YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

                                                    

                      Şahvələd Çobanoğlu 

  İnkişaf nağılı başa çatır

(İnsanı ucuzlaşan ölkədə bahalaşma)  

Hakimiyyətin inkişaf nağılı bitmək üzrədir. İqtisadi tərəqqi, ÜDM-in artımı, yeni iş yerlərinin açılması haqqında İlham Əliyevin başlatdığı təbliğat kampaniyası istər-istəməz dayanır. Daha doğrusu, dayanmaya bilmir.

 

Birinci səbəb odur ki, eyni yalanları uzun müddət davam etdirmək mümkün deyil. Üstəlik, bu, inkişaf haqqında yalandırsa, gərək yalanı da daim inkişaf etdirəsən. Bir gün durub deyəmməzsən ki, artıq inkişafa nail olduq, bu gündən inkişaf sona yetir. Daha bir səbəb göydən düşdü: ölkə daxilindəki bahalaşmaya dünyanı ağzına alan qiymət artımının yeni dalğasının qoşulması. Yaranmış ajiotaj ilk günlərdən öz təsirini göstərdi. Inkişaf nağılı Ilham Əliyevin Biləsuvarda əhali qarşısında çıxışında özünün enmə mərhələsinə keçdi: “Bahalaşma tək bizdə deyil, bütün dünyada gedən prosesdir.” Elə həmin çıxışında qiymətlərin qalxmasının Azərbaycanda aztəminatlı ailələr üçün xüsusilə ağır olduğunu etiraf edən prezident hökumətə bu problemi həll etmək göstərişi verdiyini də söylədi. Bu, Ilham Əliyev tərəfindən PROBLEMLƏRin ilk etirafı idi. Düzdür, bu fikirlər həm də həmin problemlərə - əhalinin rastlaşdığı çətinliklərə haqq qazandırmaq cəhdi idi. Guya prezident və onun hökuməti ölkədəki bahalaşmaya görə heç bir məsuliyyət daşımır. Sanki bahalaşma Allahın qəzasıdır və dünyada hər kəsin başına gəlib. Və guya 2007-ci ilin yanvarında bizim ölkədə bahalaşmaya təkan verən məlum qərar olmayıb. Amma bütün hallarda, Ilham Əliyevin bu çıxışı problemlərin etirafı və inkişaf öyünmələrinin başa çatması idi. Ajiotaj qərarlarda da duyulur. Taxıl probleminin həlli Fövqəladə Hallar nazirliyinə tapşırıldı. Yəni vəziyyətin fövqəladə olduğu görünür. Neftə arxalanıb xalqına və az qala dünyaya meydan oxuyan hakimiyyət kartof-soğan, arpa-buğda problemi ilə üzləşir. Bəlli olur ki, neftlə hər şey həll olunmurmuş. Inkişafla başını aldatdığın kütlələrə bundan sonra nə deyəcəksən? “Neft-neft” deməklə ağızda çörək olan deyil. Bir sözlə, dünyada ucuz ərzaq əsrinin bitməsi bizim hakimiyyəti əməlli-başlı sarsıdıb. Indi yalanlar bir-bir ortaya çıxacaq. Daha ucadan səslənəcək. Bundan öncə də bir neçə dəfə yazmışıq. Bizim başımız inkişaf yalanlarını dinləməyə qarışdığı dönəmlərdə Azərbaycanın kənd təsərrüfatı daha ağır bir tənəzzül yaşayırdı. Hazırda hakimiyyətin çox öyündüyü ÜDM-də kənd təsərrüfatının payı 8 faizə düşüb, amma ötən illərdə bu rəqəm 32 faiz idi. Bəs hanı inkişaf?! Amma istənilən təhlil göstərir ki, ərzağın bahalaşmasından tutmuş taxıl aciotacına qədər bütün məsələlər Azərbaycan üçün ciddi problem deyil. Bizim ölkə üçün əsas problem ucuzluq problemidir. Insanın qiymətinin ucuzluğu, xalqın qiymətinin yoxluğu, haqlarımızın aşağı qiymətdə olması. Axı bizi bahalaşma ilə yanaşı haqlarımızın ucuzlaşması əzir. Hələ bahalaşmadan da çox! Dünən Insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın “ombudsmanının seçilməsi” ilə bağlı bəyanatını oxudum. Elmira xanım haqlı olaraq Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsində separatçı qüvvələrdən ibarət qanunsuz rejimin “ombudsman seçkisi”ni qeyri-hüquqi hərəkət sayır. Bildirir ki, Azərbaycan Respublikası ərazisində yalnız onun qanunları əsasında yaradılmış qurumlar hüquqi statusa malikdir və o, insan hüquqları üzrə müvəkkil olaraq ölkə ərazisində yaşayan bütün əhalinin, həmçinin Dağlıq Qarabağ bölgəsində yaşayan əhalinin hüquqlarının müdafiəsində səlahiyyətlidir. Doğrudur, tamamilə düzdür. Amma Elmira xanım ölkənin separatçıların və işğalçıların nəzarətində olmayan ərazilərimizdə insan haqlarını qoruya bilirmi?! Istəsə də qoruya bilməz. Bahalaşmadan da böyük problem budur. Hüquqlarımızın ucuzlaşması!

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 26, 2008 19:57 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 669

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha