqqı, düz deyirəm...
Açar sözlər:


Hele Bu ? Musavatin Hele Bacardigi 10 gəp'lik Qelemle Bele sheyler yazmaqdi ?
May 18, 2008 21:45cox abirsiz insanlarsiniz yaxshiki ikdidar deyilsiniz bu millet yoxsa ne derer cox gozel bilirsiniz Sizin uje bu yalan dolan Yalnizca Gulmek ucun oxumaq olar yoxsa musavat Prikol Qazeti olur
Bu Sherhi silmeyin Demakratik blog